AMEA Rəyasət Heyətinin növbəti iclasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzəsi də müzakirə olunub.
Məruzədən öncə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə ölkəmizin Prezident İlham Əliyevin liderliyində Türk dünyasının mərkəzində yer aldığını, bu mövzunun artıq günümüzün reallığına çevrildiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - sözləri ilə ölkəmizin Türk dünyasına olan baxışını açıq şəkildə ifadə etdi.
Bu günlərdə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirildiyini və tarixi “Qarabağ Bəyannaməsi”nin imzalandığını deyən akademik İsa Həbibbəyli TDT-nin Dövlət başçılarının Prezident İlham Əliyevin Türk dünyasının birliyinə, həmrəyliyinə, təhlükəsizliyinə və rifahına verdiyi böyük və davamlı töhfəni yüksək qiymətləndirdiklərini bildirib.
AMEA rəhbəri diqqətə çatdırıb ki, 98 il öncə Türk dünyasını ilk dəfə birləşdirən Birinci Türkoloji Qurultay Bakıda keçirilib və Azərbaycan tarixən olduğu kimi, bu gün də dünya Türkologiyasının mərkəzi sayılır.
Akademik İsa Həbibbəyli bildirib ki, Milli Elmlər Akademiyasında da dövlət başçımızın müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq, Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparılır, AMEA-nın elmi müəssisə və təşkilatlarında bu istiqamətdə bir çox şöbələr fəaliyyət göstərir və Türk dünyasının elmi qurumları ilə əlaqələr daha da genişləndirilir.
Akademik İsa Həbibbəyli bu mövzuda məruzənin Rəyasət Heyətinin iclasında ilk dəfə dinlənildiyini və Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq işlərinin bir parçası olduğunu söyləyib.
Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov “Azərbaycanda türklük, türkçülük və türkologiya” mövzusunda məruzə ilə çıxış edib.
O qeyd edib ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda türkçülük məfkurəsi sistemli bir şəkil almağa başlamış və Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digər türkçülərin səyləri nəticəsində inkişaf edərək günümüzə qədər gəlib çatmışdır. Alim bildirib ki, türk xalqlarının geniş inteqrasiyası ilə səciyyələnən müasir mərhələdə ümumtürk mədəniyyəti və genezisinin öyrənilməsinə böyük zərurət vardır.
“Türkologiyanın Azərbaycandakı vəziyyətini anlamaq üçün ilk növbədə türklük anlayışını təsəvvür etmək lazımdır. Bu isə bir qədər mücərrəd anlayışdır, amma bununla yanaşı, təsəvvür edilə bilməsə, nə türkçülük, nə də türkologiya anlayışlarını dəqiqləşdirə bilməyəcəyik. Türkçülük ideologiyadır. Azərbaycanda türklük ondan ibarətdir ki, biz dildə ədəbiyyatda, mədəniyyətdə, tarixdə coğrafiya ilə etnosun münasibətlərini dəqiq aydınlaşdıra bilək. Azərbaycanın coğrafi sərhədləri Səfəvilər dövründən artıq müəyyənləşməyə başladı. Bu gün azərbaycanlı adlanan etnos milləti yaratmaq mənasında həmin coğrafiyanın hüdudlarından kənara çıxmayıb. Bəs, bu etnos bu coğrafiyaya hansı tarixi dövrdən bağlanır? Ən sadə izahı odur ki, dünya yaranandan. Bizim üçün əsaslandırılmış, ənənəvi türklük “Kitabi - Dədə Qorqud” eposudur. Azərbaycanda türklük xalqın etnososiokulturoloji əsası olaraq köklərini “Kitabi - Dədə Qorqud” eposundan alır. Coğrafi və dil müəyyənliyi var. Burda Azərbaycan Oğuzçuluğunun xüsusiyyəti çoxdur. Lakin xalq bu eposu unudub, XIX əsrin sonu – XX əsrin əvvəllərində xatırlamağa, öyrənməyə başlamışıq. Müəyyən dövrlərdə qadağan olunsa da, Ümummilli Lider onu yenidən özümüzə qaytardı”, - deyə Nizami Cəfərov bildirib.
Azərbaycanda türkçülüyün uzun müddət daxildən və xaricdən böyük ciddi müdaxilələrə məruz qaldığını deyən alim türkologiyanın elm kimi Avropada, türkləri öyrənmək üçün formalaşdığını, Azərbaycanda isə türkologiyanın əsasını Bəkir Çobanzadənin qoyduğunu söyləyib.
“Bəkir Çobanzadəyə qədər ədəbiyyatda, tarixdə türklük düşüncəsi kifayət qədər güclüdür. XIX əsrin sonu – XX əsrin əvvəllərində bizim tarix, fəlsəfi və ictimai şüurumuzda Əli bəy Hüseynzadə vardı, lakin o türkoloq deyildi, türkçü idi və bunun fərqi onun təqdimatlarında aydın seçilir.
Sovet hökumətinin Azərbaycan türkologiyasına ən böyük xidmətlərindən biri Birinci Türkoloji Qurultay çağrılana qədər həm Türkiyədən, həm Türk dünyasından nüfuzlu alimləri ölkəmizə dəvət edərək rus türkologiyasının, bu sahənin inkişaf etdirilməsi oldu.
Alim məruzəsində, həmçinin Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslığı, mədəniyyətşünaslığı, tarixşünaslığında azərbaycançılıq, türklük, müasirlik (ümumbəşərilik) parametrləri, daha az diferensiasiya, daha çox inteqrasiya formulu və digər məqamlara toxunub.
Mövzu ətrafında akademik Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İsmayıl Kazımov, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndirib, bu istiqamətdə Rəyasət Heyətinin iclasında məruzənin dinlənilməsini yüksək qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.