İyulun 2-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin 50 yaşı tamam olur. Alim yubileyi ərəfəsində Azərbaycanın ədəbi düşüncəsində qadınların rolu, “Sufi fenomenologiya”, ümumilikdə fəlsəfə elmi və digər aktual mövzularda suallarımızı cavablandırıb.
– Könül xanım, əvvəlcə istərdik ki, Fəlsəfə və Sosiologiya İnstitutunda rəhbərlik etdiyiniz şöbənin əsas fəaliyyət istiqamətləri və son nailiyyətləri haqqında məlumat verəsiniz.
– Qeyd edim ki, şöbəmiz nisbətən gənc hesab olunur. Biz 2018-ci ildən etibarən fəaliyyət göstəririk. Lakin ilk gündən institutun aparıcı şöbələrindən birinə çevrilməyi qarşımıza məqsəd qoymuşduq. İllik hesabatlarımızdan da məlum olur ki, buna yavaş-yavaş nail oluruq. Hazırda şöbəmizdə 2 fəlsəfə doktoru, bir elmi işçi, bir neçə doktorant çalışır. Hər il bu sahənin tədqiqatçısı olmaq istəyənlərin sayı artır. Şöbəmiz 2018-ci ildə “Azərbaycan və İslam fəlsəfəsinin parlaq səhifələri: şəxsiyyətlər, ideyalar (yubileylər, anım tarixləri)” adlı ilk konfransını uğurla keçirdi. Bu tədbir tədqiqatçılar arasında rezonans yaratdı. Biz bu konfransı ənənə halına salaraq 2 ildə 1 dəfə beynəlxalq səviyyədə keçirməyə qərar vermişdik. Təəssüf ki, pandemiya bu istiqamətdə olan işlərimizə mane oldu. Ümid edirəm, konfransla bağlı planlarımızı həyata keçirəcəyik.
Şöbəmizin əsas məqsədi İslam düşüncəsinin mahiyyəti, tarixi, onun digər sahələrə təsiri ilə bağlı tədqiqatlar aparmaqdır. Biz həm də digər şöbələrlə sıx münasibətdəyik, həmkarlarımızla tez-tez birgə layihələr həyata keçiririk. Ona görə də yalnız tarixlə kifayətlənməyib müasir dövrdə də İslam düşüncəsinin təsir dairəsini öyrənməyə çalışırıq. Xüsusilə vurğulamaq istərdim ki, bu, dinin özündən daha çox, onun düşüncələrdəki inikasının araşdırılmasını nəzərdə tutur. Məlumdur ki, informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində artıq dünya kompüter səhifələrinə sığa biləcək qədər kiçilib və biz öz işimizdə xarici təcrübələrdən yararlanmağa cəhd edirik. Onu da bildirim ki, şöbəmizin adı İslam fəlsəfəsi olsa da, biz tədqiqatlarımızda başqa dünya dinlərinə də toxunuruq, müqayisəli təhlillər aparırıq. Yəni, İslam dinini təcrid olunmuş şəkildə deyil, başqa dinlər, fəlsəfələr kontekstində öyrənirik.
– “Azərbaycan ədəbi düşüncəsində qadın” mövzusunda məruzə ilə çıxışınız böyük maraqla qarşılanmışdı. Müasir dövr Azərbaycanın ədəbi düşüncəsində qadınların rolu və iştirakı barədə nə deyə bilərsiniz?
– Həmin onlayn məruzə 2022-ci ildə Kanadanın Toronto şəhərində yerləşən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşəbbüsü ilə baş tutmuşdu. Mövzu onların istəyi əsasında seçilmişdi. Məqsədim həm uzaq Kanadada böyük işlər görən, Azərbaycan mədəniyyətini, tarixini yaşadan və təbliğ edən bir təşkilatla əlaqə yaratmaq, gördükləri işlərə dəstək vermək, həm də keçmiş və müasir dövr arasında mövcud olan qırılmaz xətti, kimliyimizin onurğa sütununu təkrar xatırlatmaq idi. Qadın düşüncəsi universal həqiqətin tən yarısıdır, onu görməzdən gəlmək həmin həqiqəti yarımçıq, şikəst dərk etmək deməkdir. Azərbaycan xalqının xoşbəxtliyidir ki, ta qədimdən bəri hər iki düşüncə paralel mövcud ola bilib.
Ümumiyyətlə, qadın mövzusunu xüsusi olaraq, nə qədər önə çəksək də, bu, bir faktdır ki, qadın və kişi düşüncələrini ayrıca, təcrid olunmuş şəkildə, birini digərindən asılı vəziyyətdə nəzərdən keçirmək düzgün deyil. Bir ədəbiyyatda şöhrəti yüksək olan qəhrəmanın yanında rəzil qadın obrazı yaratmaq mümkün deyil. Düşüncə, obraz tamamlanmalıdır. Azərbaycan ədəbiyyatında bu bütövlük var. Bunu təsdiqləmək üçün elə ədəbiyyat tariximizə baxmaq, məsələn, Kitabi-Dədə Qorqudu oxumaq, yaxud düşüncə tarixində qadınların rolunu, yerini dərk etmək, hətta dahi şairlərimizin, yazıçılarımızın əsərlərini təhlil etmək kifayətdir. Məhz bu ənənənin üzərində olan Azərbaycan qadını hər mənada yüksək məqamda dayanaraq, aydın və dəyərli fikirləri ilə öz şəxsiyyətini təsdiq edib. Kənardan gələn bir ideyanı dəb, müasirlik kimi qələmə verib təbliğ etmək yalnız qısa müddət ərzində təsir edir, populyarlıq yaradır, fərqlilik hissi verir və sonra isə yox olur. Kənar ideya başqa birinin ağlının məhsuludur və məqsədlidir, onun toruna düşmək öz ağlından, yaradıcılığından, ən vacibi isə kimliyindən imtina deməkdir.
Mən ədəbiyyatçı deyiləm, lakin cəmiyyəti, gənclərin bu cəmiyyətin quruculuğunda rolunu yaxından müşahidə edirəm. Müşahidələrin əsasında gəldiyim maraqlı bir nəticəni bölüşmək istərdim. Nə qədər ki, gənclərimiz Azərbaycandadır, elə düşünürlər ki, müasir olmaq, daha da inkişaf etmək üçün mütləq Qərbi təqlid etmək lazımdır. Yad diyarda, xüsusilə Qərbdə yaşayan, orada davamlı fəaliyyət göstərən həmvətənlərimiz isə milli dəyərlərimizin mahiyyətini daha yaxşı anlayır, onları təbliğ edib, mənəviyyatlarını məhz bu yolla qorumağa çalışırlar. Görünür, uca dağlar uzaqdan aydın göründüyü kimi, Azərbaycanın da dəyəri kənardan daha yaxşı dərk edilir. Buna görə də məsələlərə geniş bucaqdan baxmağı bacaran şəxslərin yaradıcılığı daha dərin, mənalı olur. Ədəbi düşüncə insanın reallıqdan ən az bir boy yuxarı qalxmaq bacarığıdır. Bu gün reallıq o qədər qalın qabığa, hündür divara sahibdir ki, ondan kənara çıxmaq mümkünsüz iş kimi görünür və insanlar o divarlar arasında informasiya selində boğulur. Təbii ki, bu hal ədəbi düşüncədə də öz əksini tapır. Bu böhranın qarşısını almaq üçün ruhunu ilahi aləmə, baxışlarını isə dünyaya açmaq, o hündür divardan kənara boylanmağı bacarmaq lazımdır.
– Könül xanım, “Sufi fenomenologiya”ya dair elmi məruzənizlə cəmiyyətə ötürmək istədiyiniz əsas ideyaları sadə dillə necə izah edərdiniz? Hədəfinizə nail oldunuzmu?
– “Sufi fenomenologiya” yeni fəlsəfi konsepsiyadır və keçən il nəşr edilən 2 cildlik əsərimdə əksini tapıb. Əsas ideyasını bir cümlə ilə belə ifadə edə bilərəm: həqiqəti bütöv şəkildə dərk etmək üçün ruh və şüur arasında əlaqə yaradıb, ağlını hər ikisinin öyrəndikləri əsasında formalaşdırmağa cəhd etmək lazımdır. İlk baxışda sanki hər hansı bir yenilik yoxdur, amma əslində əsrlərlə deyilən, müdafiə edilən iki paralel xətti birləşdirməyə, vəhdət yaratmağa, üstəlik bunu ən yeni elmi nailiyyətlər vasitəsilə əsaslandırmağa çalışıram. Müəyyən mənada maddi şərtlərin unutdurduğu əbədi həqiqəti yeni dövrün işığında təkrar xatırladıram. Yeri gəlmişkən, qeyd edim ki, fəlsəfə tarixinə baxanda görmək olur ki, ta qədimdən bəri filosoflar bu həqiqəti fərqli rakurslardan, öz dövrlərinin şərtlərinə uyğun şəkildə izah etməyə çalışıblar. Yəni, antik dövrdəki Pifaqor, yaxud Platonla XX əsrin kvant fiziki Heyzenberq arasında bir qırılmaz xətt var və bu arada olan filosoflar, yaradıcı şəxslər, alimlər hər biri öz sahəsinə, bacarığına uyğun şəkildə onu ifadə edib, nəticədə dinlər, möhtəşəm fəlsəfi traktatlar, bədii əsərlər, sənət şedevrləri yaranıb və yaranmaqda davam edəcək. “Sufi fenomenologiya” da həmin universal həqiqətin ifadələrindən biridir. Hədəfimə nə dərəcədə nail olacağıma tarix qərar verəcək.
– “Sufi fenomenologiya”ya milli fəlsəfə deyə bilərikmi?
– Azərbaycan xalqı elə bir zəngin və dərin hikmətə, mədəniyyətə malikdir ki, uzun illərdir bütün bunları cəmiyyətə ötürən əsərlər yazılır və hələ uzun əsrlərə də kifayət edəcək qədər məlumatlar, ideyalar öz kəşfini gözləyir. Məsələn, mənim “Muğam fəlsəfəsi” əsərim məhz milli fəlsəfənin bir damlasının ifadəsidir. “Sufi fenomenologiya” isə milli fəlsəfə deyil, çünki universal həqiqətə istinad edir və onun müxtəlif aspektlərdən araşdırılmasına həsr edilib. Lakin burada əhəmiyyətli bir məqam var. Belə fəlsəfi konsepsiyalarda milliyyəti yalnız onun müəllifində axtarmaq lazımdır. Platonun “Dialoqları” yalnız yunanlara, Sührəvərdinin “İşraq fəlsəfəsi” azərbaycanlılara, yaxud Hegelin “Ruh fenomenologiyası” almanlara aid deyil və yalnız bir xalqın fəlsəfəsi hesab edilə bilməz. Ola bilsin, müəyyən məqamlarda həmin xalqa məxsus bir hikmət öz əksini tapıb, lakin bütövlükdə bu əsərlər bir millətin deyil, universal həqiqətin, əbədi hikmətin ifadəsidir.
– Dünyada fəaliyyət göstərən şəqrşünas alimlərlə və müvafiq sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlıq əlaqələri haqqında məlumat verməyinizi istərdik.
– Yazıb yaratdıqlarımızı başqalarının da oxumasını arzulayır, eyni zamanda, özümüzü dünya miqyasında görmək istəyiriksə, mütləq beynəlxalq elmi əməkdaşlıq əlaqələrini inkişaf etdirməliyik. 2008-ci ildə, mən hələ fəlsəfə doktoru olduğum illərdə ilk dəfə İstanbul və Konyada Mövlana Cəlaləddin Ruminin 735 illiyinə həsr olunmuş beynəlxalq konfransa qatılmışam və artıq 16 ildir mütəmadi olaraq xarici əlaqələrimi genişləndirməyə çalışıram. Fəxrlə deyə bilərəm ki, elə ölkələr var ki, azərbaycanlı filosof olaraq oraya ilk dəfə mən getmişəm və bu, sonradan uğurlu əməkdaşlıq əlaqələrinin əsasını qoyub.
Qeyd edim ki, bu il Romada keçiriləcək 25-ci Dünya Fəlsəfə Konqresində mənim tələbəm də iştirak edəcək. Yəni, bir şəxsin timsalında başlanan əməkdaşlıq daha çox tədqiqatçını ehtiva etməlidir, çünki açılan hər cığır növbəti nəsillər tərəfindən böyük yola çevrilə bilər. Məsələn, 2008-ci ildə Əlcəzairdə, 2011-ci ildə Malayziyada, 2018-ci ildə Pakistanın Lahor şəhərində iştirak etdiyim konfranslar bu gün ortaq layihələr, konfranslar, memorandumlar, tələbə və tədqiqatçılar mübadiləsi şəklində davam edir.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, konfranslarda yeganə azərbaycanlı olmaq məni həmişə narahat edib və növbəti dəfə həmin ölkəyə ən azından bir tələbəmlə getməyi arzu etmişəm, çünki mən də kiminsə tələbəsi olaraq müəyyən bir nöqtədən başlamışam. Mənim “Gəncliyin fəlsəfəsi” kitabım Ankara Qazi Universitetinin professoru, tanınmış filosof Süleyman Xeyri Bolayın, “Eşqin hikməti: Rabiə əl-Ədəviyyə və Edith Stein” adlı başqa bir kitabım isə Vatikan Pontifik Qregorian Universitetinin professoru Françesko Alfierinin “Ön söz”ü ilə çap edilib. 2010-cu ildə UNESCO-nun nəzdində yaranan Qadın Filosoflar Cəmiyyətinin təsis konfransında iştirak etdim və sonralar YUNESKO-nun sponsorluğu ilə 2014-cü ildə Parisdə dərc edilən 3 cildlik “Le Dictionnaire Universel des Femmes Créatrices” – (“Yaradıcı qadınlar ensiklopediyası”) kitablarında Azərbaycanın düşüncə sahibi qadınları kimi Xurşudbanu Natəvan və mənim haqqımda qısa bioqrafik məlumat yerləşdirildi. Əməkdaşlıq etdiyim beynəlxalq təşkilatlar da var. Məsələn, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidentiyəm, Dünya Fenomenologiya İnstitutu, Lahor Dövlət Kollec Universiteti ilə sıx əlaqəm var, bir neçə elmi-fəlsəfi jurnalın redaksiya heyətinin üzvüyəm.
2016-cı ildə TÜBİTAK-ın dəstəyi ilə dəvətli professor olaraq Türkiyənin İstanbul şəhərinin 29 May Universitetində 10 aylıq elmi ezamiyyətdə oldum, 2022-ci ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Beynəlxalq Liderlik Proqramı çərçivəsində Birləşmiş Ştatlarda qısamüddətli təcrübə keçdim, 2023-cü ildə isə AMEA və Lahor Dövlət Kollecinin qarşılıqlı memorandumu əsasında Pakistanda elmi ezamiyyətdə oldum. Dediklərimi qısa bir cümlə ilə tamamlasam, həm məndən əvvəl açılmış bəzi cığırları yollara çevirir, həm də yeni cığırlar açıram.
– Siz fəlsəfəyə şərqşünaslıqdan gəlmisiniz. Ümumiyyətlə fəlsəfə sahəsinə gəlmək üçün hər hansı baza təhsili vacibdirmi? Yoxsa istənilən sahədən fəlsəfəyə gəlmək mümkündür?
– Daha dəqiq desəm, fəlsəfəyə sufizmdən gəlmişəm. Mən şərqşünasam, ərəbistəm və hələ o dövrdən sufizmi daha dərindən öyrənmək üçün müxtəlif elm sahələri ilə maraqlanırdım. Bu, ədəbiyyat da, tarix də, hətta incəsənət də ola bilərdi. Seçim edərkən fəlsəfə önə keçdi. Əlbəttə ki, baza təhsili çox vacibdir və mən həmin bilikləri artıq dokrorant olanda, yəni nisbətən gec əldə etmişdim. Baza təhsilini binanın özülü ilə müqayisə edərdim: o nə qədər əsaslı olarsa, üzərində qurulan bina da bir o qədər etibarlı, möhkəm olar. Fəlsəfə isə həmin təməl üzərində qurulan binadır. Bu, düşünmək bacarığı, həqiqəti axtarmaq səbridir, başqa ideyalarla öz ideyan arasında harmoniyanı duyub ifadə etmək bacarığıdır. “Daş daşıyıb, palçıq qatıb”, düz, hamar divar qaldırmaq, ev tikməkdir. Bunlar olmasa, qurduğun bina zaman və məkanın tələbi ilə “plana düşüb” söküləcək, yox olacaq.
– Könül xanım, uzun müddət “Özümüzlə üz-üzə” fəlsəfi seminarının təşkilatçısı və aparıcısı olmusunuz. Bu seminarın əsas məqsədi nə idi?
– XX əsrin 80-ci illərində Avropada fəlsəfi məsləhətləşmə, yaxud praktik fəlsəfə deyə bir məktəb formalaşmağa başladı. Bu məktəb alman filosofu Gerd Achenbach tərəfindən daha çox Birləşmiş Ştatlarda geniş yayılmışdı. “Özümüzlə üz-üzə” məhz həmin təcrübənin Azərbaycanda ilk tətbiqidir. Bu barədə bacarıqlarımı, biliyimi artırmaq, beynəlxalq əlaqələrimi artırmaq üçün bu sahənin mütəxəssisləri üçün nəzərdə tutulan beynəlxalq konfranslara, seminarlara, onlayn master-klaslara da qoşuldum, Amerika Fəlsəfi Təcrübəçilər Assosiasiyasının (APPA) mətbu orqanı olan “Fəlsəfi Təcrübə” (Philosophical Practice) adlı akademik jurnalda məqalə nəşr etdirdim. Maraqlıdır ki, bu sahədə ilk dəfə sufizmi tətbiq etməyi təklif etdim və bu fikrim həmin Assosiasiyanın prezidenti Lou Marinoff tərəfindən təqdir edildi. Mən Bakı Amerika Mərkəzində bu seminarı təşkil etməklə bir növ fəlsəfəni gündəlik həyatda tətbiq etməyə cəhd etdim. Seminara fərqli yaş qrupundan şəxslər qatılır, müxtəlif problemlər ətrafında müzakirələr aparırdılar. Psixoloji məsləhətləşmədən fərqli olaraq, fəlsəfi məsləhətləşmə insanları öz mən-i, şəxsiyyəti ətrafında daha dərindən düşünməyə sövq edən bir təcrübədir. Bu, yeni bir cərəyandır. Düşünürəm ki, gələcəkdə Azərbaycanda bu ideyalar daha geniş yayılacaq və fəlsəfənin əhəmiyyətinin artmasında böyük rol oynayacaq.
– Könül xanım, maraqlı müsahibəyə görə sizə minnətdarlığımızı bildiririk. Eyni zamanda, yubileyiniz münasibətilə sizi təbrik edir, cansağlığı, gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirik!
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.