AMEA-nın Qafqazşünaslıq İnstitutunda nəşr olunmuş kitabların təqdimatı keçirilib.
Tədbiri institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. O bildirib ki, institutun əməkdaşlarının elmi-təhlil nəticələri, göstərilən təkliflər və tövsiyələr hər il fundamental əsərlərdə əksini tapır, nəşr edilir və Azərbaycan Respublikasının dövlət orqanlarına, həmçinin akademik dairələrə göndərilir. Azərbaycan dövlətinin maraqlarına xidmət edən elmi əsərlər yüksək elmmetrik bazalarda yerləşən jurnallarda dərc edilir. İnstitut əməkdaşlarının Azərbaycanda 51 monoqrafiya və kitabı, xarici ölkələrdə 10 kitabı nəşr edilmişdir. 2024-cü ildə institutun 10 kitabı - 3 monoqrafiya, 2 kollektiv əsər, “Qafqazşünaslıq” elmi-nəzəri jurnal, “Qafqazşünaslığın aktual problemləri (məqalələr toplusu)” və 3 konfrans materialları nəşr edilmişdir.
R.Dadaşova onu da qeyd edib ki, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının yazdığı “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024)” adlı monoqrafiyanın təqdimatı dekabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşovanın yazdığı “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” adlı monoqarfiyanın təqdimatı isə mayın 8-də Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş tədbirdə keçirilib.
Sonra institutun şöbə müdiri f.ü.f.d., dos. Vahid Ömərov, Naziyə Məmmədova, Nigar Mustafayevanın yazdıqları “Gürcüstan–Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” adlı kitab təqdim edilib. Mötəbər mənbələr əsasında yazılmış elmi əsərdə Gürcüstan–Ermənistan münasibətlərinin qurulması, mövcud vəziyyəti və problemləri araşdırılmışdır. Əsərdə istifadə edilən elmi materialların əksəriyyəti elmi dövriyyəyə ilk dəfə cəlb edilib. Qeyd edilib ki, kitabın ideya müəllifi və elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır. Kitabın rəyçilərindən olan t.e.d., prof. Qasım Hacıyev, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli kitab haqqında fikirlərini bölüşüblər.
F.ü.f.d., dos. Vahid Ömərov kitabın necə ərsəyə gəlməsindən və yazılmasında məqsəd və vəzifələrdən bəhs edib.
İ.e.f.d., dos. Liliya Mirzəzadə, Günay Feyziyeva, Şahnaz Rəhimovanın yazdıqları “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” adlı kitab təqdim edilib. Müxtəlif mənbələrdən istifadə edilərək əsərdə Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarının tarixi, demoqrafik vəziyyəti, sosial-iqtisadi, siyasi şəraitində ermənilərin iştirakı araşdırılmışdır. Qeyd edilib ki, kitabın ideya müəllifi AMEA-nın müxbir üzvü Musa Qasımlı, elmi redaktor f.ü.f.d., dos. Vahid Ömərov, rəyçilər t.e.d., prof. Qasım Hacıyev, t.ü.f.d., dos. Elnur Kəlbizadədir.
Həmmüəlliflərdən Günay Feyziyeva və Şahnaz Rəhimova kitab haqqında fikirlərini bölüşüblər.
S.e.ü.f.d. Samirə Həbibbəylinin yazdığı “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri” adlı monoqrafiya təqdim edilib. Müəllif kitabın yazılmasında məqsəd və vəzifələr, əldə edilən elmi nəticələr haqqında məlumat verib. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Musa Qasımlıya, rəyçilər siyasi elmlər doktoru, professor Elman Nəsirov və siyasi elmlər doktoru Hikmət Babaoğluna kitabı oxuyub dəyərli fikirlərini bildirdikləri üçün, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən akademik Muxtar İmanov, siyasi şərhçi Elşad Həsənov, Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı kitablarla bağlı fikirlərini bölüşüblər. Azərbaycan elmi üçün dəyərli elmi tədiqat işi olduğunu bildiriblər.
Qafqazşünaslıq İnstitutunun elmi katibi p.ü.f.d., dos. Südabə Hüseynova, direktor köməkçisi Məzahir Sadıxov nəşrlər haqqında öz fikirlərini bildirib, müəllifləri təbrik ediblər.
Sonda kitabın müəllifləri tədbir iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər.
İnstitutun direktor v.i.e. siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova müəllifləri təbrik edib, iştirakçılara təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.