Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Həmçinin 2024-cü ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlər keçiriləcəkdir. Azərbaycanda "yaşıl dünya"nın və onun elementlərinin qorunması, qlobal ekoloji dəyişikliklərlə mübarizə, ətraf mühitin sağlamlaşdırılması istiqamətində dünya birliyi tərəfindən də təsdiqini tapan bir sıra uğurlar əldə edilmişdir. Bu uğurlarda Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə formalaşdırdığı və dövlət başçısı İlham Əliyevin davam və inkişaf etdirdiyi ekoloji siyasətin mühüm rolu vardır. Bu siyasətin uğurlarının başlıca səbəbi Azərbaycan elminin nailiyyətlərinə, elm korifeylərinin tədqiqatlarına, ideya, fikir və tövsiyələrinə əsaslanmasıdır. Azərbaycanın "yaşıl dünya" siyasətinin formalaşdırılmasında, böyük uğurların qazanılmasında, Vətən təbiətinin, bioloji müxtəlifliyinin qorunmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində, ölkədə "yaşıl inqilab"ın həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin müstəsna xidmətləri olmuşdur.
Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin dəstəyi və himayəsi ilə Azərbaycanda biologiya, aqrar və ekologiya elmlərinin yeni inkişaf dövrünə qədəm qoymasında, canlı təbiətin, biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi, Azərbaycanın yaşıl örtüyünün genişləndirilməsi ilə bağlı strateji siyasətin formalaşdırılması və taktiki addımların hazırlanmasında akademik Cəlal Əliyevin rolu danılmazdır və qlobal əhəmiyyətə malikdir.
Faydalı elmlə uğurlu siyasətin bağlılığının vacibliyini yüksək şəkildə dərk edən Ulu Öndər Heydər Əliyev deyirdi: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur". Akademik Cəlal Əliyev məhz dərin fundamental elmi tədqiqatlarını praktik cəhətdən tətbiqinə nail ola bilmiş və bu ideyanı uğurla davam etdirən elmi məktəb yaratmışdır.
Ömrü boyu elmin təmizliyi və elmi həqiqətin təntənəsi prinsiplərinə sədaqət hissi ilə yaşamış böyük alimin nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatları Yer üzərində yaşamın, "yaşıl dünya"nın əsası olan fotosintez prosesinin sirlərinin kompleks şəkildə öyrənilməsinə, bitkilərin varlığının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarının dərk edilməsinə həsr edilmişdir. Akademik Cəlal Əliyev kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını öyrənmişdir. Görkəmli alimin rəhbərliyi ilə aparılan kompleks tədqiqat işləri həmçinin Azərbaycanın yaşıl örtüyünün, biomüxtəlifliyin və onun genetik ehtiyatlarının tədqiqi, qorunub saxlanılması və səmərəli istifadəsinə yönəldilmişdi. Cəlal müəllim öz dövründə bütün bu sahələrdə elə bir başlanğıc qoymuşdur ki, hələ uzun illər elmin müvafiq sahələrində əldə edilən hər bir nailiyyətdə birbaşa və ya bilavasitə onun izləri, töhfələri hiss olunacaqdır.
Öz şəxsiyyətində nadir istedadla yüksək dərəcəli əməksevərliyi, intellektual təfəkkürlə sağlam əqidəni, ensiklopedik biliklərlə elmi erudisiyanı, güclü məntiqlə dərin müşahidə qabiliyyətini, mənəvi kamilliklə prinsipiallığı üzvi şəkildə birləşdirən akademik Cəlal Əliyevin fotosintez və fototənəffüs prosesləri ilə bağlı əldə etdiyi nailiyyətlər, uğurlu elmi yaradıcılığı təkcə Azərbaycanın deyil, həmçinin dünyanın biologiya və aqrar elmləri üçün böyük əhəmiyyət daşıyır.
Akademik Cəlal Əliyev tərəfindən fotosintez və fototənəffüs proseslərinin müqayisəli tədqiqi ilə aşkar edilmişdir ki, fototənəffüs bitkilər üçün həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif üsullarla bu prosesi azaltmaq cəhdləri əsassızdır. Alimin fototənəffüs prosesi ilə bağlı əldə etdiyi qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılmışdır.
Akademik Cəlal Əliyevin çətin və keşməkeşli həyat yolu, zəngin ictimai-siyasi fəaliyyəti əsl həyat məktəbidir. Elmdə və elmə münasibətdə daim həqiqət axtaran yorulmaz tədqiqatçı bu yolda bəzən siyasi və mənəvi təzyiqlərlə üzləşmiş, lakin iradəsi, cəsarəti və haqqa, ədalətə sadiq olması sayəsində bu çətinliklərdən üzüağ çıxmışdır.
Məlumdur ki, 1980-ci illərin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan tarixində ən keşməkeşli, gərgin bir dövrdür. Bu o zamanlar idi ki, xalqımız özünüaxtarış və dərketmə yoluna, müstəqillik uğrunda mübarizəyə çıxmışdı və bu mübarizədə demək olar ki, lidersiz, başsız qalmışdı. Belə bir çətin dövrün ağırlıqlarını çiyinlərində daşıyan, Ulu Öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasının reallaşdırılmasına ən dəyərli töhfələr vermiş şəxslərdən biri, bəlkə də birincisi məhz Cəlal Əliyevdir.
Bu böyük ictimai-siyasi xadim həyatın ən çətin anlarında Ulu Öndərə və şəxsən özünə qarşı total hücumların geniş vüsət aldığı zamanlarda belə haqq yolundan heç vaxt çəkilməmiş, elmi tədqiqatlarını dayandırmamış, elm və insanlıq, xalqın gələcək rifahı və təhlükəsizliyi naminə axtarışlarını davam etdirmişdir.
Öz tədqiqatlarının 1950-1970-ci illəri əhatə edən erkən dövründə böyük alim tərəfindən kənd təsərrüfatı bitkilərində (xüsusilə, dənli bitkilərdə) gedən fizioloji və biokimyəvi proseslərin xüsusiyyətləri, onların və xarici mühit amillərinin fotosintez prosesi ilə qarşılıqlı əlaqəsi, bitkilərin məhsuldarlığında mikroelementlərin rolu, yüksək və keyfiyyətli məhsul alınmasında günəş enerjisinin faydalı iş əmsalını nəzərə almaqla prosesin optimallaşdırılması məsələləri öyrənilmişdir. Elmdə yeniliklərə, yeni yanaşmalara daim həssaslıqla yanaşan alim ərzaq və ətraf mühit problemlərinin həllinə real töhfələr verən, ideal göstəricilərə maksimum yaxınlaşan bitki sortlarının yaradılmasını həyat və fəaliyyətinin məqsədlərindən biri olaraq seçmişdi. Gənc alimin bu ideyaları 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiə etdiyi "Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı" mövzusunda dissertasiya işində mükəmməl və ətraflı şəkildə əks olunmuşdur.
Onun elmi yaradıcılığı öz zənginliyi, fundamental yeniliyi, biologiyanın yeni istiqamətlərinin (molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika, kompüter biologiyası) yaranması, bu istiqamətdə dünyəvi əlaqələrin inkişafı ilə seçilir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilən, 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışan bu böyük elm təşkilatçısı Azərbaycan elminin düzgün istiqamətləndirilməsi və inkişafında, dünya elminə inteqrasiyasının dərinləşdirilməsində, beynəlxalq elmi təşkilatlar və tanınmış xarici mərkəzlərlə əlaqələrin qurulması və gücləndirilməsində misilsiz xidmətlər göstərmişdir.
