Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2024 22:02
  • A-
  • A
  • A+

MEK-in direktoru TİKA-nın Bakı proqram koordinatoru ilə görüşüb

MEK-in direktoru TİKA-nın Bakı proqram koordinatoru ilə görüşüb

İyunun 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Hayrettin Özçelik arasında görüş keçirilib. 

Görüşdə qarşı tərəfdən TİKA Bakı proqram koordinatorunun müavini Fuat Erdoğmuş və qurumun əməkdaşı Abbas Hümmətov iştirak ediblər.

Qonaqlar MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələrə, “Naxçıvan MR-100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli-530”, “Əziz Səncər” sərgilərinə baxıb, həmçinin Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar.

Dəyirmi masa ətrafında davam edən görüşdə qonaqları rəhbəri olduğu kitabxanada görməkdən məmnunluğunu bildirən MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb və kitabxananın fəaliyyətindən danışıb.

Direktor Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət sahəsində də əlaqələrinin yüksək templə inkişaf etdiyini diqqətə çatdırıb, AMEA-nın da bu istiqamətdə öz töhfələrini verdiyini qeyd edib. İlk dəfə olaraq Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Bakı ofisinin Akademiyada açıldığını, bununla da Türkiyənin nüfuzlu akademik qurumları ilə AMEA-nın elmi əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb. TİKA ilə də əməkdaşlığın perspektivlərini diqqətə çatdıran direktor qeyd edib ki, Azərbaycanda mövcud olan ən böyük elmi kitabxana kimi MEK-in qarşıda duran əsas məqsədi ən son texnoloji yenilikləri tətbiq etməklə oxucuların elektron kitab ehtiyacını ödəməkdir. Bu istiqamətdə isə dünya ölkələrinin, o cümlədən Türkiyənin qazandığı təcrübədən faydalanmağın əhəmiyyətli olacağını vurğulayıb. Direktor, həmçinin bu sahədə TİKA-nın dəstəyinin önəmini bildirib və əməkdaşlığın inkişafa təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

TİKA Bakı proqram koordinatoru Hayrettin Özçelik isə öz növbəsində MEK-lə tanışlıqdan məmnunluğunu qeyd edib, qardaş ölkənin təşkilatları tərəfindən təklif edilən təşəbbüslərə dəstək göstərməyə hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

Qonaqlar görüş zamanı MEK-in fondları, guşələri, eləcə də elektron informasiya xidmətinin göstərilməsində xüsusi rola malik Reproqrafiya şöbəsində yaradılan şəraitlə tanış olub, iş prinsipi barədə məlumat alıblar. Qeyd olunub ki, buradakı aparatların köməyilə kitab, jurnal, qəzet və məqalələr skan edilərək elektron versiyaları yaradılır və xüsusi proqram (ABBYY FineReader) vasitəsilə konvertləşdirilərək PDF formatda kitabxananın ümumi bazasına yerləşdirilir.

Görüş əsnasında bəzi real problemlər və onların həlli yolları, birgə layihələr ətrafında fikir mübadiləsi də aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: