Onun qabağında dayanmaq, irəliləyişlərinin qarşısını almaq çətin idi. Milləti deyib gələn "Molla Nəsrəddin" qısa vaxt parçasında düşüncələri fəth etməyi bacarmışdı. Əleyhdarları vardı, ayağının altını qazıyanlar az deyildi, amma sevənləri də gün-gün çoxalırdı. Rəqibləri, bədxahları, maneolanları lap birə-beş çoxalsaydı belə, daha ona qorxu yoxdu. Çünki bu dərgi başlanğıc mərhələ üçün bəlkə irəlicədən nəzərdə tutulduğundan da çoxuna artıq nail olmuşdu.
Heç bircə yaşını başa vurmamış "Molla Nəsrəddin"in yetişdirdiyi yeni bir nəsil böyüyürdü. Çox illər sonra, artıq "Molla Nəsrəddin"in tarixə çevrildiyi və özünün də 60 yaşının tamam olduğu çağlarda o dövrün tanınmış dilçi alimlərindən Səlim Cəfərov (1907-1978) xatirələrini qələmə almışdı. Səlim Cəfərov "Molla Nəsrəddin"dən bir yaş kiçik idi. Yazı-pozuya göz açıb, dünyanı dərk eləyəndə "Molla Nəsrəddin"i görmüşdü və təbii ki, "Molla Nəsrəddin" tərbiyəsi ilə böyüyənlərdən idi. Şəkidə seminariyada oxuduğu vaxtları xatırlayırdı ki, orada jurnal əl-əl gəzirmiş və öz yazmasınca, Səlimin ürəyindəki ən böyük arzu günlərin birində "Molla Nəsrəddin"in baş mühərriri Cəlil Məmmədquluzadəni görməkmiş. Səlim Şəkidə darülmüəllimini bitirincə onu Dağıstanda müəllimlik etməyə göndərirlər və artıq dərs dediyi vaxtlarda - 1927-ci ildə yolu düşür Bakıya. Son dekabr günləri imiş, soraq-soraq Cəlil Məmmədquluzadənin evinin yerini öyrənir, deyirlər ki, Poçt küçəsində yaşayır. Gəlib qapını döyür, Mirzə Cəlil özü açır. 1966-cı ildə bu xatirələri qələmə alarkən artıq yaşa dolmuş Səlim Cəfərov ovaxtkı gənclik təəssüratıyla yada salırdı ki, mollanəsrəddinçilərin hər biri, illah da ki, Cəlil Məmmədquluzadə mənə nəhəng insan kimi gəlirdi. Ancaq qarşımda orta boylu, sadə bir insan dayanmışdı. Dedim ki, mən Cəlil Məmmədquluzadə ilə görüşmək istəyirəm. Gülümsündü, "Buyurun, əyləşin, Cəlil mənəm", - dedi. Tanışlıq verdim, kimliyimi dedim, söylədim ki, gəlməkdə bircə məqsədim var - sizinlə tanış olmaq. Mirzə Cəlil hiss eləyirdi ki, sıxılıram, başladı müxtəlif söhbətlər eləməyə, oradakı dərs həyatından, müəllimliyimdən suallar verməyə. Axırda da mənim bu dərgiyə olan böyük həvəsimi nəzərə alaraq dedi ki, gəl səni də "Molla Nəsrəddin"ə qoşaq. Təəccübləndim ki, necə qoşaq? Dedi, sən orada - Dağıstanda bizim nümayəndəmiz ol, "Molla Nəsrəddin"in abunəsini təşkil elə. Və götürüb bir vərəqdə yazdı ki, bu arayışı təqdim edən müəllim Səlim Cəfərov "Molla Nəsrəddin" jurnalının Dağıstanda abunə yayıcısı olur, altında da tarix qoydu: 31 dekabr 1927-ci il.
Səlim Cəfərov elm-təhsil yolu ilə irəliləmişdi, cavan yaşında namizədlik, doktorluq dissertasiyalarını müdafiə etmişdi, əsilcə saxur ola-ola Azərbaycan dilinin ən qabil mütəxəssislərindən biri kimi şöhrətlənmişdi. Təbii ki, fəaliyyəti dövründə müxtəlif təltiflər, ödüllər də qazanmışdı. Ancaq layiq görüldüyü bütün fərdi adlar və mükafatlarından ona, etiraf etdiyi kimi, ən əzizi 1927-ci ilin son dekabr günündə Mirzə Cəlilin öz əli ilə yazdığı, altına imzasını qoyduğu həmin arayış idi.
1927-ci ildə hələ "Molla Nəsrəddin"in çıxacağı, Cəlil Məmmədquluzadənin yaşayacağı neçə illər qarşıda idi. Ancaq artıq "Molla Nəsrəddin" də, Cəlil Məmmədquluzadə də bu sözün şitləşdirilmiş anlamında deyil, elə birbaşa və doğru səslənişində, ümumxalq sevgisi qazanaraq əfsanələşmişdi. Demək, "Molla Nəsrəddin" xoşbəxt idi, çünki lap başlanğıcdan "Molla Nəsrəddin"in iki vacib vəzifəsi vardı: birincisi, yaddaşları silkələmək, yatanları oyatmaq; ikincisi və bəlkə daha mühümü - yetişən nəsil içərisində özünə dayaqlar, arxadaşlar, silahdaşlar tapmaq. Həmin gün ilk dəfə görüşdüyü Mirzə Cəlildən ustadın öz dəsti-xəttiylə yazdığı arayışı alan gənc müəllim, əlbəttə ki, bəxtiyar idi. Ancaq ondan ikiqat məsud olan Cəlil Məmmədquluzadə idi. Çünki zəhmətlərinin itmədiyi, mübarizələrinin bihudə keçmədiyini görürdü. Görürdü ki, onların apardığı xətti tutub gedən, onların mübarizə yoluna qoşulan coşqulu bir gənclik yetişir.
Mirzə Cəlildə yeni ümidlər və sabaha inam yaradan o görüş 1927-ci ilin bitəcəyində baş vermişdi, ancaq düz 20 il əvvəl - hələ bu cavanın dünyaya gəlmədiyi vaxtlarda, yola yenicə çıxmış "Molla Nəsrəddin"in 10 ayı tamam olub 11-ci ayı başlananda 1907-ci il yanvarın 6-da təzə ildəki ilk nömrəsi işıq üzü görmüşdü, qətiyyən əminlikləri yox idi ki, yenə də il boyu ardıcıl çıxa biləcəklərmi, əvvəlkindən də artıq səksəkələri vardı ki, istənilən anda bir badalaq vurub dərginin yolunu yarımçıq qıra bilərlər, nigaranlıqları həmin nigaranlıq idi ki, görən, bu sayımız yayılandan sonra hədə-qorxu hansı səmtdən gələcək. Bütün bunlar vardı, ancaq bundan yüz qat artıq qətiyyətləri vardı ki, xəttimiz düzdür, işimiz haqq işidir və nəzərləri ən sarsılmaz ümidlərlə sabaha dikilmişdi. Bu gümanımın təsdiqi yalnız çeşidli xatirələr deyil, həmin "Molla Nəsrəddin"dir ki, yeni ilin ilk günlərində "Qeyrət" mətbəəsində basılaraq redaksiyaya daşınmışdı, indi müxtəlif ünvanlara göndərməkçün bölüşdürürdülər. Dərginin o nömrəsindəki yazıların da, karikaturaların da az qala hamısı məktəbə, təhsilə, oxuyub-öyrənməyə həsr edilmişdi. Bunu da səbəbsiz etməmişdilər, düşünüb-daşınmışdılar, həm dünənə, həm də daha çox sabaha baxaraq belə etmişdilər və dərginin bu sayını açan "Qazancımız" adlı yazıda Mirzə Cəlil mətləbə aydınlıq gətirirdi: "Aşkardır ki, hər iş sahibi ilin axırında çotqu və dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. Mən də bir həftə bundan irəli yoldaşlarımı yığdım başıma, qapını örtdük və başladıq hesab görməyə.
Məlum oldu ki, bu doqquz ayın müddətində otuz doqquz nömrə "Molla Nəsrəddin" jurnalı yazmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz doqquz mütrüb şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz məşədi və kərbəlayıları özümüzdən incitmişik".
Sadalamaqda davam edirdi ki, 39 sayımızda 1999 qumarbaz, rəmmal, ilan oynadan, falçı, qaraçı, əfsungər, sehrbaz, quşbaz, itbaz və digər belə-belə şəkillər çəkmişik və həmin rəsmləri çəkməyimizin ucbatından da islam aləminin yüzdədoxsanı bizimlə düşmən olub. Və nəticə çıxarırdı: "Pəh, pəh, pəh! Afərin belə qazanca, afərin belə alış-verişə! Həqiqət, hər kəs bizə ağıllı desə, heç özünün ağlı yoxdur".
Təbii, Molla bunu rişxəndlə deyirdi və bütün bu naqisliklərin baisinin ilk növbədə cəhalət, savadsızlıq, məktəbsizlik olduğunu dərk edirdi, ona görə də yeni ildəki ilk sayını başdan-sona bu vacib mövzuya həsr etmişdi.
Ancaq bu 9 aylıq əməyə "Molla Nəsrəddin"in məzə ilə verdiyi qiymət öz yerində. İş kənardan da görünürdü axı. Özünü tam təsdiqləyə, ayaq üstə dura bilmişdi. "Zaqafqaziya" 30 yanvar tarixli 24-cü sayında yazırdı ki, "Keçən ildən bəri Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" adlı yumoristik müsəlman jurnalı öz oxucuları arasında getdikcə daha artıq maraq cəlb edir. Az zamanda nəşr edilməsinə baxmayaraq, redaktoru istedadlı Cəlil Məmmədquluzadə olan bu jurnal Rusiyada deyil, hətta İranda və digər müsəlman ölkələrində də özünə geniş oxucu kütləsi qazanmışdır. Onun yazıları, şəkilləri yüksək bədii səviyyədə olub böyük itiağıllılığa malikdir".
"Zaqafqaziya"nın dəyərləndirməsi nə qədər maraqlı olsa da, hər halda bu, imperiya ərazisində yayılan bir nəşr idi. Bəs daha uzaq xaricdə "Molla Nəsrəddin" haqqında hansı bilgilər vardı? Soraq Parisdən gəlirdi. "Revyu dü monde musulman" jurnalı "Molla Nəsrəddin"ə səkkiz səhifəlik icmal yazı həsr eləmişdi. Yalnız "Molla Nəsrəddin"in bircə sayına - 1906-cı ildə çıxan 25-ci nömrəsinə həsr edilən məqalədə şəkillər, yazılar müfəssəl təhlil olunur, bu dərginin üstünlüyü Rusiyada, yaxud Yaxın və Orta Şərqdə nəşr edilən hansısa başqa oxşar jurnala nisbətən götürülmürdü: "Çap edilmiş rəngli şəkillər çox kəskin və dərindir, satirik baxımdan özü kimi Avropa nəşrləri ilə yanaşı qoyulmağa layiqdir".
Məqalənin sonunda ifadə edilən qənaətsə daha düşündürücüdür. Çünki bu yanaşma "Molla Nəsrəddin"in gördüyü böyük işlərin fəlsəfəsini açır, bu fəaliyyətlərin yalnız Azərbaycana deyil, müsəlman Şərqinə başucalığı gətirdiyi, dərginin səviyyəsinin müsəlman mədəniyyətindəki inkişaf sürətlərinin meyarı olması fikri təsdiqlənirdi: "İslamı min il bundan əvvəlki vəziyyətdə təsəvvür edənlərin nə dərəcədə yanıldığını bilmək üçün "Molla Nəsrəddin"in bircə sayını vərəqləmək yetər".
Beləcə, heç nəşrinin bircə ili tamam olmamış, vur-tut 9 ayın ərzində "Molla Nəsrəddin" jurnalı yalnız Azərbaycanın, türk düşüncəsinin deyil, bütövlükdə müsəlman dünyasındakı mədəni tərəqqinin göstəricisinə çevrilmişdi.
"Molla Nəsrəddin"in silahı gülüş idi. "Molla Nəsrəddin" yaraları gülərək sağaltmaq yolunu tutmuşdu. Bu gülüşün içərisində lağlağı da vardı, neştərləmə də, kinayə də. "Molla Nəsrəddin"in bir sıra əleyhdarları başqa iradları ilə yanaşı, bunu da söyləyirdilər ki, jurnal xalqı məsxərəyə qoyur. Və yəqin, elə o qəbil xatalı tərpənişləri ortaya çıxınca zərərsizləşdirməkçün "Tərcüman" 1907-ci ilin 8 fevralında "Molla Nəsrəddin" haqqında növbəti geniş yazısını dərc eləmişdi, tərifləyirdi, Rusiya məkanındakı digər türkdilli satirik dərgilərdən üstünlüyünü yenə qabardırdı və gəlirdi incə mətləb üstünə: "Çox zaman keçməz, "Molla Nəsrəddin"in qədr ü qiyməti məlum olar. Düşmən gülüşü ağırdır. "Molla Nəsrəddin" düşmən deyil, milli dost və müəllimdir. Bunun gülüşünə dözmək lazımdır. Çünki şər üçün deyil, xeyir üçün gülməkdir".
XX yüzilin əvvəllərində bütün türk dünyasına üz tutan və çox əhatəli coğrafiyada da oxunan "Tərcüman"ın bu məqaləsindəki xeyirxah təhlillər bir yana, onun təkcə "Molla Nəsrəddin"i millət dostu və müəllimi adlandırması nəyə desən dəyər. Belə nüfuzlu nəşrin belə ali qiyməti, heç bir ili başa çatmadan "Molla Nəsrəddin"in qazandığı belə hörmət və mötəbərlik, artıq millət ustadı, millət bələdçisi hesab edilməsi fərəhləndirməklə bərabər məsuliyyəti də dəfələrcə artırırdı.
"Molla Nəsrəddin"in digər müəllimlikləri öz yerində, bir başqa yönəldiciliyi, mühüm dərsverməsi də heç məqalələrinə-filanlarına keçməmiş, elə adicə elanından başlanırdı. Artıq 1906-cı ilin iyununda buraxılmış 12-ci sayından etibarən dərgi hər nömrəsində ilk səhifədəcə yuxarı başda bir xəbərdarlığını yerləşdirirdi: "İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar".
Özü duru, şirin ana dilində yazırdı və başqalarını da açıq, aydın Azərbaycan dilində yazmağa dəvət edirdi. Açıq Azərbaycan dili necə olardısa, hər sayında dərc etdiyi üslubu rəvan və aydın, qəliz ərəb-fars izafətlərindən uzaq, el dilində yazılmış irili-xırdalı məqalələri və şeirləri ilə örnək olaraq göstərirdi.
"Molla Nəsrəddin"in qığılcım olub düşüncələrə, könüllərə səpilməsindən savayı onun eyni qəbildən olan başqa əks-sədaları da vardı - öz nümunəsi ilə yoluxdurmaq, "sən də belə edə bilərsən" çağırışı ilə digər əli qələmliləri də birləşərək bu ruhlu və ovqatlı qəzet, ya jurnal araya-ərsəyə gətirməyə ilhamlandırmaq.
Onlardan biri 1907-ci ilin 19 fevralında Təbrizdə buraxılmış "Azərbaycan" jurnalı idi. "Molla Nəsrəddin"in əks-sədası kimi yaranmış bu jurnalın özünün əks-sədası iki-üç həftə ötməmiş Parisdən gəlmişdi.
1907-ci ilin martında həmin "Revyü dü monde musulman" yazırdı ki, hər həftə 8 səhifə çap olunan, şəkilli, 4 səhifəsi də azərbaycanca olan bu jurnal "Molla Nəsrəddin"in Qafqazda oynadığı rolu İranda yerinə yetirir.
"Molla Nəsrəddin"in ad-sanı artdıqca, yayılış dairəsi genişləndikcə, çağdaş düşünənlərin onu təqdir etməsi çoxaldıqca rəqibləri, əleyhdarları, düşmənləri də səsini daha şiddətlə və qeyzlə qaldırırdılar.
May ayının 25-də Bakıda iranlıların "İttihad" məktəbi şagirdlərinin imtahan məclisi keçirilir. Zahirən bu mərasimin Mirzə Cəlilə, onun dərgisinə nə aidiyyəti? Nitqlər bir-birini əvəz edirmiş, məktəbin öz ildönümünə hansı nailiyyətlərlə yetişməsindən, buradakı təhsilin keyfiyyətindən, müəllimlərindən danışırmışlar və Bakı qazısı Mirməhəmmədkərim Mircəfərzadə söz alır və çox uzatmadan birbaşa gəlir mətləb üstünə. Deyir ki, mən danışmazdım, ancaq din-şəriət qarşısında borcluluğum məni vadar edir ki, susmayım. Söyləyir ki, bir nəfər düşüb ortalığa, Tiflisdə "Molla Nəsrəddin" adında məcmuə çıxardır, əvvəldən başlayıb şeyxülislamı, müftini, üləmalarımızı biabır etməyə, axırda padşahlarımıza əl aparır, Sultan Əbdülhəmid, Müzəffərəddin şah üçün day nələr yazmayıb!
Qazı təcrübəli adamdı, camaatla necə danışmağı biləndi, kütlənin zəif və həssas damarından necə yapışmağın üsullarına bələddi. Deyir ki, "Molla Nəsrəddin" bu günəcən nə cəfəngiyatlar yazıb, özü bilər, Allahı bilər, ancaq axır vaxtlarda başlayıb islamın kökünə balta vurmağa, yazır ki, müsəlmanlar arvadlarını açıb versinlər xaricilər aparsın. Daha buna davam gətirmək olmaz, bunun müqabilində bir tədbir lazımdır.
Məclisə toplaşanları qınayır ki, siz də o məcmuəni üç şahı bir abbasıya alıb oxuyursunuz, mən öz tərəfimdən, cümlə üləmalar adından deyirəm, siz də gedib bir-birinizə xəbər verəsiniz ki, "Molla Nəsrəddin" jurnalını oxumaq şəriətcə haramdır və hər kəs bu sayaq jurnalın məhv olması üçün əlindən gələni etməlidir.
"İrşad" qəzetinin elə həmin il mayın 27-də çıxan sayındakı xəbərinə görə, qazının bu çağırışından sonra məclisdə iştirak edənlər arasından tək-tək "Sağ olsun "Molla Nəsrəddin" sədaları gəldisə də, onları tezliklə sakit etdilər.
İndi həmin həyəcanlı tarixçiləri başqa bir zaman içində saf-çürük edərkən diqqətəlayiq olan məhz o darmacalda da kirimişcə dayanmayıb "Molla Nəsrəddin"in müdafiəsinə qalxanların olmasıdır. Bir neçə nəfər səsini qaldırmışdısa, yəqin ki, hələ daha neçə nəfər də ürəyində o etiraz edənlərə şərik çıxan, ancaq sözünü deməyə cürəti çatmayan da varmış.
Elə həmin ərəfədə - 1907-ci il mayın 19-da "Molla Nəsrəddin"in 20-ci sayında Cəlil Məmmədquluzadənin "Müsəlman və erməni övrətləri" adlı məqaləsi dərc edilmişdi. Bu yazı elə ölçülü-biçili, cəmiyyət və din meyarları baxımından elə əsaslandırlmış idi ki, ona nəsə əmma qoymaq, harasındasa bir boşluq taparaq mübahisəyə girişmək müşkül idi. Təkfirə qalxmış əleyhdarları ən çox da yandırıb tökən o idi ki, bu məqaləsiylə Cəlil dini də, şəriəti də onlardan daha yaxşı bildiyini hamıya əyan edirdi, ona görə də məkrli niyyətlərinə çatmaqçün Mirzə Cəlilin yazdıqlarını tərs yozaraq, təhrif edərək camaatı çaşdırmaqdan savayı çıxış yolları qalmırdı. Mirzə Cəlil əldəqayırma üləmanın qarşısına elə kamil bir din alimi kimi çıxaraq yazırdı ki, dinimizin baş kitabı "Quran"dırsa, bu "Quran", bu meydan - Müqəddəs Kitabda qadının üz açmasını qadağan edən heç bir işarə yoxdur. Üç ayənin həm ərəbcəsini iqtibas edir, həm tərcümələrini verir və aydına çıxarırdı ki, bir para üləmanın üz açmağın haram olmasına dair gətirdikləri dəlillərin ən möhkəmi bunlardırsa, onların heç birində əmr olunmur ki, arvadlar üzlərini qapasınlar. Dəvət də eləyirdi ki, hansı din aliminin bu məsələlərlə bağlı qondarma hədislərlə deyil, dinin təməl kitabı ilə əsaslandıra biləcəyi sözü varsa, cavabını verməyə hazırıq. Misal çəkirdi ki, Ərəbistanda, İranın çox yerlərində, Osmanlıda və Rusiyada müsəlman övrətləri üzüaçıq gəzirlər, amma Qafqazda işlər özgə cürdür. Örtülü qadınlarla çadrasız qadınların cəmiyyət içərisindəki yeri, onların sərbəstlik dərəcəsini tutuşdururdu və yazısının sonunda çarəni nişan verirdi. Demirdi qızlarımız günü sabah bürünməkdən imtina edib üzüaçıq gəzib-dolansınlar: "Bunun çarəsi qızlarımıza tərbiyə verməkdir və oxutmaqdır. İndi bu saat bizim övrətlərimiz evdə oturub saqqız çeynəyirlər. Onların üzaçıq gəzməyi indi bu saat heç lazım deyil.
Bu işlərin çarəsi balaca qızları məktəbə qoyub oxutmaqdır. Elə ki qızlarımız elmli və tərbiyəli olub öz qədirlərini bildilər, onda özləri bilərlər ki, necə rəftar eləsinlər".
Çox yox, 15-20 il keçəcək. 1920-30-cu illərdə asta-asta Azərbaycan qadını elmdə, mədəniyyətdə, əmək cəbhəsində üzə çıxmağa başlayacaq, cəmiyyətimizin aparıcı qüvvələrindən birinə çevriləcək. Bu, rahatca gəlib çatılan bir nəticə deyildi. Bu, ardında gərgin qarşıdurmalar, qovğalar olan çətin bir yol idi. Xalq arasında həm səxavətli əməllərinə, həm də zənginliyinə görə sayğısı nə qədər yüksək, sözü nə qədər keçərli idisə də, Bakıda Qızlar Məktəbi açarkən müxtəlif donquldanmalarla qarşılaşan Hacı Zeynalabdin Tağıyevdən tutmuş Mirzə Cəlil və silahdaşlarınadək bir silsilə vətənsevər insanın bu yolda qatlaşdıqları zəhmətlər, tənələrə, qaxınclara məhəl qoymayaraq inadla məqsədə doğru irəliləmələri olmasaydı, Azərbaycan qadınının səhnəyə (bu sözün teatr səhnəsindən tutmuş həyat səhnəsinə qədərki bütün anlamlarında) gəlişi də daha üzüntülü keçər, qat-qat ləng baş verərdi.
Millət naminə işlər görənlərin mükafat gözləməsinin əbəs olduğu tarixin dönə-dönə isbata yetirdiyi aqibətdir. Uzaqbaşı böyük vaxt ötəndən sonra, artıq özləri həyatda olmadıqları çağlarda zamanındakı millətəxeyir təşəbbüsləri və səylərinə görə başları az çəkməmiş fədakarlar rəhmətlərlə anılırlar. Ancaq Mirzə Cəlil o nadirlərdəndir ki, bu baxımdan azı bir dəfə, özü də məhz qadın haqları ilə bağlı cəsarətli və müdrik yazısına görə bəxti lap isti-isti gətirmişdi, qələmi onu dərhal bəxtəvər etmişdi.
Mirzə Cəlillə Həmidə xanım Cavanşir o çağlarda bir-birinə hələ sən deyən aşina deyildilər. Bir neçə görüşləri olmuşdu, qarşılıqlı hörmətləri vardı, ilk təmaslarından Həmidə Cəlilin ürəyinə yatmışdısa da, qovuşmaq təklifini də xəfif işarələrlə göndərmişdisə də, sonralar xatirələrində yazmasınca, Həmidə xanımın yenidən ailə qurmaq istəyi yoxmuş. Fəqət Mirzə Cəlilin bircə məqaləsi heç onun özünün də xəbəri olmadan vəziyyəti dəyişmişdi.
Elə həmin may günlərində Həmidə xanım Cavanşir qızını görmək üçün Qarabağdan Tiflisə gəlibmiş. Sonralar xatirələrində yazırdı ki, 1906-cı il dekabrın axırlarında Sofiya xanımdan (o, Azərbaycanın XIX əsrin ikinci yarısındakı ən parlaq ziyalılarından biri, 1851-1894-cü illər arası qısa həyat yaşamış, amma dövrünün mətbuatında əhəmiyyətli izi qalmış İsa sultan Şahtaxtlının dul zövcəsi idi) məktub aldım, Mirzə Cəlilin mənimlə ailə qurmaq təklifini yazırdı, amma cavab göndərdim ki, ona ərə gedə bilmərəm, çünki yollarımız müxtəlifdir, mən atamın vəsiyyətinə əməl etməli, onun kənddəki mədəni quruculuq işlərini davam etdirməliyəm.
1907-ci ilin mayında Həmidə xanım qızını yoluxmaqçün növbəti dəfə Tiflisə səfər etmişdi və matəm içində, özü demiş, "ürəyi qəm-qüssə ilə dolu, yorğun və xəstə halda" gəlmişdi. Çünki o arada Qarabağa sel kimi çəyirtkə sürüləri daraşmış, bütün əkin-biçini zay etmiş, sonra aclıq, ardınca da kütləvi yatalaq xəstəliyi başlamışdı. Adəti üzrə rəfiqəsi Sofiya xanımgildə yerləşmişdi. Yenə axşamlardan birində Sofiya xanım elə sözarası Cəlilin "elçiliyini edərək evlənmək söhbətini təzələsə də", Həmidə xanım yenə "hə" deməmişdi. Ancaq digər "elçilik" daha uğurlu olmuşdu. Bunu Həmidə xanım onillər sonra qələm-kağızla təkbətək qalıb keçmiş günlər barədə ürəyini boşaldarkən belə etiraf edirdi: "Həmin günlərdə Mirzə Cəlil "Molla Nəsrəddin" məcmuəsinin 19 may nömrəsində çox böyük hay-küy qoparmış və az qala özünün məhvinə səbəb olacaq məqalə yazmışdı. Bu məqalə mənim ona verəcəyim cavaba öz təsirini göstərdi".
Ancaq bu sevda baş tutmaya da bilərdi. Daha Həmidə xanımdan asılı olmayan səbəbə görə. 1907-ci ilin may günlərində Mirzə Cəlil cavan adamdı, 38 yaşının içindəydi. Hərçənd bu yaşa çatanacan iki-üç o yaşa sığacaq qədər ömrü doldura bilən macəralı, hadisələr və insanlarla dolu həyat sürmüşdü. Ancaq indi sanki ömründə yeni səhifə açılırdı. Sıxıntıları adlaya-adlaya da olsa həyatının mənası saydığı "Molla Nəsrəddin"i artıq ayaq üstə qalxa bilmişdi, ətrafında etibarlı silahdaşları, sadiq ürək dostları toplaşmışdı, qələmi əvvəlkindən daha bəhrəli, sözü daha tutarlı olmuşdu və ən mühümü, uğursuz evliliklərindən sonra, nəhayət ki, tale qarşısına zövqcə, ruhca ona çox yaxın, əsl həmdəm ola biləcək insanı çıxarmışdı. İndi arzuları da, ümidləri də əvvəlkindən qat-qat çox idi. Lakin bütün bunların hamısı bir anın içində puça çıxa bilərdi. Bircə atəşlə! Mirzə Cəlil ölümün astanasında idi.
Bakıda qazı Mirməhəmmədkərim Mircəfərzadənin mollanəsrəddinçilər və ilk növbədə Cəlil Məmmədquluzadə əleyhinə verdiyi fitva artıq işini görürdü. Mayın 23-də Tiflis məscidində molla Mirbağır Mirheydərzadənin Mirzə Cəlili və məcmuəsini yamanlamaqçün təşkil etdiyi izdiham dindarların Bakıdakı etirazından daha qeyzli və daha qorxunc alınmışdı. "İrşad" qəzeti mayın 23-də jurnal əleyhinə qurulmuş həmin fitnəkar mitinqin təfərrüatlarını "Zakavkazye" qəzetinə istinadla bakılı oxuculara çatdırırdı.
Bu təşvişli günlərdə mətbuatda da ələnmə gedir, dostla düşmən aşkarlanırdı. "Tazə həyat" səhifələrində diş qıcadanların məktublarına - mayın 29-u Bakı qazısının, mayın 30-da isə Tiflis mollasının Mirzə Cəlilə və "Molla Nəsrəddin"ə çirkab atan iftiralarına yer verirdi, "Zakavkazye", "Kaspi", "İrşad" qəzetləri isə "Molla Nəsrəddin"i, Cəlil Məmmədquluzadəni müdafiə eləyən yazılar dərc edirdi, Hüseyn Minasazov köksünü vermişdi qabağa, "Zakavkazye"də Tiflis mollası Mirheydərzadəni ifşa edərək yerdən-yerə vururdu - mayın 23-də Tiflisdə məhəllə mollası Mirheydərzadə camaatı məscidə toplayıb Mirzə Cəlil əleyhinə meydan suladığı vaxt Minasazov da oradaydı və gördüklərini, eşitdiklərini cəsarətli məqaləsində qəzet səhifəsinə çıxarmışdı.
Məsciddəki həmin mərəkənin daha xatalı məcraya yönəlməməsinin qabağını bütün müqavimətlərə baxmayaraq, orada camaata müraciətlə söz deməyə imkan tapmış Ömər Faiq Nemanzadə ala bilmişdi. Və sonra da "İrşad" qəzeti qapısını onun üzünə açmışdı: "Cəhalət və zülm xadimləridir ki, əslində onlar həm dinin, həm millətin düşmənləridir. Çünki alimnümalara, qondarma ürəfaya, ədalətsiz hakimlərə istehza edən bir jurnalı haram elan edərək xalqı qaranlıqda və əsarətdə saxlamaq istəyirlər".
Bu qədər hay-harayın, qara-qışqırığın müqabilində şərait özü söyləyirdi ki, azı bu dalğa səngiyənədək səbri basmaq, ehtiyatlı davranmaq lazımdır. Ancaq Mirzə Cəlil özü odun üstünə gedirdi, gözü qızmışları onları rəzil edən kəskin addımları ilə bir az da şitəndirirdi. Həngaməni qaynama həddinə çatdıran növbəti bəhanəni o özü vermişdi - artıq dayanmaq yeri yox idi, bu, açıq döyüş, kim kimi davası idi.
Həmidə xanımın Tiflisə bu gəlişində əsas məqsədlərindən biri Tiflis Qızlar İnstitutunda oxuyan Minasının imtahan mərasimində iştirak etmək idi. Ancaq xəstəliyi üzündən Həmidə xanım dəvət olunduğu həmin mərasimdə iştirak edə bilmir. Hətta tədbirə qatılan şeyxülislam qızdan xəbər də alır ki, anan niyə gəlməyib.
Mirzə Cəlilsə həmin mərasimə getmişdi, orada şeyxülislamı da görmüşdü, məktəbin müdiri ilə də söhbət etmişdi və gördüklərini, etdiyi söhbətləri də şeyxə ünvanlanan iki açıq məktub kimi məsələni soyutmadan 1907-ci il iyunun 2-də çıxan "Molla Nəsrəddin"də çap etmişdi.
Cəlil Məmmədquluzadə, xüsusi izahatlarsız da aşkardır ki, cəsur adam olub, bunu hər kəs təsəvvür edə bilər - o dövrdə həndəvərindəki səni təqdir edəcəklərdən qat-qat bol mühafizəkarları, mürtəceləri, münafiqləri görə-görə "Molla Nəsrəddin" kimi cod sözlü, boz üzlü jurnal buraxasan, ard-arda səni ən müxtəlif hərbə-zorbalar, qarayaxmalar, söyüşlər, şərləmələr mühasirəyə ala, ancaq yolundan dönməyəsən, təbii, belə məqamda səbatlılıq, geriçəkilməzlik, boyunəyməzlik yalnız mərd, qorxu-hürküsüz kişilərdə ola bilər. Cəlil Məmmədquluzadənin məslək yoldaşları, ondakı qətiyyəti yaxın məsafədən müşahidə edərək bunun çox hekayətlərinə bələdlər isə, təbii ki, ədibin hansı ötkəmliyin sahibi olduğunu, əslində təsəvvür edilə biləcəyindən də sarsılmaz iradəyə, əzmə malikliyindən xəbərdardılar. Onlardan biri mollanəsrəddinçi Əli Nəzmi idi ki, Cəlilin şeyxülislamla "duel"inə canlı şahid olmuşdu və bu qeyri-bərabər qarşılaşmada onun necə mətanət göstərdiyini gələcək nəsillərə də çatdırmaqçün 1944-cü ilin 24 dekabrında "Ədəbiyyat qəzeti"ndə həmin qəziyyədən bəhs edən məqalə yazmışdı və sərlövhəsini də qoymuşdu "Qorxu bilməyən ədib".
Həmin mühitdən və zamandan yüz ildən də aralıda olan müasir adamın o vəziyyətin dramatizmini dolğunluğu ilə dərk etməsi nə qədər çətin olsa da, bu gün də istənilən adama o barədə lap yığcam söhbət açılınca anlayar ki, elə qatmaqarışıq durumda meydandan çəkilməyərək nataraz bir qaragüruhla axıracan kəllə-kəlləyə gəlmək heç vəchlə sadəcə qorxmazlıq da sayılmaz. Hətta uçurumun bir addımlığında qərar tutarkən də, özünə qarşı ölümcül təhlükəni nə şəkildəsə toxtatmaq, müdafiə olunmaqçün tədbirlər tökmək əvəzinə ikiqat şiddətlə daha qəti hücuma keçmək cəsurluğun, hünərliliyin də hələm-hələm tuş düşülməyən ifrat səviyyəsidir.
Qədimlərdə pəhləvanlar çarpışma meydanına girərkən bir-birinə rəcəz oxuyar, sərt sözlərlə asıb-kəsərdilər. Mirzə Cəlilin şeyxülislama açıq məktubları elə o cür meydan oxumaqdı. Yazırdı ki, cənab şeyx, eşidərdim ki, bəzi dərs oxumuş müsəlman xanımları sizinlə görüşə gələndə üzüaçıq oturar, siz də onlarla adam kimi söhbət edərsiniz, eşidərdim ki, hərdən qız məktəblərinə gedib orada oxuyan onbeş-iyirmi yaşlarında müsəlman qızları ilə görüşüb danışarsınız, hətta düşəndə onlara dərs də verərsiniz.
Yazırdı ki, bunları eşitmişdim, amma inanmırdım, çünki bilirdim axı, sizlər deyirsiniz müəlman övrətin özgə kişinin qarşısına üzüaçıq çıxması şəriətə ziddir. Ancaq mayın 27-də saat 11-də sizi Tiflisin "İnstitut" məktəbində gördüm ki, orada dərs qurtaran qızlara şəhadətnamə paylayırdılar, siz də on beş-iyirmi yaşında üzüaçıq müsəlman qızları ilə görüşdünüz və danışdınız.
Mirzə Cəlil birbaşa xirtdəkdən yapışmışdı, elə sual qoyurdu ki, şeyxülislamın ona cavabı yoxdu. Lakin özünü avamlığa vuraraq qurama sadəlövhlüklə xəbər alırdı ki, cənab şeyx, sizin ayağınız biləni bizim başımız bilməz, o müsəlman qızları iyirmi yaşına çatanadək doqquz il dərs oxuyur, o müddətdə doqquz min kişi ilə və müəllimləriylə üzüaçıq görüşüb danışırlar, siz də bunları bilə-bilə həmin yerlərə gedirsiniz, o qızlarla görüşüb danışırsınız, yeri düşəndə onlara "mərhəba" da deyirsiniz, bəs bu işlər nə işlərdir?
İkinci məktubunda isə şeyxülislamı bir başqa şəkildə divara dirəyirdi ki, o gün o qızlara verilən şəhadətnamələrə siz də baxırdınız, mən də baxdım və məlum oldu ki, erməni, rus, gürcü qızları özgə dərslərdən əlavə, ilahiyyat və ana dili fənlərini də öyrəniblər, ancaq bunlar müsəlman qızlarına tədris edilməyib.
Çox incə bir sapdan yapışmışdı Mirzə Cəlil. Tək niyə ana dilində dərs keçilməsi məsələsini qoymurdu. Əlbəttə, onun üçün daha vacib olan o idi ki, bizim qızlarımız ana dilində də dərs keçsinlər, ana dilində yazıb-oxumağı da bacarsınlar. Amma indi hədəfi şeyxülislam idi axı, onu daha nazik yerindən vurmalı idi. Yenə sadədilliklə müraciət edirdi ki, bilirəm, bunları sizdən soruşmaq biədəblikdir, amma siz məktəbə faytonda gedəndə elə zənn etdim gedirsiniz məktəbin rəisi ilə dava salmağa bəs niyə müsəlman qızlarına müsəlman dərsi oxutmurlar, amma belə məlum olur, siz heç kəslə dava etməyibsiniz, məhz buyurub qızlarla söhbət edibsiniz.
Mirzə Cəlil şirin-şirin zəhərləməyin ustasıydı və zəqqutumqarışıq neştərini axıracan yertitməmiş əl çəkmir: "Cənab şeyx, mən, qazı Ağa Mirkərim ağa buyurduğu kimi, "kafir" ola-ola yenə müsəlman qızlarına yazığım gəldi və məktəbin rəisinə dedim ki, niyə müsəlman qızlarına elm-i ilahi və ana dili oxutmursunuz? Amma siz müsəlmanların şeyxi ola-ola bu barədə heç kəsə bir söz demədiniz. Sən Allah, cənab şeyx, buyurunuz görək bunlar nə işdir?!"
Bu, üzünə qarşı söymək idi. Yəni mən kafir ola-ola belə edirəmsə, siz şeyxülislam ola-ola hətta bunu da etmirsinizsə, deməli, ikiqat kafirsiniz.
Belə-belə dikbaş bizləmələr şeyxülislamın səbir kasasını necə doldurmayaydı, onu özündən necə çıxarmayaydı?!
Simsar adamlar Bakıdan Mirzə Cəlilə gizli xəbər göndəriblərmiş ki, son dərəcə ehtiyatlı olsun, evdən eşiyə çıxmasın, ona qarşı qəsd törədilməsi planlaşdırılır.
Oturmuşdu evdə, küçədə-bacada görünmədiyindən ona qarşı sui-qəsdin törədilmə fürsəti də aradan götürülən kimi idi. Ancaq qəsd başqa cür edilir.
Şeyxülislamın hökumətə şikayəti işini görür, 1907-ci il iyunun 8-də müvəqqəti Baş vali, general-leytenant Timofeyev Tiflis polismeysterinə əmr edir ki, "Molla Nəsrəddin" jurnalı son dərəcə zərərli istiqamətinə görə bağlansın".
"Molla Nəsrəddin"in başı üzərində buludların sıxlaşdığı o günlərdə vəfalı dayaqların ən birincisi İsmayıl Qaspıralının "Tərcüman"ı idi. Yazırdı ki, eşitmişik bu Mirməhəmmədkərim Mircəfərzadənin oğlu Odessada rusca oxuyub, indi də rus darülfünununa girmək istəyir, guya atası onu oxumaqçün oraya göndərmişdir, amma yəqin ki, bu, doğru deyildir, çünki qazının oğlu o vaxt özü üçün başqa şəriət bulmalı idi. Kinayə ilə davam edirdi ki, yox, əgər bu, yalan deyilsə, onda gərək bu gənc də getdiyi yerdən geri çağırılaraq onun da boğazına "Molla Nəsrəddin"lə bərabər qurğuşun tökülə.
O çağın da sabitləşmiş qaydalarından biri belə idi ki, əgər canişinlik hər hansı dərgini, ya qəzeti qapadırdısa, sonra həmin nəşr yenidən əvvəlki adda çıxa bilməzdi. Yəni elə bu, biryolluq qapanma deməkdi, çünki təzədən fəaliyyətə başlamaq üçün yenidən ayrı bir qəzet, ya başqa bir dərgi kimi qeydiyyatdan keçmək tələb olunurdu. "Molla Nəsrəddin" 13 ay 1 həftə idi ki, çıxırdı. Yol beləcə də bitə bilərdi.
Azərbaycanın müxtəlif yerlərinə çoxlu imzalarla Qafqaz canişinliyinə məktublar göndərilirdi ki, "Molla Nəsrəddin" nahaq bağlanıb, dərgi açılsın. Ardı-arası kəsilməyən narazı müraciətlər səmərəsiz ötmür. Elə həmin 1907-ci il iyun ayının 22-də Qafqaz canişinliyindən xoş xəbər gəlir. Tiflisdəki Mətbuat İşləri Komitəsi redaksiyaya məktub göndərir ki, general-qubernator Timofeyevin qərarı ilə "Molla Nəsrəddin" qonşu ölkələrin padşahları haqqında arzu olunmayan yazılar dərc etdiyinə görə bağlanmışdı. Ancaq jurnal yerli hakimiyyət dairələri ilə münasibətdə nəzakətli davranır, ona görə də canişinlik jurnalın açılmasını mümkün hesab edir.
Bu, o dövr üçün böyük bir qələbə sayılası hadisə idi. Əvvələn, mənəvi qələbə idi ki, "Molla Nəsrəddin"i kiridə, sındıra bilmədilər. Yəni Cəlillə Ömər Faiq silahdaşları ilə birlikdə başqa bir dərgi açaraq fəaliyyətlərini davam etdirə bilərdilər. Ancaq daha əvvəllərdə Qafqaz canişinliyi tərəfindən qapadılmış digər heç bir qəzetə, jurnala müyəssər olmamış uğur "Molla Nəsrəddin"in qarşısına çıxmışdı. "Molla Nəsrəddin"in haqlı olduğu, ona qarşı ədalətsiz qərar çıxarıldığı sübuta yetmişdi və məcmuə məhz öz adıyla yenidən fəaliyyətini davam etdirəcəkdi. Bu nailiyyət, söz yox ki, "Molla Nəsrəddin"ə yeni nəfəs genişliyi verirdi. Amma digər tərəfdən də, bu açılma bir neçə gün ərzində "Molla Nəsrəddin"in qapadılmasına sevinən qaragüruhun başına daş salmışdı. "Molla Nəsrəddin"in daimi və sədaqətli arxası "Tərcüman" yazırdı: "Gözəl "Molla Nəsrəddin" yenidən nəşr olunmağa başladı. Təbrik edirik!"
"Molla Nəsrəddin"ə əks gedənlər yalnız Tiflisdə, Azərbaycanın müxtəlif bölgələrində deyildi, o qüvvələrin daha güclülərinin səsi İrandan, Osmanlıdan gəlirdi. Əslində "Molla Nəsrəddin" bu zəfəri ilə belə böyük coğrafiyadakı bütün əleyhdarlarına zərbə endirmişdi. Bu, elə bir qələbə idi ki, "Molla Nəsrəddin"in sabah daha cəsarətlə yazmasına, daha inamla addımlamasına meydan açırdı.
14 iyun 2024
Rafael HÜSEYNOV, akademik