Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.06.2024 14:29
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı bir qədər zəifləyərək əsasən 3697 ləkə regionunda həftə ərzində M sinif alışmalar baş vermişdir. Maksimal sinifli alışma M9.8 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində radio rabitədə R2 səviyyəli fasilələr, 10 sm dalğa uzunluğunda radioalışmalar, II-IV tip radioemissiya, həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində 10 ləkə qrupunda 148 ləkə qeyd olunur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumatan görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV və 100 MeV-dən çox enerji yüklü proton seli 7-9 iyunda S1- S3 səviyyəli radiasiya qasırğası baş vermişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 545 km/san,Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 18 nT, radial istiqamətdə isə -10 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (369 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.9 nT, radial istiqamətdə isə  - 0.5 nT təşkil edir.

Hesabat dövrü ərzində 03 iyunda 61 nT geomaqnit impulsu qeydə alınmış və qısa periodda geomaqnit sahəsinin fəallığını G1 səviyyəsinədək yüksəltmişdir. Həmçinin TKA-ın təsiri nəticəsində 07-08 iyunda G1-G2 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 2-yə bərabərdir və kosmik hava sakitdir. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (10-16 iyun) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Günəş küləyinin 8 iyunda baş vermiş TKA-nın təsiri ilə sürətlənəcəyi  və 12 iyunda nominal qiymətə geri dönəcəyi gözlənilir.

Geomaqnit sahəsi - 8 iyunda baş vermiş TKA-nın təsirı ilə bu gün G2 (orta), 11 iyunda isə G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: