Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.06.2024 15:00
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun direktor müavini Daşkənddə Azərbaycan Mədəniyyət Günlərində iştirak edib

Şərqşünaslıq İnstitutunun direktor müavini Daşkənddə Azərbaycan Mədəniyyət Günlərində iştirak edib

AR Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyət Günləri keçirilib. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan ziyalıları, mədəniyyət xadimləri və media nümayəndələrindən ibarət heyət Daşkənddə səfərdə olub.

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü də nümayəndə heyətinin tərkibində Daşkənddəki Mədəniyyət Günlərində iştirak edib.

R.Cümşüdlü Özbəkistan Yazıçılar İttifaqında təşkil olunan “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfransda Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edib. Tədbirdə şairin əsərlərinin özbək dilində iki cilddə külliyatının təqdimatı keçirilib.

R.Cümşüdlü, həmçinin Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışında, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” romanının təqdimat mərasimində iştirak edib.

R.Cümşüdlü, eyni zamanda “Özbəkistan-24” Milli Teleradio kampaniyasının “Munosabat” verilişinin Azərbaycan Mədəniyyət Günlərinə həsr edilmiş canlı efirində Azərbaycan nümayəndə heyətinin üzvləri – Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, akademik Nizami Cəfərov, Xalq şairi Baba Vəziroğlu, Xalq artisti Hacı İsmayılovla birlikdə iştirak edib. Verilişdə Özbəkistanın elm və mədəniyyət xadimləri ilə Azərbaycan – Özbəkistan ədəbi əlaqələri müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: