Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayıran ədalətsiz qərar
27.06.2024 11:11
  • A-
  • A
  • A+

Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayıran ədalətsiz qərar

“Bildiyiniz kimi, Naxçıvan Azərbaycanın materik hissəsindən ayrılıb. Onların arasında Zəngəzur yerləşir. Zəngəzurun Ermənistana verilməsi Türk dünyasında coğrafi parçalanma yaratdı”.

Prezident İlham Əliyev

Ermənilər XX əsrin əvvəllərindən Zəngəzuru işğal etmək üçün hərəkətə keçdilər və əsrin sonunda buna nail ola bildilər. Strateji əhəmiyyətli Zəngəzur Azərbaycanın cənub-qərbində, İranla sərhəddə yerləşir və Ermənistanın cənub-şərqini əhatə edir. Keçmiş türk-müsəlman torpaqları olan Zəngəzur bölgəsinin əhalisinin etnik tərkibinin dəyişməsi XIX əsrin əvvəllərində rus qoşunlarının işğalından sonra başlamışdır. Ado təxəllüslü erməni yazıçısı Ovanesa Ter-Martirosyan yazır ki, XX əsrin əvvəllərində Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur rayonundakı 406 kənddən 314-də müsəlmanlar, qalan 92 kənddə isə ermənilər yaşayırdı.

Rus bolşevikləri rus işğalına qarşı qəti mübarizə aparan Njde, Dro kimi generalların əsas söz sahibi olduğu Ermənistanı sovetləşdirməyin asan yolunu onların niyətlərini gerçəkləşdirməklə, yəni Azərbaycan torpaqları hesabına Ermənistanın "böyüdülməsi", ermənilərin şirnikləndirilməsində tapmışdı. Həm də 1918-ci ilin iyunundan başlayaraq Osmanlı ordusunun Azərbaycana hərəkəti, erməni, ingilis, rus  silahlı qüvvələrini qovub Bakını və bütün Azərbaycanı xilas etməsi də Moskvanın yaddaşında idi, onlara görə belə bir vəziyyətin təkrar olunma ehtimalını aradan qaldırmaq üçün Osmanlı dövləti ilə Azərbaycanın quru əlaqəsini kəsmək, ərazi bütövlüyünü parçalamaq lazım gəlirdi. Anadoluda 6 vilayəti birləşdirməklə müstəqil Ermənistan dövləti yaratmaq planları pozulan ABŞ, Böyük Britaniya, Fransa, Rusiyanın həmin ssenarinin Qafqaza - Azərbaycan türklərinin tarixi torpaqlarına keçirmək hesabına kompensasiya etməkdən razı qalacağı da nəzərə alınmışdı. 

Bolşevik Rusiyası 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətini hərbi təcavüzlə iğal, istila edib özünün qanlı bolşevik hakimiyyətini qurdu, Azərbaycanda söz, külli-ixtiyar sahibi, sükan rus bolşeviklərinin əlinə keçdi, hər şey işğalçı qırmızı ordunun komandirləri İ.V.Stalin, S.M.Kirov, Q.K.Orconikidze, M.K.Levandovski, A.İ.Mikoyan, V.Pankratov və b. iradəsinə tabe idi. 

10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistanı arasındakı bağlanmış hərbi-siyasi müqavilənin 3-cü maddəsində məxsusi yazılmışdı: "Rusiya hökuməti İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır". Bu barədə rus, erməni, Azərbaycan mətbuatı ilə yanaşı, Fransanın paytaxtı Parisdə çıxan "L,OEUVRE" qəzetinin 1920-ci il 1 iyul tarixli nömrəsində də materiallar dərc olunmuşdu. "Entre Russes et Armeniens" başlıqlı məqalədə yazılırdı: "Rusiya Zəngəzuru erməniləşdirdi. Ermənistan Respublikası ilə Azərbaycanın tatarlar (Azərbaycan türkləri) yaşayan bölgəsinin Ermənistana verilməsi barədə müqavilə imzalandı".

Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafbüronun üzvlərinin keçirilən birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqranın məruzəsi” müzakirə edildi. İclasda Nərimanov, Hüseynov və Yeqorov, Stalin, Orconikdze, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qarayev iştirak edirdilər. Məxfi qərarlar qəbul edildi. Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinin əks olunmasına dair məsələ barədə Siyasi Büro üzvləri belə bir fikir söylədilər ki, bu, siyasi və strateji baxımdan faydalı deyildir və yalnız ən çıxılmaz halda edilə bilər. Yəni Azərbaycana məxsus olan bir ərazini onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilmədi. Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi.

Beləliklə də, Zəngəzurun Ermənistana verilməsi ideyası məhz 1920-ci ilin noyabr ayının sonlarında gündəliyə gəldi. Orconikidzenin təbirincə belə bir addımın atılması strateji baxımdan iki məqsədə xidmət etməli idi. Birincisi, sovetləşmə prosesində erməni kommunistlərinin əlini gücləndirməli, ikincisi isə türklərin Bakıya quru yolunu bağlamalı idi. 

1920-ci il noyabrın 16-da İ.V.Stalin Vladiqafqazdan V.İ.Leninə göndərdiyi şifrəli teleqramda yazırdı: “Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, indi İranda yeganə real hakimiyyət İngiltərədədir. Belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasına vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi qərbdən olan hücumların qorunması üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün indi Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa cəhbəsini əllərindən alar və Şimali Qafqaz donmuş olar”.

1920-ci ilin noyabr ayının 23-də Bakıdan qayıdarkən Rostovdan Leninlə əlaqəyə girən Stalin Orconikidzenin Bakı üçün “narahatçılığını” ona bildirir. Orconikidzenin məlumatına istinad edərək, Stalin qeyd edirdi ki, indi Bakı üçün əsas təhlükə türklərin Azərbaycanla ümumi sərhədlərə cəhd göstərmələrindən irəli gəlir və Orconikidzenin fikrincə, Zəngəzuru Ermənistana verməklə türklərin niyyətlərinə mane olmaq mümkündür. Stalin özünün də bu təklifə tərəfdar olduğunu Leninə bildirirdi. Hətta həyasızcasına Orconikidze məsələyə “hüquqi” don geyindirmək üçün məsləhət görürdü ki, Zəngəzurun Ermənistana verilməsi təklifi Moskvadan gəlməməli və bu ideya Nərimanovun dilindən səslənməlidir. Müvafiq təklifin Azərbaycandan gəlməsi daha uyğun görüldü. Siyasi Büronun Naxçıvan və Zəngəzur haqqında fikrinin motivlərini tərtib etmək Nərimanova tapşırıldı.

Tapşırığı yerinə yetirən N.Nərimanov 1920-ci il dekabrın 1-də Bakı Sovetinin məxsusi olaraq Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə Dövlət Teatrında keçirilən təntənəli "tarixi" iclasındakı bəyanatında Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Daşnakların “Aşxatavor” (“Zəhmətkeş”) qəzeti bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini yazırdı. Sovet mətbuat bürosunun müdiri Yerofeev N.Nərimanovun məlum bəyanatından bir neçə gün sonra, dekabrın 10-da G.Çiçerinə həmin qəzetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərdi. Qəzet yazırdı: “Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq”. “Aşxatavor” qəzeti daha sonrakı yazılarında daşnak iddialarını gerçəkləşdirdiklərinə sevinirdilər. 

1921-ci ilin 3 iyununda RK[b]P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə iclas keçirib məxfi qriflə Zəngəzur məsələsini müzakirə etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərara təkrar baxıldı. Bir nəfər də olsa azərbaycanlı, müsəlmanın iştirak etmədiyi iclasda əsas məqsəd yenə də cızılmış ssenarini başa çatdırıb reallaşdırmaqdan ibarət idi; Azərbaycanla Osmanlını bir-birindən ayırmaq, arada maneə, kardon Ermənistanın ərazisini genişləndirmək, gücləndirmək, Azərbaycanı zəiflətmək idi. Beləliklə, tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvanın Azərbaycan, Türkiyənin Azərbaycan və Türk dünyası ilə quru əlaqəsi kəsildi. Ermənilər XX əsrin əvvəllərində Zəngəzuru ələ keçirməyə kömək edən dövlətlər sayəsində işğalı başa çatdırdılar. Zəngəzurun Azərbaycandan Ermənistana verilməsi nəticəsində Azərbaycanın əsas hissəsi Naxçıvandan ayrılmış və böyük Türk dünyası coğrafi cəhətdən səpələnmişdir. 1933-cü ildə Zəngəzurun Azərbaycandan zorla qoparılaraq Ermənistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Sisian və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan (707 kv.km), Qubadlı (802 kv.km), Laçın (1835 kv.km) rayonları yaradıldı. Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Şura Hökumətinin tərkibində mövcud olmuş Zəngəzur qəzası coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silindi.

Nərgiz RƏSULOVA, AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, t.ü.f.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: