Küveyt Dövlətinin “Dəşti Xeyriyyə Fondu”nun sədri, “Qədim əlyazmaların tədqiqi mərkəzi”nin müdiri əlyazmaşünas alim Abdullah İbrahim Dəşti AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağı AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev müşayiət edib.
Qonağı institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifli qarşılayıb. Alim Azərbaycanın elmi-təqdiqat institutları ilə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq məqsədilə ölkəmizə səfər edən qonağa Əlyazmalar İnstitutunun tarixi, burada mühafizə olunan 6 mindən çox ərəbdilli əlyazmalar, institutda aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verib.
Daha sonra Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri t.ü.f.d., dosent Nigar Babaxanova qonağı burada sərgilənən qədim və nadir əlyazma nümunələri ilə tanış edib, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verib.
Abdullah İbrahim Dəşti, həmçinin Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələrinə də tamaşa edib, eləcə də binanın tarixi, milli mədəniyyətimizin əsas qaynaqları olan əlyazmaların mühafizəsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolu barədə ətraflı bilgi əldə edib.
Sonda Abdullah İbrahim Dəşti Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.