Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.06.2024 09:20
  • A-
  • A
  • A+

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Bu gün dünyanın güclü orduları sırasında qərarlaşan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. Ulu Öndərin hakimiyyəti dövründə formalaşdırılmış Milli Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəri dayanır. Qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə 30 illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi.

Ötən ilin sentyabrında Qarabağda keçirilmiş antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün döyüş tapşırıqlarını icra etməyə qadirdir.

Hazırda Silahlı Qüvvələrin modernləşməsi istiqamətində aparılan genişmiqyaslı islahatlar sayəsində ordumuzun gücü və peşəkarlığı artmaqda davam edir.

Azərbaycan Ordusunun şanlı tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı və həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. Görkəmli hərbi xadimlər - Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski Milli Ordumuzun formalaşmasında və döyüş qabiliyyətinin yüksəldilməsində əvəzsiz xidmətlər göstərdilər.

Müasir Milli Ordunun şərəfli tarixi isə xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Hələ 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində və Qarabağda keçirilən antiterror tədbirlərində bir çox qəhrəmanlıq nümunələri göstəriblər.

Azərbaycan Ordusu 1994-cü ilin yanvarında bir sıra uğurlu hərbi əməliyyatlar keçirərək Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Prezident İlham Əliyevin güclü dövlət – güclü ordu strategiyası

Respublikamızda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində təxirəsalınmaz təbirlər görüldü. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənərək regionun ən qüdrətli ordusuna çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət – güclü ordu strategiyası, ilk növbədə, torpaqlarımızın işğalına son qoyulmasına, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmişdi. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı. Modernləşdirilən Azərbaycan Ordusunun qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.

Azərbaycan Ordusunun artan hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Günnüt zəfəri ilə ilk uğurlu əməliyyatlara imza atdı.

Hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi

Dövlətimizin başçısının uğurlu siyasəti xalqımızın səbirsizliklə gözlədiyi Qələbə gününü addım-addım yaxınlaşdırırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın yurd həsrətinə son qoydu. Qarabağ Zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycanın rəşadətli Ordusu İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandı. Silahlı Qüvvələrimiz 44 gündə daim irəli gedərək, düşmənə sarsıdıcı zərbələr vuraraq 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğalından azad etdi. Bu şanlı Qələbə Ermənistanın kapitulyasiyası aktını imzalamağa məcbur edilməsi ilə yekunlaşdı.

Bakının Azadlıq meydanında 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş möhtəşəm Zəfər paradı 44 günlük şanlı Vətən müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu.

Vətən müharibəsi zamanı doğma torpaqlarımızın azad edilməsi uğrunda 2900-dən çox əsgər və zabitimiz şəhid olub. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev imzaladığı sərəncamlara əsasən, ümumilikdə, 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib. Prezidentin 2023-cü il 25 iyun tarixli sərəncamları ilə Müdafiə Nazirliyinin daha 131 hərbçisi orden və medallara layiq görülüb.

Bütün nəsillər üçün nümunə olan tarixi Qələbə

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Fədakar övladlarının qəhrəmanlığını yüksək qiymətləndirən xalqımız onları qürurla xatırlayır. Prezident İlham Əliyev də Vətən müharibəsində tarixi Qələbənin böyük əhəmiyyətini və bütün nəsillər üçün nümunə olmasını nəzərə alaraq onun əbədiləşdirilməsinə xüsusi diqqət ayırır. Ali Baş Komandan respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini daim hörmət və ehtiramla anır, valideynlərinə, ailələrinə, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizə, veteranlara diqqət və qayğı göstərir.

Dövlətimizin başçısının 2020-ci il dekabrın 3-də imzaladığı “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncam bu ehtiramın əyani təcəssümüdür.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. Bu yenilik ordumuzun gücünə güc qatır.

Hazırda Silahlı Qüvvələrimizin türk ordu modelinə keçidi, komando bölmələrinin yaradılması prioritet istiqamətdir və bu məqsədlə atılan davamlı addımlar öz bəhrəsini verir. Ordumuz öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqda davam edir.

Qarabağ Zəfərinin davamı – lokal xarakterli antiterror tədbirləri

Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19–20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Ordumuz bu dəfə də yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu.

Beləliklə, Ali Baş Komandanın uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

Həmin il noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş Zəfər paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidəki Zəfər meydanında xalq, ordu, dövlət birliyinin təcəssümünü və böyük Qələbəni təsdiqlədi.

Xalqımız öz rəşadətli Ordusu ilə qürur duyur

Hazırda Silahlı Qüvvələrimizin vahid proqram əsasında inkişaf edir, yeni, daha yüksək səviyyəyə qalxır. Bugünkü Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Ordumuzdan daha da güclüdür. Ordumuz üçün yeni silah və texnikaların alınır, və bu sahəyə lazımi qədər dövlət vəsaiti ayrılır. Buna əyani sübut kimi cari il fevralın 9-da Ali Baş Komandan İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olmasını və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləməsini göstərmək olar. Prezident İlham Əliyev həmin gün hərbi obyektdəki müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunan PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.

Azərbaycanda yerli və beynəlxalq səviyyəli təlimlər təşkil olunur. Belə ki, bu il iyununda ölkəmizdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Qafqaz Qartalı - 2024” beynəlxalq taktiki-xüsusi təlimi keçirilib. Təlimlər üç ölkənin xüsusi təyinatlılar arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə töhfə verib.

Həmçinin mühəndis, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə və digər taktiki-xüsusi təlimləri təşkil olunub. Azərbaycan Ordusunun hərbi qulluqçuları, eyni zamanda, “Efes-2024” və digər beynəlxalq hərbi təlimlərdə iştirak edirlər.

Bu gün prioritet məsələlərdən biri ordu quruculuğu və hərbi potensialımızın gücləndirilməsi, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Hazırda həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır.

Budəfəki Silahlı Qüvvələr Gününü suverenliyimiz və ərazi bütövlüyümüzün bərpasında misilsiz xidmətləri olan qalib Ordumuzun timsalında qeyd edilməsi xüsusi əhvali-ruhiyyə yaradır. İşğaldan azad olunmuş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini indi daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə layiqli töhfələrini verir.

Bütün bunlar göstərir ki, Azərbaycan Ordusunun şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını bundan sonra da ən yüksək səviyyədə yerinə yetirəcək. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış rəşadətli Ordusu və Müzəffər Ali Baş Komandanı ilə qürur duyur, yeni uğurlar və qələbələr gözləyir.

AzərTac

  • Paylaş: