Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda konfrans keçiriləcək
21.06.2024 10:30
  • A-
  • A
  • A+

“Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda konfrans keçiriləcək

9-10 dekabr 2024-cü il tarixlərində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi ilə əlaqədar “Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda I respublika elmi konfransı keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər cari ilin 10 oktyabr tarixinə kimi məruzələrinin tezislərini göndərə bilərlər. 15 oktyabr 2024-cü il tarixində tezislərin qəbul olunması haqqında iştirakçılara məlumat veriləcək. İştirakı təsdiqlənən məruzəçilər məruzənin tam mətnini 1 noyabr 2024-cü il tarixinədək göndərməlidirlər. Konfransın keçiriləcəyi məkan və saat barədə iştirakçılara məlumat veriləcək.

Qəbul şərtləri:

1. Konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən gənc alim və tədqiqatçılar qatıla bilərlər.

2. Magistr və doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçiləri) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır).

3. Konfransın dili Azərbaycan, türk, rus və ingiliscədir.

4. Məruzənin tezisləri və tam mətni əvvəllər heç bir yerdə təqdim olunmamalı və çap edilməməlidir.

5. Tezislər 250-300 sözdən artıq olmamalıdır.

6. Tezis və tam mətn tələblərə uyğun olaraq hazırlanmalıdır, əks halda dəyərləndirilməyə buraxılmayacaq.

7. Məruzə mətninin tərtibinə dair tələblər: Times New Roman, 12 şrift, kənar ölçülər hər tərəfdən 2,5 sm,  interval 1,15.

8. Tezislər konfransın mövzuları, elmi şərtlərə uyğunluğu və tədqiqatın orijinallığı nəzərə alınaraq Elmi heyət tərəfindən dəyərləndiriləcəkdir (aşağıdakı cədvələ uyğun hazırlanmalıdır).

9. Hər məruzə üçün 10 dəqiqə nəzərdə tutulur, məruzənin tam mətninin həcmi 5 səhifədən artıq olmamalıdır (məruzənin tam mətni üçün şablon əlavə olunur).

10. Məruzənin mətnini Konfransın Təşkilat Komitəsinə göndərən iştirakçılar onların çap olunmasını təsdiq etmiş olur.

11. Konfrans materiallarının nəşr xərcləri iştirakçılar tərəfindən ödəniləcəkdir.

12.  Tezislər və məruzə mətnləri göndərilərkən konfransın hansı bölməsinə aid ediləcəyi haqqında qeyd e-mailin mövzu hissəsində göstərilməlidir.

13. Tezislər və məruzə mətnləri konfrans.gencalim@gmail.com elektron ünvanına göndərilməlidir.

Konfransın mövzuları aşağıdakı əsas başlıqlar altında qruplaşdırılacaq:

- Azərbaycan Milli Elmlər Akademiyası 80 illiyinin astanasında;

- Elmi-texniki tərəqqi və humanitar fikir;

- İctimai elmlər və müasir elmi-texniki tərəqqi;

- Mədəni müxtəliflik və tolerantlıq;

- Mətnşünaslıq, mənbəşünaslıq və arxiv işi.

Müraciət nümunəsi ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: