Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.07.2024 09:45
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşı Polşada konfransda iştirak edib

Rəsədxana əməkdaşı Polşada konfransda iştirak edib

AR Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika  Rəsədxanasının (ŞAR) Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynurə Həsənova Polşanın Torun şəhərində keçirilən CA22133 –  Günəş sistemlərinin doğulması (PLANETLƏR) (CA22133 – The birth of solar systems (PLANETS)) layihəsinin açılış konfransında iştirak edib.

Qeyd edək ki, layihə Avropa Kommissiyası tərəfindən maliyyələşən COST (European Cooperation in Science and Technology – Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Fəaliyyəti layihəsidir. Layihə 26 sentyabr 2023-cü il tarixindən fəaliyyətə başlamışdır,  25 sentyabr 2027-ci il tarixinə kimi fəaliyyət göstərəcəkdir.

ŞAR əməkdaşları geniştərkibli konsorsiumlar ilə bir çox ölkələrin alim və mütəxəssislərinin birgə fəaliyyəti üçün imkanlar yaradan Avropa Komissiyasının COST fəaliyyətinin müxtəlif layihələrində fəal iştirak edirlər. Aynurə Həsənova da öz növbəsində CA22133 –  “Günəş sistemlərinin formalaşması” layihəsinin üzvüdür, o, konfransda ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılovun rəhbərliyi ilə həyata keçirilən “Planet formation processes in the Herbig AeBe star HD179218” adlı poster ilə iştirak edib. Posterdə Ae Herbiq HD179218 cavan ulduzunun ŞAR-ın 2 metrlik teleskopunda 2016-2021-ci illəri əhatə edən uzunmüddətli spektral müşahidələrinin nəticələri təqdim olunub. Ulduzun spektrində Hidrogenin Balmer seriasının xəttlərinin, HeI 5876, D1, D2 NaI, SiII, FeII və s. xəttlərin qısamüddətli (günlər, aylar) və uzunmüddətli (illər) spektral dəyişkənliyi aşkar edilib. Göstərilib ki, spektrin qısamüddətli dəyişkənliyi ulduzun öz oxu ətrafında fırlanması ilə əlaqədar yaranan modulyasiya ilə izah edilə bilər. Bu dəyişkənliyə protoplanetar diskin qeyri-homogenliyinin səbəb olması ehtimal edilir. Spektrdəki uzunmüddətli dəyişikliklər böyük kütləli protoplanetlər və ya mərkəzi ulduz ətrafında Kepler orbital hərəkətində olan ikinci bir ulduz ilə bağlı olması ehtimal edilir.

Sonda layihənin gələcək fəaliyyəti və prespektivləri ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: