Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.03.2025 09:48
  • A-
  • A
  • A+

MEK-də Beynəlxalq Qadınlar Günü qeyd olunub

MEK-də Beynəlxalq Qadınlar Günü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı, MEK-in Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarəedilməsi şöbəsinin əməkdaşı Leylibəyim Mirseyidli, tədbirin MEK-in Qadınlar Təşkilatı və Həmkarlar Təşkilatının təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Daha sonra çıxış üçün ilk söz MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynova verilib.

Direktor çıxışında ölkədə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışaraq, qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etdiyini vurğulayıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin Azərbaycan qadınının beynəlxalq səviyyədə müsbət imicinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib. H.Hüseynov Mərkəzi Elmi Kitabxananın inkişafında və fəaliyyətinin uğurla davam etdirilməsində qadınların mühüm rol oynadığını, onların peşəkarlığı və təşəbbüskarlığı ilə seçildiyini bildirərək, kitabxananın bütün qadın əməkdaşlarına bayram münasibətilə xoş arzularını çatdırıb.

Tədbirdə MEK-in Rəqəmsallaşma, İnnovasiya və Elektron Xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Kitabxana fondlarının təşkili, mühafizəsi və istifadəsi şöbəsinin müdiri Allahverən Allahverdiyev, Azərbaycan dilində ədəbiyyat fondunun rəhbəri Leyla İbrahimova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı Pərvanə Bayramqızı və digərləri çıxışlarında ölkəmizdə gender bərabərliyinin təmin edilməsi və qadınların ictimai-siyasi proseslərdə rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

Bədii hissədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələri və kitabxana əməkdaşlarının övladları poeziyaya olan sevgilərini nümayiş etdirərək şeirlər səsləndiriblər.

Sonda bayram münasibətilə hədiyyələr təqdim olunub və MEK-in Sərgi salonundakı “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı sərgiyə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: