Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı ETN Biofizika İnstitutunun Həmkarlar İttifaqı elmi seminar keçirib.
Seminarı giriş sözü ilə açan Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov seminar iştirakçılarını salamlayaraq, mövzunun aktuallığı barədə məlumat verib. Qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər, təbiətin qorunması və ekoloji problemlərin həlli istiqamətində görülən işlər əhəmiyyətlidir. Bu ilin həm də cəmiyyətin bütün təbəqələrinin bir araya gələrək, birgə əməkdaşlıq və fəaliyyətləri nəticəsində ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin daha səmərəli həyata keçirilməsinə şərait yaratdığını vurğulayan O.Qasımov, yaşıl texnologiyaların tətbiqi və təbii sərvətlərin davamlı idarə olunmasının vacibliyini önə çəkib. O, həmçinin bu sahədə elmi araşdırmaların və innovativ həllərin əhəmiyyətini qeyd edərək, seminarın bu mövzuda yeni fikir və təkliflərin müzakirə olunması üçün mühüm bir platforma olduğunu bildirib və seminarda bu mövzu ətrafında çıxış edəcək olan b.ü.f.d., dos. Sevinc Cəfərovaya uğurlar arzulayaraq, onun təcrübə və biliklərini bölüşməyə dəvət edib.
Sonra seminarda Fiziki-kimyəvi stress faktorlarının biofizikası laboratoriyasının müdiri, b.ü.f.d., dos. Sevinc Cəfərova “Ağır metallarla çirklənməyə qarşı bitkilərin adaptasiyasının mexanizmləri və remediasiya yollarının araşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, planetimizdəki iqlim dəyişikliyi problemi Azərbaycandan da yan keçməyib. “Azərkosmos” agentliyinin məlumatlarına görə, ölkəmizin cəmi 24 faiz ərazisi quraqlıq təhlükəsi ilə üzləşməyəcək. Quraqlığa qarşı mübarizə Azərbaycan üçün aktual mövzuya çevrilir. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, belə bir konfransın keçirilməsi “yaşıl gündəliyimizin nümayişidir”. Bu şüar altında iqlim dəyişikliyinin öyrənilməsinə və aradan qaldırılması yollarının tapılmasına töhfə vermək Azərbaycan alimləri üçün aktual vəzifədir.
Təqdim olunan seminarda bitkilərin ağır metallarla çirklənmiş torpaqlarda böyüyüb inkişaf etməsi üçün həll yolları müzakirə olunub. Fizioloji konsentrasiyalarda, dəmir, sink, molibden, mis, manqan, bir çox katalitik reaksiyaların fermentlərinin kofaktoru olaraq, fotosintez, tənəffüs, etilenə həssaslıq, sirkadian saat, proqramlaşdırılmış hüceyrə ölümü və s. təsir göstərir. Digər tərəfdən ağır metalların uzun müddətli təsiri nəticəsində yarpaqlarda xlorofilin və digər fotosintetik piqmentlərin sintezi azalır, bu da saxaridlərin sintezinə, bütün bitkinin qidalanmasına və böyüməsinə təsir göstərir. SH qruplarına yüksək meyilliyə malik olan ağır metal ionları, hüceyrə divarı zülalları, mitotik fermentlərin sulfhidril qrupları ilə güclü rabitələr qurur bununla da, bitki hüceyrələrinin bölünməsinə və böyüməsinə maneə törədir. Bitkilərin fizioloji ehtiyaclarını aşan dozalarda dəmir, sink, molibden, mis, manqan yüksək redoks aktivliyini, reaktiv oksigen növlərinin toplanmasını artıra bilər və bununla da ferment sistemlərinə, nuklein turşularının struktur və funksional tamlığına zərər verə bilər.
Məruzə dinlənildikdən sonra seminar iştirakçıları çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.
Sonda seminara yekun vuran professor Oktay Qasımov maraqlı və məzmunlu məruzəyə görə b.ü.f.d., dos. Sevinc Cəfərovaya iştirakçılar və institutun rəhbərliyi adından təşəkkür edib, gələcək tədqiqatlarında uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.