Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.04.2025 17:25
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsi Ərzurumda keçirilən elmi toplantıda təmsil olunub

AMEA Naxçıvan Bölməsi Ərzurumda keçirilən elmi toplantıda təmsil olunub

Ərzurum Atatürk Universiteti və Qırğızıstan-Türkiyə Manas Universitetinin birgə təşkilatçılığı ilə "XXI əsrin ilk rübündə türk tarixşünaslığı: aktual məsələlər və həlli yolları" mövzusunda elmi toplantı keçirilib.

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və institutun Arxeoloji xidmət şöbəsinin baş laborantı Elmar Baxşəliyev sözügedən tədbirdə iştirak ediblər.

Toplantının açılış mərasimində türk tarixşünaslığının görkəmli nümayəndələrindən biri, Türkiyə-Qırğızıstan Manas Universitetinin rektoru, professor Alparslan Ceylanın 65 illik yubileyinə həsr olunmuş ikicildlik elmi toplu ictimaiyyətə təqdim edilib. Professor Vəli Baxşəliyev və gənc tədqiqatçı Elmar Baxşəliyevin "Naxçıvanın Orta Dəmir dövrü abidələri" adlı məqaləsi də həmin topluda yer alıb.

100-ə yaxın elm adamının qatıldığı toplantıda türk xalqlarının tarixi ilə bağlı bir çox məsələlər, o cümlədən türk xalqları tarixinin ortaq məsələləri, coğrafi adların düzgün yazılması, Avrasiyada türk xalqlarının məskunlaşma tarixinin saxtalaşdırılması, türk xalqlarının tarixi ilə bağlı xronoloji məsələlər, İslamın qəbul edilməsi və onun tarixşünaslığa təsiri, elmi mənbələrin və arxivlərin elektronlaşdırılması, süni intellektin müasir elmi tədqiqatlarda rolu və digər məsələlər ətrafında müzakirə aparılıb. Naxçıvanlı tədqiqatçıların müzakirə edilən məsələlərlə bağlı çıxışları maraqla qarşılanıb.

Müzakirənin sonunda qeyd olunub ki, süni intellektin elmi araşdırmalara tətbiqində bir sıra qüsurlar nəzərə çarpsa da, onun gələcəkdə inkişaf etdirilməsi müasir elmin qarşısında dayanan əsas tələblərindən biridir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: