Son vaxtlar Azərbaycanda süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib. Bu strategiya qarşımızda mühüm vəzifələr qoyur.
Bu sözləri akademik Rasim Əliquliyev “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.
Akademik bildirib ki, süni intellekt texnologiyaları həyatımızın müxtəlif sahələrində geniş tətbiq olunur. İstər rəqəmsal dövlət texnologiyalarında, istər texnoloji proseslərdə geniş istifadə olunur. Amma ən çətin məsələlərdən biri süni intellekt texnologiyalarının mədəniyyətdə və incəsənətdə tətbiq olunması idi. Kompüter texnologiyalarının incəsənətdə tətbiq edilməsi o qədər də asan məsələ deyildi. Digər sahələrdə riyazi modelləşdirmə, onların əsasında müəyyən sistemlərin qurulması bir qədər asan idi. Mədəniyyət və incəsənət sahələri yaradıcılıq prosesi olduğu üçün, ümumiyyətlə, bu texnologiyanın tətbiqi heç də asan məsələ deyil. Amma son vaxtlar dünya səviyyəsində görürük ki, süni intellekt texnologiyaları, müxtəlif sənət əsərlərinin yaradılmasının müəllifi olur. Bəzən bunun yaxşı tərəfi də olur, pis tərəfi də.
Azərbaycanda da ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti və eyni zamanda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun birbaşa dəstəyi ilə belə bir beynəlxalq konfrans keçirilir. Konfransın iştirakçıları təkcə Azərbaycanla məhdudlaşmır, Mərkəzi Asiya ölkələrindən, Türkiyədən və digər ölkələrdən də alimlər bu konfransda iştirak edirlər. Konfransın əsas məqsədi, ümumiyyətlə, mədəniyyət, incəsənət sahəsində onun ayrı-ayrı istiqamətlərində, yəni musiqidə, kinoda, teatrda, rəssamlıqda, heykəltaraşlıqda son zamanlar geniş tətbiq olunan 3D texnologiyaları və eyni zamanda, süni intellekt texnologiyalarının müxtəlif imkanlarından istifadə olunmasını geniş müzakirə etməkdir.