Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil edilib
16.07.2024 10:11
  • A-
  • A
  • A+

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı 2018-ci ildən nəşr edilir.

Bir sıra beynəlxalq elektron bazalara (https://elibrary.ru; copernicus; www.academia.edu və d.) daxil olan və altı dildə (Azərbaycan, rus, ingilis, türk, ərəb və fars) məqalələrin yer aldığı jurnalın redaksiya heyətində yerli ziyalılarımızla yanaşı, ABŞ, Vatikan, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Çin, Qazaxstan, Misir, Gürcüstan, Polşa, Özbəkistan, Ukrayna alimləri təmsil olunur (baş redaktor fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikov).  

İldə dörd dəfə nəşr edilən jurnalda ictimai, humanitar və sosial elmlərin (fəlsəfə, sosiologiya, psixologiya, tarix, arxeologiya, antropologiya, filologiya, pedaqogika, hüquq, siyasi elmlər, iqtisadiyyat, memarlıq, sənətşünaslıq və d.) müxtəlif istiqamətləri üzrə “Orcid” indeksinə malik olan alimlərin və tələbələrin məqalələri nəşr edilir. Məqalə və ya əlyazmalar “ikili rəy” metoduna, həmçinin xarici alimlərin rəylərinə əsasən dəyərləndirilir.

Jurnalın bu il nəşr edilən ikinci sayında Cavanşir Yusiflinin “Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikası kimi” (Azərbaycan dilində), Zəfər Nəcəfovun “Hərbi münaqişələrə dair nəzəri baxışların təkamülü (Azərbaycan dilində), Nərgiz Nağıyevanın “Beynəlxalq münasibətlər diskursunda postkolonializm” (Azərbaycan dilində), Tərlan Seyfullayevin “İrəvanın hədis raviləri” (Azərbaycan dilində), Nərminə Qasımovanın “Multikulturalizm müasir cəmiyyətin siyasi-mədəni inkişafinin əsas fəlsəfi doktrinası kimi” (ingilis dilində), Nicat Yəhyayevin “Haqqun-nas” və onun ictimai təsirləri” (Azərbaycan dilində), Habil Zeyniyev və Sənubər Qasımovanın “Azneft İdarəsinin 1926-cı ilə aid kağız pul nişanları haqqında” (rus dilində), Seyed Mohammad Cun Abedinin  “Varlığın vəhdətinin (vəhdətül-vücud) hikməti-mütəaliyədə (Molla Sədranın transsendental fəlsəfəsi) və Advayta-vedanta Şankara fəlsəfəsində müqayisəli təhlili” (Azərbaycan dilində), Orxan MəmmədovƏbülfəzl Kiyaşimşəkinin “Xristianlıq və İslamda Dəccal inancının oxşar və fərqli cəhətləri” (fars dilində), Tural Qasımov və Elman Nəsirovun “Siyasi elitanın mahiyyətinə konseptual yanaşmalar” (Azərbaycan dilində) adlı məqalələri və Lalə Əliquliyevanın “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa” kitabı haqqında dəyərləndirmə” (Azərbaycan dilində) resenziyası işıq üzü görüb.

Məqalələr jurnalın elektron səhifəsində yüklənilib.

“Metafizika” jurnalı hazırkı ildən ERİH PLUS (European Journal of Management Issues) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil edilib. Bu barədə məlumatlar həm ERİH PLUS, həm də AAK-ın elektron səhifəsində əks edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: