Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.06.2024 09:45
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda “İqlim dəyişmələrinə qarşı azkarbonlu texnologiyalar” mövzusunda məruzə dinlənilib

Radiasiya Problemləri İnstitutunda “İqlim dəyişmələrinə qarşı azkarbonlu texnologiyalar” mövzusunda məruzə dinlənilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş növbəti ümumşəhər seminarı keçirilib.

Seminarda institut əməkdaşları ilə yanaşı, Azərbaycan Memarlıq və Inşaat Universitetinin, Neft-Kimya Prosesləri İnstitutunun və digər təşkilatların nümayəndələri iştirak ediblər.

“İqlim dəyişmələrinə qarşı azkarbonlu texnologiyalar” adlı məruzə ilə Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev çıxış edib. O, son 200 ildə Qlobal iqlimdə baş verən dəyişikliklər, xüsusilə orta qlobal temperaturun artması ilə istilik effekti yaradan qazların emissiyası arasında olan asılılıqlardan bəhs edib. Qeyd edib ki, əgər son 150 ildə temperatur artımı 0.8-1.2 dərəcə təşkil etmişdirsə, tədbir görülmədiyi hallarda əsrin sonunadək bu artım 4 dərəcəyədək çata bilər. Məruzəçi iqlim dəyişmələrinin kənd təsərrüfatına, insan sağlamlığına, su resurslarına təsirindən bəhs edib.

İqlim dəyişmələrinə qarşı azkarbonlu texnologiyaların tətbiqi imkanlarından danışan İ.Mustafayev institutda Hidrogen energetikası sahəsində aparılan elmi-tədqiqat işlərini, habelə energetikada və kimya sənayesində azkarbonlu texnologiyalara keçidin zəruriliyini qeyd edib. Neft-kimya sənayesində, ammonyakın və olefinlərin alınması və karbon-dioksid qazının utilizasiyası proseslərində yüksək enerjilər kimyasının metodlarından istifadə etməyin üstünlüklərindən danışıb.

Məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: