Son aylarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron kitab bazasında ciddi artım müşahidə olunur. Belə ki, MEK rəhbərliyi və əməkdaşların birgə səyi nəticəsində kitabxananın rəqəmsallaşdırılma işlərində böyük irəliləyişlər müşahidə olunub.
Belə ki, MEK-in Reproqrafiya şöbəsi kitabxana istifadəçilərinin müasir informasiya sistemindən yararlanmasını təmin etmək üçün xüsusi xidmətlər təklif edib. Qeyd edək ki, şöbə tərəfindən müasir Almaniya istehsalı olan xüsusi “By Metis” və “Zeutschel” aparatları vasitəsilə hər növ çap məhsullarını rəqəmsallaşdırmaq mümkündür. Bu, istifadəçilərə daha geniş və rahat şəkildə elmi materiallara çıxış imkanı yaradır.
Son bir neçə ay ərzində Reproqrafiya şöbəsi tərəfindən ümumilikdə çox sayda kitab, məqalə və avtoreferat konvertasiya olunaraq PDF formatında MEK-in bazasında yerləşdirilib. Bu rəqəmsal materiallar arasında görkəmli şəxsiyyətlərin, alimlərin kitabları və məqalələri də yer alır.
Sənədlər sırasında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini özündə əks etdirən kitablar və “Kommunist” qəzetindən Ulu Öndərə həsr olunmuş məqalələr, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə ədəbiyyatlar, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə haqqında kitablar, Qarabağ müharibəsi iştirakçıları və şəhidləri haqqında kitab, o cümlədən müxtəlif mövzulara aid xarici və Azərbaycan dillərində ədəbiyyat nümunələri də rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilib.
Eyni zamanda, oxuculara skan və konvertasiya xidməti də göstərilib.
Rəqəmsallaşdırma işlərinin həyata keçirilməsi, MEK-in informasiya təminatında müasir texnologiyalardan istifadəyə daha geniş imkanlar açır. Rəqəmsallaşdırılmış materialların elektron bazaya daxil edilməsilə istifadəçilər asanlıqla elmi məlumatlara çıxış əldə edirlər. Bu irəliləyişlər, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfə verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.