AR ETN Radiasiya Problemləri İnstitutunun əməkdaşları Biləsuvar və Cəlilabad rayonları ərazilərində yerləşən tarixi abidələrdən nümunə götürmək üçün ezam olunublar.
Biləsuvarda yerləşən Yedditəpə kurqanlarının yerləşdiyi nöqtələrin radiasiya fonunu ölçüb, torpaq nümunələri götürüblər. Daha sonra əməkdaşlar Biləsuvar rayonuna yaxın yerləşən Cəlilabadın Cəfərxanlı kəndində aşkarlanmış qədim yaşayış məskəni olan Paşatəpə abidəsinə gedərək t.e.d. Vəfa Mahmudovanın rəhbərliyi ilə aparılan qazıntı sahəsindən torpaq, diş, kömür və keramika nümunələri götürüb və ərazinin radiasiya fonunu ölçüblər.
Almaniyadan təşrif buyuran mütəxəssislərin də iştirak etdiyi qazıntı ərazisinə “ARB Cənub”, “Kanal S” media nümayəndələri də cəlb olunub. Radiasiya Problemləri İnstitutunun elmi işçisi Aybəniz Əhədova media nümayəndələrinə öz müsahibəsində Radiokarbon və Spektroskopik Yaştəyini metodlarının ərazidən tapılmış yeni artefaktlar üzərində necə tətbiq olunacağı haqda qısa məlumat verib. Azərbaycanda tarixi abidələrin Yaştəyini metodlarının işləmə prinsipi qazıntı iştirakçılarında olduqca maraq yaradıb və gələcəkdə həm yerli, həm də xarici mütəxəssislərlə əməkdaşlıqların mümkülüyü barədə müzakirələr də aparılıb.
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda “Tarixi abidələrin Radiokarbon və Spektroskopik üsullarla Yaştəyini” qrupu aparıcı elmi işçi S.Məmmədovun rəhbərliyi ilə həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.