Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq simpozium keçiriləcək
13.06.2024 10:43
  • A-
  • A
  • A+

“Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq simpozium keçiriləcək

9-10 oktyabr 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyəti Ankara şəhərində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Türkiyə Cümhuriyyəti Qazi Universitetinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar “Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək.

Simpoziumda iştirak etmək istəyənlər cari ilin 30 iyul tarixinə kimi məruzələrinin tezislərini göndərə bilərlər. 30 avqust 2024-cü il tarixində tezislərin qəbul olunması haqqında iştirakçılara məlumat veriləcək.

İştirakı təsdiqlənən məruzəçilər məruzənin tam mətnini konfransda iştirak etdikdən sonra 25 oktyabr 2024-cü il tarixinədək göndərməlidirlər.

Qəbul şərtləri:

1. Simpoziuma ölkə daxili və xaricindən alim və tədqiqatçılar qatıla bilər.

2. Doktorantların elmi məsləhətçiləri (rəhbər) ilə birlikdə hazırladıqları məruzələrlə simpoziuma qatılması mümkündür.

3. Simpoziumun dili Azərbaycan, türk, digər türk dilləri və ingiliscədir.

4. Məruzənin tezisləri və tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir.

5. Tezislər 250-300 sözdən artıq olmamalıdır.

6.Tezis və tam mətnlər yazı qaydalarına uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq.

7. Tezislər simpoziumun mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi heyət tərəfindən dəyərləndiriləcəkdir. Qəbul edilən tezislər 30 avqust 2024-cü il tarixində elan olunacaqdır.

8. Hər məruzə üçün 10-15 dəqiqə nəzərdə tutulur.

9.Tezis və tam mətni Simpoziumun Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur.

10. Yerləşmə və nəqliyyat xərcləri iştirakçıların özlərinə aiddir.

11. Tezis fuzuli.elyazmalarins.gazi@gmail.com adresinə göndərilməlidir.

Simpozium mövzuları aşağıdakı əsas başlıqlar altında qruplaşdırılacaq:

- Füzuli: həyatı, sənəti, əsərləri, xələfləri;

- Füzulinin türk ədəbiyyatı və mədəniyyətində yeri;

- Füzuli və Türk dünyası ədəbiyyatı;

- Füzuli və dünya ədəbiyyatı;

- Füzulinin əsərlərinin əlyazma nüsxələrinin müqayisəli tədqiqi.

Simpoziumla bağlı əlavə məlumat üçün buradan tanış ola bilərsiniz.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: