“Chemical Problems” jurnalının “Scopus” indeksləşmə bazasında 2023-cü il üçün impakt faktoru elan edilib. 2024-cü ilin may ayında “Scopus” bazasının 2023-cü il üçün elan olunan analiz parametrlərinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləyib. Belə ki, jurnalın 2023-cü il üçün impakt faktoru 0.6 elan edilib.
Qeyd edək ki, “Chemical Problems” jurnalı (www.chemprob.org) 2002-ci ildə A.Ş.Əliyev tərəfindən təsis edilib, 2003-cü ildən nəşr olunmağa başlamışdır. İndiyə qədər jurnalda 2200-ə yaxın elmi məqalə dərc olunmuşdur.
Jurnal 2009-cu ildən “Chemical Abstract” elmi informasiya bazasında referatlaşdırılır. Jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, “Chemical Problems” jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr “Web of Science” bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.
“Chemical Problems” jurnalı 2015-ci ildən “РИНЦ” və RSCI Rusiya indeksləşmə bazalarına daxildir.
2021-cü ilin sentyabr ayından jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilmişdir.
Jurnalın baş redaktoru akademik Vaqif Fərzəliyevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.