Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun əməkdaşı “Fulbright” təqaüdü qazanıb
27.06.2024 10:00
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı “Fulbright” təqaüdü qazanıb

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov “2024-2025 Fulbright Visiting Scholar” proqramının qalibi olub. Bu prestijli proqram çərçivəsində B.Əhədov ABŞ-da qabaqcıl elmi tədqiqatlar aparmaq imkanı qazanacaq.

Fulbrayt təqaüdü, dünyanın müxtəlif ölkələrindən olan alimlərə və tədqiqatçılara elmi fəaliyyətlərini inkişaf etdirmək və beynəlxalq əlaqələr qurmaq imkanı yaradır. “Fulbright Visiting Scholar” təqaüdü dünyanın 100-dən çox ölkəsindən təxminən 850 xarici alimə ABŞ universitetlərində və ya digər akademik müəssisələrdə post-doktorantura tədqiqatları aparmaq üçün qrantlar təklif edir. Bəhruz Əhədovun bu təqaüdü qazanması, onun elmi fəaliyyəti və uğurlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Bəhruz Əhədov “Fulbrayt” təqaüdü ilə ABŞ-də “InSAR Analysis of the Interplay Between Earthquakes and Mud Volcanoes in Azerbaijan” (“Azərbaycanda zəlzələlər və palçıq vulkanları arasında qarşılıqlı əlaqənin InSAR texnologiyası ilə təhlili”) mövzusu üzrə fəaliyyət göstərəcək, elmi tədqiqatlarını genişləndirəcək və yeni bilik və təcrübə əldə edəcək. O, elmi işlərində əsasən kosmik geodeziya texnologiyalarından olan, optik və radar məsafədən zondlama texnologiyaları, xüsusilə InSAR texnologiyası istifadə edərək yer səthinin hərəkətləri, zəlzələlər, vulkanlar, sürüşmələr və torpaq çökmələri kimi təbiət hadisələri, iqlim dəyişikliyi və ekoloji problemlərin öyrənilməsi sahəsində tədqiqatlar aparır. ABŞ-da bu texnologiyaları daha da təkmilləşdirəcək, son texnoloji yenilikləri mənimsəyəcək və yeni dataların (NISAR) ilk dəfə Azərbaycan ərazisi üçün tətbiqini həyata keçirəcək.

Bəhruz Əhədovun bu uğuru Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verəcək və ölkəmizin alimlərinin dünya elmi icmasında daha da fəal olmasına şərait yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: