Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.03.2025 09:46
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda jurnalistlərlə görüş keçirilib

Dilçilik İnstitutunda jurnalistlərlə görüş keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Aznews.az  saytının baş redaktoru Taleh Şahsuvarov və redaktor Pərvanə Dadaşzadə ilə görüş keçirilib.

Görüşdə ölkə mediasında dil, Azərbaycan dilinin müstəqilliyi, Plaza dili, qloballaşmanın dilə təsiri və sair məsələlər müzakirə olunub.

Görüşdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, şöbə müdirləri professorlar İsmayıl Kazımov, Mayıl Əsgərov, Sayalı Sadıqova, Məsud Mahmudov, İlhami Cəfərov, İlham Tahirov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü, Təhsil şöbəsinin müdiri dosent Rasim Heydərov iştirak ediblər.

Azərbaycan dilinin dövlətimizin əsas atributlarından biri olduğunu vurğulayan professor Nadir Məmmədli bildirib ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil  bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.

Nadir Məmmədli Ulu Öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanundan bəhs edib.Vurğulayıb ki, bu qanun milli sərvətimiz olan Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqinə, inkişaf etdirilməsinə, saflığının qorunmasına münbit şərait yaradılmasına səbəb olan tarixi sənəddir.

Taleh Şahsuvarov mətbuatda dərc etdirdiyi Azərbaycan dilinin işləkliyi, müdafiəsi və təbliği, Azərbaycan dilinin müstəqillik tarixi, terminologiya bazasının zənginləşməsi istiqamətində hazırladığı suallar əsasında dilçi alimlərlə maraqlı müzakirə  aparıb.  

Bildirib ki, Azərbaycan dilinin saflığının qorunmasında dilçilik məsələləri ilə bilavasitə məşğul olan Nəsimi adına Dilçilik İnstitutunun üzərinə çox böyük məsuliyyət düşür. Onun təbliği, qorunması, inkişaf etdirilməsi üçün ciddi səylər göstərir, araşdırmalar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: