Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova AMEA-nın Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevlə görüşüb.
Görüşdə Fondun rəhbəri Aktotı Raimkulova Türk dünyasının mədəni dəyərlərinin qorunması, bərpası və təbliği istiqamətində rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən beynəlxalq səviyyəli layihələr və görülən işlər barədə söhbət açıb. Qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur və mədəni dəyərlərin elmi baxımdan araşdırılmasında Akademiyanın böyük imkanları vardır.
Sonra AMEA-nın Folklor İnstitutu ilə Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində türk xalqları folklorunun müxtəlif aspektlərinin öyrənilməsi və təbliği istiqamətində görüləcək işlər barədə söhbət açılıb. Bu istiqamətdə 2025-ci ildə Folklor İnstitutu ilə birgə həyata keçiriləcək bir sıra elmi layihələr haqqında müzakirə aparılıb.
AMEA-nın Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev ölkəmizdə həyata keçirlən dövlət siyasətinə müvafiq olaraq, son illər AMEA-da akademik İsa Həbibbəylinin rəhbərliyi ilə aparılan islahatların mühüm istiqamətlərindən birini türk xalqları ilə elmi, mədəni-mənəvi əlaqələrin genişləndirilməsi və ortaq dəyərlərin birgə araşdırılması təşkil etdiyini qeyd edib. Vurğulayıb ki, bu istiqamətdə AMEA-da görülən işlər Folklor İnstitutunun üzərinə də mühüm vəzifələr qoyur.
Görüşdə türk xalqları folklorunun müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri barədə ətraflı söhbət aparılıb, müvafiq razılıq əldə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.