Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

“Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” nəşrlərinin I,II,III cildləri barədə
29.06.2024 11:04
  • A-
  • A
  • A+

“Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” nəşrlərinin I,II,III cildləri barədə

Türklük təəssübü, türkçülük ideyası beş ortaq ədəbi abidəmizdə - Orxon- Yenisey yazılarında, "Kitabi-Dədə Qorqud"da, Mahmud Kaşğarinin "Divani lüğat-it-türk"ündə, Yusif Balasaqunlunun "Kutadqu-bilik" poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz ifadəsini tapmışdır. Amma geniş mənada türkçülük məfkurəsi ən ardıcıl şəkildə, konkret linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq Mahmud Kaşğarinin "Divanü-lüğat-it-türk" kitabında əks olunmuşdur. Bu səbəbdən də böyük alimi haqlı olaraq türkçülüyün banisi adlandıra bilərik.

İlk türk ensiklopediyamız olan "Divani lüğat-it-türk"dən danışarkən Azərbaycan türkologiya elminin inkişafına böyük töhfələr verən, Türk dünyasının görkəmli alimi, Kaşğari irsinin araşdırıcısı, “Divanü-lüğat-it-türk” kitabının tərcüməçisi və tərtibçisi, fədakar müəllim, əziz Ramiz Əsgərin unudulmaz xatirəsinə ehtiramla onun tədqiqatlarına müraciət etmək istəyirəm.

“Divani lüğat-it-türk”ün Azərbaycan nəşrinə yazdığı ön sözdə Ramiz Əsgər qeyd edir ki, Mahmud Kaşğari Qərbi Avropa maarifçiləri - Russonu, Didronu, Volteri, Monteskyönü 7 əsr qabaqlamışdır. Divanın ən mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük xələfi "Mühakimət ül-lüğateyn" əsərində türk dilinin fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir Əlişir Nəvaini 4 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqrilən 8 əsr qabaqlamışdır.

Bu məsələni "Divan"ın Azərbaycan nəşrinə Ön söz yazmış Süleyman Dəmirəl də vurğulayır. Süleyman Dəmirəl yazır ki: "Türkologiyanın bahadırı M.Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin banisidir".

Mahmud Kaşğari özü qeyd etdiyi kimi 10–15 il ərzində bütün türk ellərini şəhər-şəhər, kənd-kənd, oba-oba gəzərək 30-dan yuxarı türk ləhcəsini incəliklərinə qədər öyrənmişdir. Bu ləhcələrin (bu gün bir çoxu müstəqil dillər olan) arasında oğuz, qıpçaq, bulqar, tatar, türkmən, başqurd, uyğur adlarını xüsusi qeyd edirəm. Müəllif özü qeyd edir ki, "Mən türklərin, türkmənlərin, oğuzların, çiğillərin, yağmaların, qırğızların şəhərlərini və məskənlərini uzun illər başdan-başa dolaşdım, sözlərini topladım, müxtəlif sözlərin xüsusiyyətlərini öyrəndim, yaddaşıma həkk elədim. Mən onlara o qədər diqqət edirdim ki, türk, türkmən, oğuz, çiğil, yağma, qırğız boylarının dilləri bütünlüklə məndə cəm oldu".

Deməli, bizim günümüzdə meydana çıxan ortaq türk dili məsələsini doqquz əsr bundan qabaq Mahmud Kaşğari türk dillərini mükəmməl mənimsəməkdə görürdü. Əsərdən gətirdiyim bu sitat başqa bir cəhətdən də maraq doğurur. Kaşğari "türk, türkmən, oğuz" yazır, deməli, hər halda ən azı bu üç xalqı bir-birindən fərqləndirir. Bu mənada qədim türklərin varisləri bugünkü Anadolu türkləridirsə, türkmənlərin varisləri indiki türkmənlərdisə, oğuzların varisi olmaq bizə, azərbaycanlılara düşür. O da diqqətəlayiq bir məqamdır ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Kaşğari Mahmud olmuşdur və "Divan"da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan "ərzi Azərabadqan" şəklində göstərilir.

Beləliklə, böyük dilçi, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşğari Mahmud tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və fədakar təbliğatçısı kimi mövqe qazanır. Əlbəttə, bu Mahmud Kaşğarinin unikal dahiliyi ilə bağlıdır, amma eyni zamanda bu çoxtərəflilikdə dövrün də öz möhürü var. Qaraxanlılar imperiyası tarixdə ilk türk-müsəlman dövlətidir. Türklərin islamı qəbul etmələri nisbətən dinc yolla olmuş və Kaşğari iki dünyanın, iki uyğarlığın, iki mədəniyyətin qovuşduğu bir dövrdə yaşamışdır. Mahmud Kaşğari öz tarixi missiyasını ərəb dünyasına türk dilini və türk dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü.

M.Kaşğari “Divanü-lüğat-it-türk”lə yanaşı, “Türk dilinin nəhvi” adlı ayrı bir əsər də yazmış, amma çox təəssüf ki, bu əsər əlimizdə yoxdur. Hər iki əsər təsdiq edir ki, M.Kaşğari eyni zamanda, türk dili qrammatikasının ilk müəllifıdir, ilk dialektoloq və xalq ədəbiyyatı nümunələrini yazıya alan ilk folklorçu olmuşdur. “Divan”dan türk boyları, türk adət-ənənəsi, türk dastan və əfsanələri, ilkin türk şeir inciləri, atalar sözləri və məsəllər barəsində zəngin məlumat alırıq. “Türk dilini öyrənin, çünki onların uzun sürəcək səltənətləri olacaqdır, mənim bir ordum vardır, ona türk adı verdim”, - deyən Məhəmməd peyğəmbərin bu mənalı kəlamları M.Kaşğariyə öz sözlüyünü yaratmaqda ilham vermişdir.

M.Kaşğari türkün və onun dilinin gələcəyinə inanırdı. Bu dilin ərəb dili ilə yarışa biləcək dərəcədə zəngin və gözəl olduğunu inamla bəyan edirdi. “Divan”da 7500-dən artıq sözün izah və şərhini verən müəllif yazırdı ki, “Həmən bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, yalnız unudulmuş kəlmələri bu kitaba aldım. Türk dilinə sonradan girmiş sözləri yazmadım”. Yabançı sözləri yox, ancaq təmiz türk sözlərini lüğatə daxil edən M.Kaşğari doğru bir elmi yol tutmuşdur. Mahmud Kaşğarinin bir fikri də çox vacib və əhəmiyyətlidir, deyir ki, ən təmiz türk dili başqa millətlərlə təmasda olmayan, yəni dilinə yad kəlmələr qarışmamış türklərin dilidir. Böyük alim sanki gələcək əsrlərdə ərəb və fars dillərinin ədəbi dilimizi qəliz izafətlərlə, yabançı sözlərlə yükləməsinin təhlükəsini çox öncədən görürdü.

Türkologiya tarixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilində latın qrafikası ilə ilk tərcüməsi Xalid Səid Xocayevə məxsusdur. Xalid Səidin əqidəsi və məfkurəsi türkçülük idi. Belə güman edilir ki, Xalid Səid həbs olunan gecə NKVD əməkdaşları tərəfindən “Divanü lüğat-it-türk”ün tərcüməsinin bir nüsxəsi müsadirə edilərək götürülmüş və alimin bir çox əsərləri kimi, “Divan” da məhv edilmişdir. Xoşbəxtlikdən “Divanü lüğat- it-türk” əsərinin tərcüməsi Dilçilik İnstitutunun arxivində qorunub saxlanılmışdır. 2021-ci ildə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın axtarışına çıxır və bu axtarış uğurla nəticələnir. Düz 86 ildən sonra kəmtaleli kitabın taleyinə Günəş doğur, “şəhid bir alimin sahibsiz qalmış elmi mirası”nın tapılma tarixi məhz o gündən başlayır − 19 yanvar 2022-ci ildən.
Kaşğari irsinin günümüzə gəlib çatmasında böyük xidmətləri olan şəhid alim Xalid Səid Xocayevə, Ramiz Əsgərə Uca Tanrıdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla anırıq.

“Divanü lüğat-it-türk”ün haqqında söz açdığım nüsxəsini itmək, unudulmaq təhlükəsindən xilas edən dəyərli professor Nadir Məmmədliyə bu fədakarlığına görə minnətdarlığımı ifadə edirəm.

Cavanşir FEYZİYEV, Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Prezidenti

  • Paylaş: