Abşeronda park, bağ, bulvar, küçə, meydanlar abadlaşdırılarkən Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən introduksiya olunan dekorativ ağac, kol və ot bitkilərindən müxtəlif formalarda kompozisiyaların tərtibatı Bakı şəhərini daha da gözəlləşdirərək abadlıq-quruculuq işlərinə öz töhfəsini verir, insanların rahat, səmərəli istirahəti üçün şərait yaradır.
Tədbirlər sistemində ətraf mühitin sağlamlaşdırılması üçün mühüm vəzifə şəhərlərdə yaşıllıqların yaradılmasıdır. Keçmiş illərin bir çox dekorativ kompozisiyaları yeni tikililər, müasir şəhər və evlərin formaları üçün uyğun deyil, buna görə də küçələri və parkları bəzəmək üçün landşaft dizaynı üslubunda yeni kompozisiyalar yaradılmalıdır. Abşeronun dəyişkən iqlim şəraitində park və bağlarda bitki müxtəlifliyinin öyrənilməsi landşaft dizaynının inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun “Landşaft memarlığı” laboratoriyasında elmi-tədqiqat işləri aparılır. Elmi-tədqiqat işlərində park və bağlarda kompozisiyaların tərtibatı, bitkilərin kompozisiyalarda bioekoloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması qaydaları, müxtəlif əkinlərdə bitkilərin istifadə perspektivləri öyrənilmiş, şəhərin landşaft dizaynında istifadə üçün ağac, kol və ot bitkiləri tövsiyə edilmişdir. Abşeronun park və bağlarında müxtəlif kompozisiya formaları müntəzəm üslubda - həndəsi formalı (düzbucaq, kvadrat, dairə, romb və s.) və landşaft və ya mənzərəli üslubda - orijinal formalı (güllük, labirint, buta və s.) tərtib edilmişdir. Həndəsi formalı kompozisiyanın mərkəzində həmişəyaşıl ağac və kollar, kənarlarında ot bitkiləri, orijinal kompozisiyalarda isə landşaft üslubunda düzülmüş dekorativ kol və birillik, ikiillik, çoxillik ot bitkilərindən istifadə olunur. Abşeronun park və bağlarında yaradılan müxtəlif kompozisiyalarda bitkilərin bioloji və dekorativ xüsusiyyətlərinə, rənginə, formasına, hündürlüyünə, kölgəyə davamlılığı və işıq sevərliyinə görə bir-biri ilə uyğunlaşmasına, yeni formalara böyük rol verilir. İynəyarpaqlı bitkilərin budanması onların formalarının müxtəlifliyinə və dəqiqliyinə görə park və bağlara xüsusi gözəllik verir. Kompozisiyalarda “davamlı çiçəkləməyə” nail olmaq üçün birillik və çoxillik dekorativ ot bitkilərindən istifadə edilir və bitkilər elə seçilir ki, çiçəkləyən növlər tədricən başqa növlərlə əvəz olunur.
Klassik sxemə görə kompozisiyalar ön, orta və arxa planda yerləşən müxtəlif hündürlükdə olan bitkilərdən yaradılmışdır. Kompozisiyanın mərkəzində hündür bitkilər, kənarlarında isə nisbətən alçaqboylu bitkilər yerləşir. Hündürlüyə görə seçilmiş bitkilər bir-birini örtməməlidir. Bitkilərin dekorativ keyfiyyətləri - yarpaqların, qabıqların və çiçəklərin ölçüsü, rəngi, quruluşu və hündürlüyü bitki həyatının inkişaf mərhələlərində fərqli olur və ona görə də çoxsaylı kompozisiya variantlarını yaratmağa imkan verir. Yazda, sərin havalarda kompozisiyaların tərtibatında parlaq rəngli çiçəklərdən, yayda isə ağ, mavi, bənövşəyi çiçəklərdən istifadə olunur. Açıq çalarlardan çiçəklik yüksək qan təzyiqi olan insanlara müalicəvi təsir göstərir. Yayda fasiləsiz çiçək açan birillik çiçəklərdən fərqli olaraq, çoxillik çiçəklərin öz inkişaf dövrü və çiçəkləmə vaxtı vardır. Kompozisiyalarda birillik və çoxillik dekorativ bitkilərdən istifadə olunur. Birillik bitkilərdən yaradılmış kompozisiyalar hər il yenilənir. Çox mövsümlü kompozisiyalarda çoxillik bitkilər böyük rol oynayır. Onlar yenilənmir, buna görə də bitkilər rəng və formasına görə bir-birinə uyğun olmalıdır. Bu kompozisiyalarda birillik bitkilərin sahələri yenilənir. Abşeron şəraitində müxtəlif kompozisiyaların yaradılması əhalinin həyat şəraitini yaxşılaşdırır. Ancaq isti və quraq iqlimi, güclü küləkləri, zəif və şoran torpaqları olan Abşeronda yaşıllaşdırma işlərinin aparılması müəyyən çətinliklərlə bağlıdır. Hal - hazırda Abşeronun yaşıllaşdırılmasında istifadə olunan dekorativ bitkilər yeni növ və sortlarla, istifadə üsulları, müxtəlif kompozisiyaların yeni formaları və s. zənginləşməlidir. Müasir yaşıllaşdırma üçün bitkilərin seçimi elə aparılmalıdır ki, dekorativliklə yanaşı, müalicəvi təsirə malik olsun.
Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasında aparılan elmi-tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, Abşeronun park və bağlarında müxtəlif kompozisiya formaları müntəzəm üslubda - həndəsi formalı (düzbucaq, kvadrat, dairə, romb və s.) və landşaft və ya mənzərəli üslubda - orijinal formalı (güllük, labirint, buta və s.) tərtib edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.