Bu günlərdə Türkiyə Cümhuriyyətinin millət vəkili Erhan Usta bir qrup iş adamları ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. Ziyarətçiləri muzeyin ekspozisiyası ilə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmova tanış edib.
Onlara Azərbaycan ədəbiyyatını və mədəniyyətini, əlyazma və litoqrafiya üsulu ilə çapları (daş basması), ədəbiyyat və incəsənətin vəhdətindən yaranmış müxtəlif tablo, xalça, miniatür və digər sənət nümunələrini təqdim edib və geniş izahat verib. Azərbaycan rəssamlarının əsərlərini maraq və heyranlıqla seyr edən ziyarətçilər, əsasən Məhsəti Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin həyat və yaradıcılığını əks etdirən ekspozisiyadan təsirləndiklərini bildiriblər.
Sonda qonaqlar muzeyin “Rəy kitabı”nda Azərbaycanın çox zəngin ədəbiyyatı olduğunu vurğulayıb və mənəvi zövq aldıqlarını qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.