Azərbaycan aqrar elmi qarşısında mühüm xidmətlərindən biri də intensiv sortların yaradılmasında və yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyan, bir-birindən kəskin fərqlənən on minlərlə nümunələrdən ibarət irihəcmli zəngin milli buğda genefondunun yaradılmasıdır. Bu gün milli buğda genefondu Azərbaycanın Milli Genbankında, Əkinçilik ET İnstitutunun genbankında, digər müvafiq elmi tədqiqat institutlarının və universitetlərin kolleksiyalarında saxlanılır, artırılır, öyrənilir və bitki tədqiqatlarında səmərəli istifadə olunur. Mühafizə edilən nümunələr arasında yabanı buğda növlərini, qədim xalq seleksiyası sortlarını əhatə edən nümunələr də az deyildir.
Bu genefondun istifadəsi ilə qlobal iqlim dəyişikliklərinə adaptiv, müasir dövrün tələblərinə cavab verən, müxtəlif torpaq-iqlim şəraitinə hesablanmış 60-dan çox qiymətli buğda sortu yaradılaraq rayonlaşdırılmışdır.
Əkinçilik ET İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında vaxtilə akademik Cəlal Əliyev tərəfindən əsası qoyulmuş və daim yenilənən canlı tarla buğda genbankı da zənginliyi, dəyərli nümunələri və ondan yararlanmaqla aparılan seleksiya fəaliyyətləri ilə fərqlənir. Burada yerli xalq və elmi seleksiya sortları, Azərbaycan mənşəli digər tetra və heksaplid buğda növlərinə aid nümunələr, qiymətli genetik stok və seleksiya materialları qorunub saxlanılır, öyrənilir, səmərəli istifadə olunur.
Akademik Cəlal Əliyevin 95 illik yubileyi mühüm elmi tədbirlərlə yadda qalmışdır. 16 noyabr 2023-cü il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə "Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı" mövzusunda akademik Cəlal Əliyev qiraətləri keçirilmiş, bu mühüm elmi tədbirdə plenar məruzəçi fotosintez sahəsində dünya şöhrətli alim, Beynəlxalq İpək Yolu Elmlər Akademiyasının Start Komitəsinin üzvü, Macarıstanın Elmlər Akademiyasının Bioloji Tədqiqat Mərkəzinin professoru, Çexiya Respublikasının Ostrava Universitetinin dəvətli professoru, Biofotonika R&D Ltd.-nin baş direktoru Gyozo Qarab olmuşdur. Böyük uğurla həyata keçirilmiş və xüsusən gənclər üçün ustad dərsləri rolunu oynamış "Akademik Cəlal Əliyev qiraətləri"ndə, həmçinin Cəlal müəllimin davamçılarının fotosintez prosesinin müxtəlif problemləri ilə bağlı məruzələri də xüsusi maraqla dinlənilmişdir.
Onu da qeyd edək ki, akademik Cəlal Əliyevin doğum gününün elmi tədbirlərlə yad edilməsi ənənə halına almışdır. 2024-cü il iyunun 27-28-i tarixlərində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin anadan olmasının 96-cı illiyinə və "Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olunmuş "Qlobal iqlim dəyişiklikləri, fotosintez və dayanıqlı həyat" mövzusunda konfrans keçirilmişdir.
1970-ci ildən başlayaraq akademik Cəlal Əliyev tərəfindən zəngin genetik müxtəlifliyə, dərin elmi biliklərə əsaslanaraq Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitkilərin seleksiyası sahəsində yeni elmi nəzəriyyə formalaşdırılmışdır. Böyük alim qeyd edilən bu nəzəriyyədən faydalanmaqla ilk dəfə təcrübi yolla yeni intensiv tipli, yüksək keyfiyyət göstəricilərinə malik sortların yaradılmasına və tətbiqinə imkan verən fundamental elmlə istehsalat-sahə tədqiqatlarının dünyada analoqu olmayan yeni formada vəhdətini, inteqrasiyasını yarada bilmişdi.
Qiymətli fotosintez əlamətlərinin irsən keçməsinin və ümumiyyətlə, irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası - "ideal" tipə yaxın sortların yaradılması üzrə məqsədyönlü seleksiya işlərinin kompleks şəkildə həyata keçirilməsi onun adı ilə sıx bağlıdır.
Fototənəffüs prosesinin 55 il öncə kəşf olunmasına və onun biokimyasının demək olar ki, aydınlaşdırılmasına, bu prosesin çoxsaylı fermentlərinin öyrənilməsinə, əsas fermentlərdən olan fosfoqlikolatfosfotazanın genetik kodunun aşkar olunmasına baxmayaraq, onun tədqiqi bu gün də intensiv davam etdirilir.
Akademik Cəlal Əliyevin əldə etdiyi nəzəri və təcrübi nəticələr fototənəffüs prosesinin dərindən dərk olunmasına imkan yaratmış, o, fototənəffüsün israfçılıq olması barədə əvvəllər çox geniş yayılmış fikirlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən müxtəlif buğda genotipləri üzərində çoxillik məqsədyönlü tədqiqat işlərinin nəticələrinə əsasən sübut etmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik prosesdir. Belə ki, bitkilərin yüksək məhsuldarlığı həm fotosintezin, həm də fototənəffüsün yüksək intensivliyi ilə səciyyələnir.
Alınan nəticə 2011-ci və 2013-cü illərdə Bakıda keçirilən Fotosintez konfranslarında plenar məruzə kimi təqdim olunmuş və konfrans iştirakçıları tərəfindən çox yüksək səviyyədə qarşılanmışdır. Eyni zamanda bu nailiyyət Avropa Bitki Bioloqları Cəmiyyətinin rəsmi dövri nəşri olan nüfuzlu, yüksək impakt faktorlu "Physiologia Plantarum" jurnalında çap olunmuşdur. Dünyada ilk dəfə olaraq azərbaycanlı alimin məqaləsini əks etdirən görüntünün jurnalın üz qabığında verilməsi və məqalənin 1-ci iş kimi çap olunması onun nə qədər yüksək elmi dəyərə malik olduğunu göstərir.
Akademik Cəlal Əliyev yeni buğda sortlarının yaradılmasında, seleksiya prosesinin qısaldılmasında və səmərəliliyinin artırılmasında kompleks yanaşmanın vacibliyini israr etmiş, seleksiyaçılarla bərabər hər zaman fizioloqların, kimyaçıların, fitopatoloqların, entomoloqların birgə fəaliyyət göstərmələrini məsləhət bilmişdir.
Onun tərəfindən və rəhbərliyi ilə yaradılmış bitki sortları respublikanın müxtəlif aqroiqlim bölgələrinin yerli şəraitinə uyğun olmaqla və ətraf mühit amillərinin təsirinə qarşı adaptiv xüsusiyyətlərini qorumaq qabiliyyəti, yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə seçilir. Hər hektardan 70-80 sentner taxıl əldə edən fermerdən hansı sortdan istifadə etdiyini soruşduqda onun qürurla: "Cəlal müəllimin sortudur", - deyə cavab verməsi Azərbaycan əkinçisinin daha əcnəbi seleksiyaçılardan asılı olmadığına inam yaradır. Bu, doğrudan da, hər bir vətənpərvər azərbaycanlı üçün çox böyük fəxrdir.
Onu da qeyd edək ki, Cəlal Əliyevin özündən sonra da davam edən çoxcəhətli və hərtərəfli seleksiya proqramı daim fəaliyyətdə və inkişafda olan, təkrarolunmaz, hissələri bir-birini tamamlayan, dayandırılması və ya zəiflədilməsi mümkün olmayan bir mexanizm sistemdir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bu sistemi pozmağa bir çox ciddi cəhdlər edilmiş, seleksiyaçı alimlər işdən kənarlaşdırılmış, məqsədyönlü elmi seleksiya işlərinin aparılmasına lazımi şərait yaradılmamışdı. Həmin illər Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazası erməni vandalları tərəfindən zəbt olunub mənimsənilərək daha sonra yerlə-yeksan edilmiş, Əkinçilik İnstitutunun cəbhə bölgəsində yerləşən Tərtər Bölgə Təcrübə Stansiyasında işlər zəifləmişdi.
Məhz bu mürəkkəb illərdə akademik Cəlal Əliyev təqib və təzyiqlərə baxmayaraq, əsasını qoyduğu seleksiya proqramını həyata keçirmək üçün alimləri öz ətrafında sıx birləşdirmiş, ruhdan düşməyə qoymamışdı. Lazımi dəstəyi görməsə də, respublikada yeni məhsuldar və keyfiyyətli buğda sortlarının yaradılması onun və rəhbərlik etdiyi bir qrup əməkdaşın öhdəsinə düşmüşdü. Əlamətdar haldır ki, bütün çətinliklərə baxmayaraq, hətta o illərdə də yüksək məhsuldar buğda sortlarının yaradılması və rayonlaşdırılması istiqamətində işlər dayanmamışdı.
Akademikin Azərbaycanın bioloji müxtəlifliyinin tədqiqi, mühafizəsi və səmərəli istifadəsi sahəsində də fəaliyyəti böyük bir epoxadır. Hər hansı xalqın rifahı, dövlətin iqtisadi qüdrəti, ərzaq təhlükəsizliyinin təmin edilməsi bir çox hallarda "yaşıl dünya"nın vəziyyətindən, ərazinin bioloji müxtəlifliyindən, eləcə də onun idarə olunmasının mövcud durumundan asılıdır.
Akademik Cəlal Əliyev biomüxtəlifliyə, xüsusən mədəni bitkilərin yabanı əcdadlarına bitki yaxşılaşdırılması proqramları üçün tükənməz mənbə kimi baxırdı. Bu mənbənin kasadlaşmasına bəşəri fəlakət kimi baxırdı. Akademik "Bioloji müxtəliflik bəşəriyyətin sərvətidir" məqaləsində bununla bağlı göstərirdi: "Dünyada 15 milyondan çox canlı mövcuddur və hər gün onların 100-ə yaxını məhv olur. Lakin onların məhv olması bir çox hallarda hiss edilmir. Bəşəriyyət isə belə itkilərdən olduqca böyük ziyan çəkir. Təxminən 265 min bitki növündən yalnız 5 mini ərzaq məhsulları üçün becərilir. Elmi seleksiyada yüksək məhsuldar sortların yaradılmasında xəstəlik və zərərvericilərə azdavamlı formaların nəzərə alınmaması kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarını məhdudlaşdırmışdır. Yabanı formalardan daha davamlı genləri köçürməklə itirilmiş əlamətləri bərpa etmək olar".
1995-ci ildə akademik C.Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə respublikanın müstəqillik əldə etdiyi dövrdən sonrakı vəziyyəti əks etdirmək üçün bitki genetik ehtiyatları ətraflı təhlil olunaraq, geniş məruzə hazırlanmış və FAO-ya təqdim edilmiş, Bitki Genetik Ehtiyatlarına dair Milli Proqram yaradılaraq BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatına (FAO) göndərilmişdir. Bütün bu işlər beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan FAO-ya qəbul olunmuşdur. Respublikada Biomüxtəlifliyin Genetik Ehtiyatları Proqramının rəhbəri akademik Cəlal Əliyevin başçılığı ilə 1996-cı ildən bəri genetik ehtiyatların toplanması, artırılması və saxlanılması sahəsində böyük işlər görülmüşdür. Onun təşəbbüsü ilə Bioloji Müxtəlifliyə dair Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2000-ci ildə ratifikasiya olunmuşdur.
Akademik Cəlal Əliyev həmişə gənc alimlərə arxa-dayaq olmuşdur. Onun biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya yönümlü müxtəlif ali təhsil müəssisələrindən seçərək AMEA-nın Botanika İnstitutunda və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda rəhbərlik etdiyi laboratoriya və şöbələrə işə cəlb etməklə təqribən 50 il ərzində yetişdirdiyi 300-ə yaxın alim bu gün Azərbaycanda və dünyanın ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Türkiyə, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya və s. kimi onlarla qabaqcıl ölkəsinin tanınmış elm və təhsil mərkəzlərində, nüfuzlu universitetlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, akademik Cəlal Əliyevin elmi məktəbini və ümumən Azərbaycan elmini layiqincə təmsil edirlər. Onun bilavasitə elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər doktoru və 81 elmlər namizədi hazırlanmışdır. Akademikin tələbələri yeni-yeni uğurlara imza atmaqla, Cəlal Əliyev məktəbinin şöhrətini daha yüksəklərə qaldırırlar.
Qeyd etmək lazımdır ki, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması akademik Cəlal Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş, 2016-cı il martın 1-də İnstitut Ədliyyə Nazirliyində qeydiyyata alınmış və 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyətə başlamışdır.
İnstitut 2022-ci ilin yayından AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərir. Hazırda burada 131 əməkdaş, o cümlədən 85 elmi işçi, 12 elmlər doktoru (onlardan 1 nəfər AMEA-nın həqiqi üzvü, 4 nəfər AMEA-nın müxbir üzvü, 1 nəfər Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 7 professor), 24 fəlsəfə doktoru çalışır.
Akademik Cəlal Əliyevin qiymətli əmanəti və yadigarı olan institut bu gün özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Bu fakt özünü əldə edilən elmi tədqiqat nəticələrində, beynəlxalq əməkdaşlığın təşkilində və kadr hazırlığında xüsusilə göstərir.
Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. Dünyanın bütün ölkələrində bu böyük elm adamının kəşflərindən söhbət açılmasına baxmayaraq, o, bir dəfə də olsun özündən razılıq hissini büruzə verməmiş, sadə elm adamları arasında özünü heç kimdən fərqləndirməmiş, əməyinə verilən bütün qiymətləri alimlər ordusunun uğuru saymışdır. Cəlal müəllimin hər tədqiqatı, hər ideyası, hər addımı "yaşıl əxlaq" mövhumunun arxasında gizlənən prinsiplərə sədaqət nümunəsi idi.
Akademik Cəlal Əliyev daim axtarışda olan bir elm xadimi idi. Onun çoxillik axtarışları olduqca məhsuldar olmuş, apardığı elmi tədqiqatların nəticələri öz əksini Azərbaycanda və xaricdə nəşr olunmuş 25 fundamental monoqrafiya və kitabda, 800-ə qədər elmi əsərdə və 20 müəlliflik şəhadətnaməsində tapmışdır.
Azərbaycan həqiqətlərini, daim qanı axan Qarabağ yarasının ağrılarını, xalqın torpaq itkisi ilə heç zaman barışmayacağını ən yüksək beynəlxalq tribunalardan dəfələrlə dünyaya bəyan etmiş Cəlal Əliyevin ruhu bu gün şaddır. Ona görə ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və Azərbaycan ordusunun şücaəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa edilmiş, Qarabağa "elmin böyük qayıdışı" bütün gücü ilə davam etməkdədir. Əminəm ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin 35 ildən sonra ilk dəfə regionu da əhatə etməsi, Xankəndidə Qarabağ Universitetinin yaradılması və bu il fəaliyyətə başlaması böyük bir tarixi hadisələr olmaqla, Cəlal müəllimin ruhunu sevindirir. Qarabağ torpaqlarının yaşıl örtüklü cənnətə çevrilməsi bu böyük şəxsiyyətin də arzularının çiçəklənməsi deməkdir.
Akademik Cəlal Əliyev bu gün aramızda olmasa da, onun yüksək uzaqgörənliklə başlanğıc verdiyi istiqamətlərdə elmi-tədqiqat və seleksiya fəaliyyətləri davam edir və edəcək, yaratdığı böyük məktəb daim yaşayacaq və inkişaf edəcəkdir. Bu məktəb gələcəkdə də yeni alim nəsillərini yetişdirəcək, Azərbaycan elmini yüksəkliklərə qaldıraraq ölkəmizin və dövlətimizin daha da çiçəklənməsinə, həmçinin "yaşıl dünya" naminə tədqiqatların genişlənməsinə, ölkəmizdə "yaşıl enerji" sahəsində də yeni-yeni elmi nailiyyətlərin qazanılmasına real töhfələr verəcəkdir.
İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik
“Respublika” qəzeti