Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Arxeoloq ömrünün 60 ili
02.08.2024 11:38
  • A-
  • A
  • A+

Arxeoloq ömrünün 60 ili

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin 60 yaşı tamam olur. 

Müseyibli Nəcəf Ələsgər oğlu 1964-cü il avqustun 2-də Naxçıvan MR-nın Sədərək kəndində doğulub. 1 №-li Sədərək orta məktəbində təhsil alıb. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda işləyir. 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyasını (mövzu: "Azərbaycanın qayaüstü işarə və damğaları (Qobustan və Gəmiqaya abidələrinin materialları əsasında)"), 2016-cı ildə isə elmlər doktoru dissertasiyasını (mövzu: "Ön Asiya-Qafqaz xalkolitində Leylatəpə mədəniyyəti") müdafiə etmişdir. 2019-cu ildə "Arxeologiya" ixtisası üzrə professor elmi adını almışdır. Naxçıvan, Gəncə-Qazax bölgələrində və Qəbələ rayonunda Neolit, Xalkolit və Tunc dövrlərinə aid çoxsaylı yaşayış məskənlərində və müxtəlif tip qəbir abidələrində genişmiqyaslı arxeoloji qazıntı işləri aparmış, Gəmiqayanın qayaüstü təsvirlərini tədqiq etmişdir.

Nəcəf Müseyibli 2001-2003-cü illərdə "Naxçıvan-Gəmiqaya" arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. İlk dəfə olaraq dəniz səviyyəsindən 3000-3500 m yüksəklikdə yerləşən Gəmiqaya abidələr kompleksində geniş tədqiqatlar aparmış, tunc dövrünə aid (e.ə. III-II minilliklər) 1500-ə qədər qayaüstü təsvirlər qeydə almış və eyni zamanda ilk dəfə olaraq Gəmiqayanın tunc dövrünə aid kurqanlarında arxeoloji qazıntı işləri aparmışdır. O, həmçinin Sədərək rayonu ərazisində qazıntılar aparmış, yeni arxeoloji abidələr aşkar etmişdir.

Nəcəf Müseyibli Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin inşası ilə əlaqədar bu kəmərlərin dəhlizində 2002-2005-ci illərdə aparılan arxeoloji qazıntı işlərinə rəhbərlik etmişdir. Bu layihə üzrə aparılan arxeoloji işlər zamanı əvvəllər elmə məlum olmayan 40-dan artıq sahədə qədim tarixin müxtəlif mərhələlərinə aid yaşayış məskənləri, qəbir abidələri qazılaraq tədqiq edilmişdir. Qazıntılar zamanı 30 mindən artıq maddi mədəniyyət nümunələri aşkara çıxarılmışdır ki, məhz aparılan bu qazıntılar Azərbaycanda arxeologiya elminin inkişafında mühüm mərhələni təşkil edir.

N.Müseyibli Şəmkir, Ağstafa, Qəbələ rayonlarında İlk Tunc dövrünə aid qazdığı kurqanlar əsasında Azərbaycanın Kür-Araz mədəniyyəti əhalisinin dəfn adətləri, eyni zamanda, Şimali Qafqazın, Dağıstanın qədim tayfaları ilə bağlantılarına dair maraqlı tədqiqatlar aparmışdır. Sədərək və Ağstafa rayonlarında Orta Tunc dövrünə aid kurqanlar qazmış, zəngin arxeoloji materiallar aşkar etmişdir. O, Azərbaycanın qərb bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün bir sıra abidələrində, xüsusilə də Zəyəmçay (Şəmkir rayonu) və Tovuzçay (Tovuz rayonu) nekropollarında uzun müddətli geniş qazıntılar aparmış, xalqımızın soykökündə duran qədim əhalinin dəfn adətlərinin, müxtəlif sənətkarlıq sahələrinin, mədəni-iqtisadi əlaqələrinin, erkən dövlətçilik ənənələrinin tarixini ətraflı araşdırmışdır. Ağstafa rayonunda  Antik dövrə aid yaşayış yeri və qəbir abidələrində qazıntılar aparmış, Dəmir dövrü ilə alban mədəniyyəti arasında irsi bağlılıq məsələlərini tədqiq etmişdir.

2004-2005-ci illərdə Ağstafa rayonu ərazisində Böyük Kəsik və II Poylu yaşayış yerlərinin tədqiqatları ilə əlaqədar onun əsas elmi fəaliyyəti Son Xalkolit dövrü Leylatəpə arxeoloji mədəniyyətinin (e. ə. V minilliyin sonu - IV minilliyin birinci yarısı) araşdırılması ilə bağlı olmuşdur. N.Müseyibli Cənubi Qafqaz arxeologiyasında ilk dəfə olaraq Ağstafa rayonu ərazisində Xalkolit dövrünə aid Leylatəpə mədəniyyətinə məxsus Soyuqbulaq kurqanlarını aşkar etmiş və burada 20-dən artıq kurqan qazmışdır. XX əsrin 80-ci illərində arxeoloq İ.Nərimanov tərəfindən kəşf edilmiş Leylatəpə arxeoloji mədəniyyəti məhz N.Müseyiblinin tədqiqatları ilə beynəlxalq arxeologiya elmində öz təsdiqini tapmış, xarici ölkə alimləri öz əsərlərində belə bir mədəniyyətin mövcudluğunu təsdiq etmişlər. Onun araşdırmaları ilə erkən sivilizasiya səciyyəli Leylatəpə mədəniyyətinin Anadolu, Mesopotamiya və Qafqazın Xalkolit dövrü tarixində mədəni-xronoloji mövqeyi müəyyənləşdirilmişdir.

N.Müseyibli 2012-2018-ci illərdə Böyük Qafqazın cənub ətəklərində, Qəbələ rayonu ərazisindəki Qalayeri yaşayış məskənində geniş arxeoloji qazıntılar aparmışdır. O, öz araşdırmaları ilə son Xalkolit dövründə Azərbaycanda yayılmış Leylatəpə mədəniyyətinin mənşə etibarı ilə Şimali Mesopotamiya-Şərqi Anadolunun həmin dövrə aid mədəniyyətləri ilə birbaşa bağlılığını sübut etmişdir. Eyni zamanda, hələ XIX əsrdən Rusiya və Avropa alimləri tərəfindən tədqiq edilən Şimali Qafqazın Maykop arxeoloji mədəniyyətinin də Leylatəpə mədəniyyətinin ənənələri əsasında yarandığı da məhz N.Müseyiblinin tədqiqatları ilə sübuta yetirilmişdir.

Nəcəf Müseyibli 2009-cu ildən etibarən Azərbaycanın qərb bölgəsindəki qədim əkinçi-maldar əhaliyə məxsus  Neolit dövrü (e.ə. VI minillik) abidələrində arxeoloji tədqiqatlar aparır. Onun Ağstafa rayonu ərazisindəki bir sıra abidələrdə, xüsusilə də Həsənsu və Çağrıtəpə qədim yaşayış yerlərində apardığı qazıntılar nəticəsində ilk dəfə olaraq bölgənin Neolit mədəniyyətinin yaranmasının başlıca olaraq yerli köklərə bağlı olmasını göstərən maddi sübutlar aşkar edilmişdir.

Tədqiqatçı Qobustan abidələri barədə fərqli fikirlər irəli sürmüşdür. İlk baxışda əsaslı tədqiq olunmuş kimi təqdim edilən Qobustan abidələrinin yenidən, müasir elmi tələblərə uyğun araşdırılmasının zəruriliyini qeyd etmişdir. Onun Qobustan abidələrinin xronologiyası, qayaüstü rəsmlərin, xüsusilə də insan və qayıq rəsmlərinin semantikasına aid irəli sürdüyü yeni fikirlər maraqla qarşılanmaqdadır.

N.Müseyiblinin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçı Neolit, Xalkolit və Tunc-İlk Dəmir dövrlərinə aid 200-ə yaxın kurqan, torpaq, daş qutu və s. tipli qəbir abidələrində və 10-dan artıq yaşayış yerlərində geniş arxeoloji qazıntılar aparmışdır. O, 14 kitabın, 230-dan artıq elmi məqalənin müəllifidir. Türkiyə, Almaniya, Rusiya, ABŞ, İngiltərə, Cənubi Koreya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Yunanıstan, Belçika, İspaniya, Moldovada 60-a yaxın elmi əsəri nəşr edilmişdir. 2006-2021-ci illərdə İnstitutda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Hazırda “Etnoarxeologiya” şöbəsinin müdiridir. N.Müseyiblinin rəhbərliyi ilə 5 nəfər tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. AMEA-nın “Sosial elmlər” jurnalının redaksiya heyətinin, Rusiyada nəşr olunan İmpakt faktorlu (ELSEVİER. SCOPUS) beynəlxalq “История, археология и этнография Кавказа” (Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası) jurnalının redaksiya şurasının üzvüdür. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı jurnalın elmi redaktorlarından biridir.

Professor Nəcəf Müseyibliyə möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik.

Şamil NƏCƏFOV. T.ü.f.d., dosent

Anar AĞALARZADƏ. T.ü.f.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: