Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.06.2024 11:55
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatı hesabat verib

AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatı hesabat verib

 

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Həmkarlar Təşkilatının 2017-2023-cü illər ərzində gördüyü işlər bölmənin əməkdaşlarının ümumi iclasında müzakirə edilib.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov da iştirak edib.

İclası giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq, iclasda Akademiya rəhbərliyinin tövsiyəsinə uyğun olaraq, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənovun da iştirak etdiyini bildirib. Bu elm ocağının yarandığı və inkişaf etdiyi bütün dövrlərdə həmkarlar təşkilatının daim əməkdaşların qayğısına qaldığını, xüsusən koronavirus mühitində daim onlara köməklik göstərildiyini vurğulayıb.

Akademik Fuad Əliyev toplantıda həmkarlar təşkilatının kollektiv qarşısında hesabat verməklə yanaşı, əməkdaşların səmərəli təklif və tövsiyələrinə həssaslıqla yanaşacağına inamını bildirib.

Akademik Fuad Əliyev toplantıda iştirak etdiyinə görə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənova təşəkkür edib.

Sonra 2017-2023-cü illər ərzində görülən işlər haqqında AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri Nailə Hacıyevanın hesabatı dinlənilib.

İclasda çıxış edənlərdən Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Bölmənin sədr müavini Sara Əzizova Həmkarlar Təşkilatının son yeddi ildəki fəaliyyət və hesabatını qənaətbəxş qiymətləndirib, həmçinin təşkilatın sədrinin işgüzar, səmimi və həssas şəxsi keyfiyyətlərini təqdir ediblər. Nailə Hacıyevanı yenə bu vəzifənin rəhbəri seçilməsi üçün ən layiqli namizəd kimi dəyərləndiriblər. Ümumi iclasın iştirakçıları da söz alaraq, bu fikir və təkliflərlə həmrəy olduqlarını bildiriblər.

İclasda Həmkarlar Təşkilatının təftiş komissiyasının sədri Yeganə Əliyeva da hesabatla çıxış edib.

Təşkilatın komitə üzvlüyünə namizədlər açıq səsvermə yolu ilə 7 nəfərlik heyət müəyyənləşib və öz namizədləri Nailə Hacıyevanı AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri seçiblər.

İclasda bölmənin Həmkarlar Təşkilatının təftiş komissiyasına Yeganə Əliyevanın namizədliyi verilib. Komissiyaya Y. Əliyeva sədr olmaqla 3 nəfərlik heyət də seçilib.

Toplantıda daha bir məsələ AMEA Azad Həmkarlar İttifaqının VIII qurultayına nümayəndələrin seçilməsi ilə bağlı olub. Səsvermə yolu ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev və bölmənin Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva bu elm ocağından həmin qurultaya nümayəndə seçiliblər.

İclasda AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edərək Gəncə Bölməsinin əməkdaşlarına, onun sədri akademik Fuad Əliyevə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırararq, Gəncənin bu başlıca elm ocağının fəaliyyətinin daim yüksək qiymətləndirildiyini vurğulayıb. O, Gəncə Bölməsinin uğurlu fəaliyyətində Həmkarlar Təşkilatının əməyinin də böyük rolunun olduğunu qeyd edib. S.Həsənov seçilmiş rəhbər heyətini bir daha təbrik edərək, onlara Həmkarlar Təşkilatının fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonda s.e.ü.f.d. Sənan Həsənov həmmüəllifi olduğu “Heydər Əliyev və İlham Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” adlı kitabın nüsxələrini AMEA-nın Gəncə Bölməsinin kitabxanasına hədiyyə edib.

AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev S.Həsənova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfərləri haqda bölmədə nəşr edilmiş kitabları hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: