Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qərbi Azərbaycan əhalisinə qarşı törədilən cinayətlərdən bəhs edən kitab
18.07.2024 13:45
  • A-
  • A
  • A+

Qərbi Azərbaycan əhalisinə qarşı törədilən cinayətlərdən bəhs edən kitab

“Qərbi Azərbaycan” internet televiziyasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun təqdimatında “İnsanlıq əleyhinə” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” adlı kitabından bəhs edilib. Bildirilib ki, Təbrizdə fars dilində çap olunan əsərdə XX əsrdə Azərbaycan xalqına qarşı törədilən ağır cinayətlər barədə məlumat verilir. Kitabda, həmçinin Qərbi Azərbaycandan, 1948-1953-cü illərdə qəbul olunmuş qərarlardan və onların icrası ilə bağlı əhaliyə qarşı törədilmiş cinayətlərdən söhbət açılır.

Dosent Sübhan Talıblı bildirib ki, Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab 6 fəsilən ibarətdir. Monoqrafiyanın “1905-1906-cı illər kütləvi qırğınlar və 1918-ci il mart soyqırımı” adlı 1-ci fəslində qeyd edilən dövrün insanlıq əleyhinə ağır cinayətləri barədə ətraflı məlumat verilir. 2-ci fəsildə 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyasından, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları və ərazilərin işğalından, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarından bəhs edilir. 3-cü fəsildə “Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlardan, 1990-cı il “20 Yanvar” faciəsindən (1990-cı il 25 yanvar Neftçala və Lənkəran faciələri) söz açılır.

“Qarabağda soyqırımlar” adlanan 4-cü fəsildə Ağdaban soyqırımı və onun tanıdılması istiqamətində hüquqi-siyasi fəaliyyətdən, Qaradağlı soyqırımından, Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından, Malıbəyli, Aşağı və Yuxarı Quşçular qətliamından, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət olan Xocalı soyqırımından bəhs edilir. 5-ci fəslin mövzusu Aprel döyüşləri və Vətən müharibəsidir.  “Azərbaycanlıların soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin siyasəti” adlanan 6-cı fəsil bu faciələrlə bağlı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinə, həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə həsr olunub.

Verilişi buradan izləyə bilərsiz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: