AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Milli Qəhrəman Çingiz Mustafayev adına kino klubda görkəmli siyasi xadim Nazim Hacıyevin 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Tədbirdə Nazim Hacıyevin oğlu tarix elmləri doktoru, professor Aydın Hacıyev, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov, Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü və mərkəzin əməkdaşları rejissor Vahid Mustafayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, ADPU-nun Şəki filialının, Bəxtiyar Vahabzadənin ev-muzeyinin, Şəki 4 nömrəli uşaq musiqi məktəbinin nümayəndələri, eləcə də şəhər ziyalıları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ictimai-siyasi xadim Nazim Hacıyevin siyasi fəaliyyətini, vətənimizin bölünməzliyi uğrunda həyatı bahasına başa gələn mübarizəsini əks etdirən “Bir qəsdin tarixi” adlı film nümayiş etdirilib.
Tədbirdə Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri t.ü.f.d. Rahim Həsənov çıxış edərək Nazim Hacıyevin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, Nazim Hacıyev Orta Asiyaya deportasiya olunmuş Mesxet türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüsçülərindən və təşkilatçılarından biri olub. O, 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırıb, həmin torpaqların Azərbaycan SSRİ ərazisində saxlanılmasına nail olub.
Daha sonra Şəki REM-in direktoru fiz.ü.f.d.,dos. Yusif Şükürlü, t.ü.f.d. Vüsal Baxışov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayev, rejissor Vahid Mustafayev, Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli Nazim Hacıyev şəxsiyyətinin böyüklüyündən söhbət açıblar.
Rəsmi hissənin sonunda Nazim Hacıyevin oğlu prof. Aydın Hacıyev çıxış edərək atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Tədbir Nazim Hacıyevin şəxsi əşyalarının sərgiləndiyi Yurd yaddaşı muzeyində çay süfrəsi ətrafında müzakirələrlə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.