Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.06.2024 14:19
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası elmi seminar keçirib

Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası elmi seminar keçirib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası gənclərin növbəti elmi seminarını keçirib.

Tədbirdə institutun baş direktoru akademik Akif Əlizadə və icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirak ediblər.

Seminarı giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev təqdimat üçün sözü doktorant Ruslan Məlikova verib.

Ruslan Məlikov “Seysmik kəşfiyyatda süni intellekt üsulların tətbiqi” mövzusunda (elmi rəhbər yer elmləri üzrə elmlər doktoru Qulam Babayev) təqdimatla çıxış edib.

Məruzədə əsasən seysmik məlumatların interpretasiyası mərhələsində süni intellektin (AI) tətbiqinə diqqət yetirilib. AI-nin izahı üçün əsas metod olan maşın öyrənməsi (ML) konsepsiyaları təqdim olunub. Seysmik kəsilişdə qırılmaların interpretasiyası üçün əvvəlcədən öyrənilmiş ML modelindən istifadə nümunəsi göstərilib. Model, qırılmaları tez və dəqiq şəkildə müəyyənləşdirir.  Modeldə rənglər modelin etibarlılığını göstərmək üçün istifadə olunur. Modelin qırılmaları üçölçülü məkanda effektiv şəkildə interpretasiya etmək qabiliyyəti vurğulanıb. Yəni bu da qırılmaların identifikasiyasını sürətləndirir və yaxşılaşdırır.

Sonra magistrant Səyyad Yunusov “Böyük Qafqazın cənub yamacının Duruca zonasının geoloji quruluşu və metallogeniyası (yeni məlumatlar əsasında)” mövzusunda araşdırmalarını təqdim edib. Bu işin məqsədi geoloji, petroloji və geokimyəvi məlumatların təhlilini, Duruca struktur-formasiya zonasında geniş yayılmış orta yuranın aalen yaşlı aspid və terrigen-flişoid formasiyaların çöküntülərinin yayılma qanunauyğunluğunu öyrənmək və onların petroqrafik, petroloji və geokimyəvi xüsusiyyətlərini araşdırmaq, tədqiqatlar zamanı götürülmüş nümunələr əsasında bu formasiyanın süxurlarının hansı minerallardan, mikroelementlərdən ibarət olmasını təyin etmək və zona daxilində geniş yayılan filizləşmə sahələrinin perspektivliyi haqqında proqnoz verməkdən ibarətdir.

Tədbirdə hər iki təqdimatda qeyd olunan elmi fikirlər iştirakçıların diqqətini cəlb edib. Həmçinin məruzələrə dair çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: