Qürbəti, hicranı, iraqdüşməni ulularımız ölümə bərabər tutdular. Elə olmasaydı, belə arzulamazdılar ki, "nə ayrılıq, nə ölüm, heç biri olmayaydı!" Qəriblik həmişə acıdır, nisgillidir. Ancaq bir var hansısa məcburiyyət səni öz doğma ata-baba yurdundan ayrı sala, yad bir məmləkətə sığınasan, dili ayrı, ruhu başqa adamların arasına düşəsən, bir də var öz doğma yurdunun içərisində qərib olasan. Əlbəttə ki, bu, ikiqat acı, ikiqat nisgillidir.
Və ona bir ömür boyu - yarım əsr müddətində məhz bu həsrəti, bu acını yaşamaq nəsib imiş.
Bu, bir millət olaraq Azərbaycanın alın yazısındakı ən qüssəli və düyünlü səhifələrdəndir ki, Vətən ikiyə parçalandı, yurdun o tayı ilə bu tərəfi arasında keçilməz sərhədlər quruldu, obiri hissənin ixtiyarı ayrı bir dövlətin, bubiri qismin aqibəti digər ölkənin hökmündən asılı oldu, yolları bağlayan sərhəd dirəklərinin tikanlı məftilləri onillərcə həm o, həm bu səmtdə çox talelərişikəst etdi, çox ürəkləri deşə-deşə qaldı.
Həmin ürəyi yaralılardan biri şair Əli Tudə idi ki, əslən Güney Azərbaycandan idisə də,1924-cü ildə Quzey Azərbaycanda - Bakıda dünyaya gəlmişdi.
Atası Ələmqulu ilə anası Şahbəyim həmkəndli idilər, ikisi də Ərdəbilin Savalan ətəklərində yerləşən baba yurdları Çanaxbulaqda dünyaya göz açmışdı və bəlkə elə ömür öz axarı ilə davam etsəydi, onlar da dədə-babaları kimi axıracan orada yaşayardılar, həmin ailədən çıxan bir şairin bunca macəralı həyat hekayəti də yaranmazdı.
İran hökumətinin dövlət iradəsi ucqarlara yetərincə çatmadığından o çağlar dərəbəylik də hökm sürürmüş, şahsevənlər ara-sıra Çanaxbulağa hücum çəkər, əhalinin əlində-ovcunda olanı yağmalayıb gedərmişlər. Təzəcə nişanlanmış Ələmqulu belə növbəti soyğunçu həmlələrdən birindən sonra istəklisi Şahbəyimi, onun bacısı Gəlinxanımı və anası Qəribi də götürərək Şimali Azərbaycana pənah aparır.
Çox illər sonra o günlər haqqında böyüklərinin söylədiklərini yada salan Əli Tudə yazırdı ki, həmin dövrdə o taydan bu taya gələnlərin çoxu özü üçün pasport almazmış, elə o taya gedib qayıdanların pasportunu götürüb bu tayda rəsmən onların adı ilə yaşarmışlar.
Sanki xüsusi diqqət etmədən yanından da keçmək olan həmin təfərrüatı ona görə yazıram ki, bu da millətimizin taleyinin hadisəsi, Cənub-Şimal qəziyyəsinin ayrı bir səhifəsidir ki, hələm-hələm rast gəlinən hadisələrdən deyil və gələcəkdə də hansısa güneyli ailənin tarixini araşdıranlar oxşar mənzərəylə qarşılaşıb bir adamın başqa ad-soyadla yaşamasının belə təcrübəsindən bixəbər olaraq çaş-baş qalanda bilsinlər ki, bizlərdə bu cür sənəd kirələmək vərdişi də olubmuş.
Beləcə, Ələmqulu da Bakıdan qayıdan başqa cənublu - Əbdülrza Qardaşxan oğlunun pasportunu götürərək onun adıyla öz ömrünü yaşamağa başlamışdı.
Bəlkə bunu əsas mətləbdən uzaqdüşmə zənn edənlər də olar, amma iş ondadır ki, belə ad-soyad qatmaqarışıqlığı qəhrəmanımızın da həyatında izini qoyub və odur ki, bunların üzərində dayanmağın da yeri var.
XX yüzilin əvvəllərində Güneydən Bakıya dolanışıq dalınca gələnlərin çoxu işi neft mədənlərində arayırdılar və Ələmqulu da ora üz tutmuşdu, çalışqanlığına, bacarığına görə çox keçmədən onu irəli çəkərək buruq ustası təyin etmişdilər.
1924-cü il yanvarın 31-də oğlu dünyaya gəlir. İstəyir ki, ona erkən vəfat etmiş qardaşı Mirzəhüseynin adını versin. Ancaq ürəyi gəlmir: "Şəhadətnaməni yazan adam atamın tutulduğunu görüb uşağın adının nə olacağını bir neçə dəfə xəbər alıb. Atam haçandan-haçana özünə gəlib, sonra da dilinə ilk gələn adı yazdırıb: "Heydər". Evdə isə əmimin adında bir az düzəliş edib məni Mirzəli çağırıblar".
Ancaq sənəddə adı Heydər olub, evdə, qohum-tanış arasında Mirzəli çağırılan gələcəyin Əli Tudəsinə valideyn çörəyi yeyib ata-ana nəvazişi ilə böyümək qismət deyilmiş. Yetimlik acısı onu erkən yaxalayır. Bir yaşı olanda atasını itirir, beş yaşına çatanda anasını. Atasını heç xatırlamasa da, anasının surəti qırıq-qırıq xatirələrlə uşaqlıq hafizəsinə çökmüşdü. Bir müddət xalasının himayəsində qalır, ancaq onlar İrana köçəndə nənəsi Qərib uşağın məktəbinin, burada dərs almasının xatirinə getməkdən imtina edir.
Məhz burada qalıb ana dilində təhsil alması da sonrakı taleyində həlledici təsirini buraxır.
Məktəbdə Heydər idi və yaxşı oxumağından əlavə şeirlər də yazmağa başlamışdı, Bakı Pionerlər Sarayında əvvəlcə Osman Sarıvəlli, sonrasa İsmayıl Soltanın rəhbərlik etdiyi ədəbiyyat dərnəyində dəfəal olub. "Heydər Rzazadə" imzalı ilk şeirləri dövrün məşhur "Kommunist", "Yeni yol", "Ədəbiyyat" qəzetlərində çıxanda, Azərbaycan radiosunda səslənəndə Heydər Rzazadənin - Əlinin hələ 13 yaşı vardı. O çağlar ağlına gələrdimi ki, onun kimi həmin dərnəyin məşğələlərinə qatılanların arasında olan Balaş Abizadə (sonraların Azəroğlusu), Şıxəli Qurbanov, Teymur Əliyevlə (sonraların Teymur Elçini) onillər sonra ədəbiyyat yollarında birgə addımlayacaqlar?!
1938-ci ildə bir məşğələsini belə buraxmadığı həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxa onun şeirləri də daxil edilir və Əli Tudə o toplunu yaşa dolandan sonra da "İlk kitabımdır!" deyə əziz yadigar kimi saxlayırdı. Ancaq 7-ci sinif şagirdi olduğu həmin ildə ürcah olduğu ilk mühacirliyi artıq qazanmağa başladığı əvvəlinci uğurların sevincini də gözündən tökür. Nənəsinin adı Qərib idi, ancaq qəriblik onun taleyinə çevrildi. Nənəsi İran təbəəsi olduğundan Bakıda doğulsa belə, nəvə də iranlı sayılırdı və 1938-ci ildə onu Qərib xanımla birgə Arazın o tayına sürgün edirlər. Bir yaz günündə Ənzəliyə səmt götürmüş gəmi onu büsbütün başqa bir həyata doğru aparırdı.
Əsli Ərdəbildən və İrandan olduğundan Bakıda - Sovet Azərbaycanında, deməli, Sovet İttifaqında doğulsa da, Əli dünyaya gəldiyi andan burada qərib olduğu kimi, 14 yaşında sərhədi aşıb İrana keçəndən sonra orada da qərib idi. Orada vətən idi, burada. Amma ora ayrı ölkə idi, bura başqa dövlət. Odur ki, Əli dünyaya artıq mühacir kimi gəlmişdi, 14 yaşında yenə mühacirətə gedirdi və bu, elə hicrət idi ki, doğulandan son nəfəsinədək ondan ayrılmadı. Və nə qədər ki Güney və Quzey Azərbaycan var, həmin ikiqat mühacirlik də bitməyəcək.
Ancaq həyatının lap əvvəlindən onu qarabaqara izləyən saysız sıxıntılar və sınaqlara rəğmən, Əliyə həmişə arxa olan həmdəm vardı - Pərvərdigarın ona səxavətlə bağışladığı ilham, şairlik vergisi.
Bu Vətəndən o Vətənə getmişdi, yer dəyişmişdi, lakin ilham həminki ilham, qələm həminki qələmdi, şeirlərini yazmaqda davam edirdi, şeir də yalnız ürəkboşaltma deyildi, yeri düşdükcə bu gəncdən köməklərini əsigəmirdi.
1942-1943-cü illərdə Stalinqradda həlledici döyüşlər gedən vaxtlarda Sovetlərə müttəfiqlərin göndərdiyi ləvazimat İran ərazisindən keçirilərək Ənzəlidən Sovet İttifaqına göndərilirmiş. Yük dolu maşınların keçib getdiyi Astara-Ənzəli şose yolu yenidən qurulub abadlaşdırılır, torpaq yola asfalt döşənirdi. Bu işlərə Astarada qoşulan Əli Çanaxbulaq kəndinə bir də asfaltlaşdırılan yol Ənzəliyiə çatıb işlər tamamlananda qayıtdı. Günlərlə, həftələrlə gecəli-gündüzlü çalışan fəhlələrlə birgə olduqca Allah-bəndə söhbətlərindən tutmuş siyasətəcən çox mətləblərdən danışırdılar və bu müddətdə həmin uzun yolda o, sanki əməlli-başlı həyat məktəbi keçmişdi.
Qayıdıb kəndə gələndən sonra hiss edirdi ki, daha buralara sığmır və xeyli fikir edəndən sonra 1944-cü ilin yayında yollanır İran Xalq Partiyası Ərdəbil vilayət komitəsinə. Partiyaya üzv olmaq istəyini bildirəndə sədrlə yanındakılar bir-birinə təəccüblə baxır ki, özü cavan oğlan, həm də heç birimizin tanımadığımız naməlum şəxs, onu partiyaya necə qəbul edək. Yenə şeir karına gəlir, qayıdır ki, "mən şeir də yazıram", sədr də onu sındırmır ki, "yaxşı, bəlkə bir-ikisini oxuyasan, eşidək". Cibindən şeirlərini köçürdüyü kiçik dəftərçəsini çıxarır, bir şeir oxuyur, ikincisinə keçir, görür ki, həvəslə dinləyirlər, dayanmır, növbətilərini də oxuyur və hiss edir oturanların - vilayət partiya komitəsi üzvlərinin hamısının sifətində ona bir rəğbət yaranıb. Sədr dəftərçəni ondan alıb vərəqləyir, ərəb əlifbası ilə deyil, latın qrafikası ilə yazıldığını görüncə soruşur: "Harada təhsil almısınız?" Bakıda oxuduğunu deyəndə elə bil ona rəğbət bir az da artır, otaqdakılardan nisbətən yaşlı olanı ayağa qalxıb dillənir ki, axı səni partiyaya qəbul etməkçün zəmanətlər lazımdır. Sədr gülümsünür ki, yaxşı, birini mən yazaram və belə olanda həmin yaşlı kişi də "Onda ikincisini də mən yazım", - deyir.
Ona partiya üzvlüyü vəsiqəsini yazmaqçün sədr katibi çağırır. Katib soruşanda ki, sicillinizdə - pasportunuzda adınız, soyadınız necə yazılıb və cavab alanda ki,bu cavanın, sən demə, heç şəxsiyyətini təsdiq edən sənədi yoxdur, lap heyrətlənirlər. İzah edir ki, indiyə qədər sicill almamışam, hara getmişəmsə, özümlə qohumlarımın sicillini aparmışam.
"Yaşlı kişi dedi ki, qoy şairin təxəllüsü partiya biletində "Tudə" yazılsın. Axı "tudə" xalq deməkdir, şair də xalqın oğludur. Otaqdakılar yaşlı kişiylə razılaşdılar".
Vəsiqəsini alıb getməkçün xudahafizləşəndə sədr ondan xahiş edir ki, olarmı şeir dəftərin bizdə qalsın.
"Əlbəttə olar! - dedim, sonra şeir dəftərimi çıxarıb sədrə verdim, o, mehribanlıqla mənə "Sabah yanıma gələrsən, sənə sicill alarıq", - dedi.
Gecəni mehmanxanada qaldım. Səhəri sədrin yanına getdim. Sicilli idarəsində işləyən partiyalı yoldaşlar mənə sicill aldılar. Sicilldə Mirzəlinin "mirzə"sini ixtisara salıb öz adımı "Əli", Ələmqulunun "ələm"imi atıb atamın adını "Qulu" yazdırdım.
Familimin isə əslini saxladım: Cavadzadə. Sicill idarəsində işləyən partiya üzvləri vilayət komitəsinin tapşırığı ilə "Tudə" sözünü təxəllüs yerinə adıma əlavə etdi".
Həmin ilin payızında Əli Tudə bir gün eşidir ki, şah İran neftinin Amerika ilə birgə çıxarılmasına razılıq verib, Tudə firqəsinin Ərdəbil vilayət komitəsi də bununla əlaqədar şəhərdə etiraz mitinqi təşkil edir və kənd camaatı da ora axışmaqdadır.
Əli də yollanır Ərdəbilə və "İran nefti İranın öz ixtiyarında olmalıdır" çağırışları ilə müşayiət olunan mitinq axşamdan xeyli keçmiş bitir, izdiham dağılanda Əli də həmkəndliləri ilə bərabər gecəni mehmanxanada qalaraq Çanaxbulağa sübhdən qayıtmağı qət edir. Ancaq gecə vaxtı Əlinin mehmanxanada gecələdiyi otağın qapısı döyülür, gələn qonaq otaqdakılara müraciət edərək "Aranızda Əli Tudə kimdir?" - soruşur.
Əli ayağa qalxınca gələn sovet konsulxanasının əməkdaşı olduğunu bildirir və rica edir ki, Əli sabah konsulxanaya baş çəksin. Bu gəlişə Əli də, həmkəndliləri də mat qalırlar. Əli nə qədər and-aman etsə də ki, nə konsulla, nə konsulxanayla indiyədək heç bir əlaqəsi olmayıb, elə özü də otaq yoldaşları kimi onu nəyə görə axtardıqlarına məəttəl qalıb, yanındakılardan biri inansa da, üçü inanmır.
Ertəsi gün maraq içində konsulxanaya baş çəkəndə bəlli olur ki, sən demə, bais yenə şeir imiş. Əlini qəbul edən Ərdəbildəki sovet konsulu Mirzə Məmmədov siyirtməsini açıb Təbrizdə buraxılan "Vətən yolunda" qəzetinin son nömrəsini çıxarıb deyir ki, burada çap olunan sizin şeirinizdir, o şeiri bizə Ərdəbil vilayət partiya komitəsindən göndərmişdilər, oxuduq, xoşumuza gəldi, göndərdik redaksiyaya, onlarda dərc ediblər.
"Qəzeti nəzakətlə konsuldan alıb öz şeirimə baxdım. Sevindim, ancaq oxuya bilmədim. Axı mən ərəb əlifbasını bilmirdim. Təşəkkürümü ürək sözlərimlə bəyan edib qəzeti konsula qaytardım. Ancaq o, qəzeti almadı. Dedi ki, qoy qəzet sizdə qalsın. Bu mənim Cənubi Azərbaycanda 1944-cü ildə çap olunmuş ilk şeirim idi".
Konsul məsləhət görür ki, Əli şəhərdə qalsa yaxşıdır, həm ədəbi, həm ictimai fəaliyyəti üçün burada meydan daha geniş olar.
Əli konsulxanadan birbaşa Ərdəbil vilayət partiya komitəsinə yollanır, konsulun tövsiyəsindən söz açır və orada da təklif edirlər ki, qalıb onlarla işləsin.
"Mən iş yoldaşlarımla piyada uzaq kəndlərə gedir, kəndlilər arasında inqilabi iş aparır, mübarizəyə çağıran şeirlər oxuyur, palçıq daxmalarda gecələməli olurdum. Bəzən həyatım bir tükdən asılı olsa da, geri çəkilmirdim. Keçirdiyim həyəcanlar, təlaşlar, iztirablar əvəzinə yeni-yeni məslək dostları qazanırdım".
Ölüm-itim də olurdu. Bəzən hansınınsa oradan gülləyə tutulmuş cəsədi qayıdırdı. Belədə Ərdəbilin böyük meydanlarında etiraz mitinqləri keçirər, tabut qoyulmuş yük maşınının kuzovuna qalxaraq oradan alovlu nitqlər söylərmişlər. Əli də o hüznlü günlərdə xitabət kürsüsünə çevrilmiş tabutlu kuzovdan istibdad cəlladlarını lənətləyən, azadlığa səsləyən şeirlərini oxuyarmış.
Meydanlarda səslənən həmin alovlu şeirlər tezliklə Ərdəbildə nəşr edilən "Yumruq", "Zidd-i faşist", "Cövdət", Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq" məcəlləsində dərc olunmağa başlayır.
"Tudə" kəlməsi - həm xalqa, həm partiyaya bağlılığın nişanəsi olan bu söz Əlinin yalnız şairlik təxəllüsünə çevrilməmişdi, həm də dönüb olmuşdu onun həyat amalı, düşüncə və duyğu ülgüsü - bu kəlmə və bu fəlsəfə onun ömrünə 20 yaşındaykən daxil oldu, düz yarım əsr - 1996-cı ildə sona çatan ömrünün axırıncı günlərinədək onunla qaldı.
Vaxt ötür, nəsillər dəyişir, günün içərisində hərəsi özünə görə bir qəhrəman olmuş insanlar da asta-asta yaddan çıxıb gedir. Millətin, vətənin tarixində qalan böyük hadisələri və günləri isə yalnız tək-tək öndə olan igidlər yaratmır, bəlkə onlardan daha əvvəl qəhrəman dövrləri, həmin çağların qəhrəmanlıq saçan ab-havasını zahirdən sadə görünən, amma varlığında qeyrət, təpər, cəsarət, dönməzlik daşıyan əqidə fədailəri doğururlar.
Nə yaxşı ki, Əli Tudə bu yaddaşları özü ilə aparmayıb. Güneyin istiqlal tarixini yazanlar bu sanki sıradan olan insanların adlarını çəkməyiblər, çətin ki, bundan sonra da çəkələr. Ancaq millət tarixinin ən şərəfli səhifələrindən olan 21 Azərə aparan yol onların ömründən, taleyindən, dəyanətindən keçib. Rəvadırmı ki, unudulalar?!
Əli Tudə İran Xalq Partiyasının Ərdəbil vilayət komitəsinə bağlı olmuş, hərəsi öz gücü çərçivəsində sadəcə çalışmamış, daim məhəbbətini, sədaqətini əməli ilə sübut etmiş məsləkdaşlarının adlarını sadalayır və onlar heç də mübariz inqilabçılar, ötkəm döyüşçülər deyildilər. Ancaq onlarsız da o inqilabi gedişat heç vaxt o cür möhtəşəm, o cür atəşli alınmazdı. Hamısı sadə peşə adamlarıdır. Ancaq varın verən utanmaz, onlar da olanlarını ümumi işə sevgiylə bəxş edirdilər.
Əsrlər, minillər dəyişib, 1940-cı illərin ortalarından görün neçə onillər keçib, bəlkə bu adları artıq heç öz soylarından, xanədanlarından olanlar xatırlamır. Ancaq Əli Tudənin unuda bilmədiyi bu adlar onun minnətdar sətirlərində yaşayır və haçansa həmin xatirələrə rast düşəcək o nəsillərdən olanlara da, əslində elə hər azərbaycanlıya da əziz olmalı, iftixar ünvanı sayılmalıdır.
"Dəllək Məzlumi sanki partiyanın çaparı idi. Bir hadisə olanda Alaqapıdan girib Təzə meydandan çıxardı, Qəribandan girib Çeşməbaşından çıxardı. Kəffaş Əli ayaqqabılarımızı pulsuz yamayardı. Əkkas Xanbaba şəklimizi pulsuz çəkərdi. Dərzi Binabi paltarlarımızı pulsuz tikərdi. Dəllək Vəlinin dükanı həmişə yığnaqlı olardı, o, əlindən gələn köməyi təşkilatdan əsirgəməzdi. Əjdər ilə Qulamhüseyn sanki təşkilatın qoşa əli idi, təşkilat həmişə təcili işlərini o etibarlı, iradəli, cəsarətli əllərlə görürdü. Hələ öz yerlilərinin dünyagörüşünü genişləndirmək üçün Təbrizdən Ərdəbilə kino gətirən sürücü Həsən! Həsən öz xərciylə Ərdəbildə kinoteatr açmışdı, Təbrizdən filmlər gətirib bu kinoteatrda nümayiş etdirirdi, bu filmlərə pullular da baxırdılar, pulsuzlar da. Mən neçə-neçə səhnədə neçə-neçə peşəkar aktyorun oyununu görüb bəyənmişəm, sevmişəm, alqışlamışam. Ancaq bu aktyorların necə mükəmməl sənət təhsili aldıqlarını da öyrənmişəm. Həsən isə oxumamış, anadangəlmə aktyor idi".
Azərbaycanda ən əski çağlardan başlayaraq tarixin hər dönəmində şeir, musiqi məclisləri olub. Ancaq Güneyin inqilab romantikası ilə daşan o illərində şeir də, musiqi də bir ayrı məna qazanmışdı. Ərdəbil vilayət partiya komitəsinin nəzdində də ayrıca "Şairlər Məclisi" yaradılıbmış. Əli Tudə ilə yanaşı, həmin məclisdə bir vaxtlar onunla birgə Bakıda, Pionerlər sarayındakı ədəbiyyat dərnəyinə gedən Balaş Azəroğlu da vardı, bu gün adlarını az adamın bildiyi İbrahim Zakir də, Muxtar Dadaşzadə də, Qulamhüseyn Səbri də, Ələkbər Səyyah da, Teymur Haşimidə, Fəxrəddin Nuri də, Murtəza Pir də. Şeirlər elə yalnız bu məclisdə oxunub qalmırmış, mütəmadi olaraq "Zidd-i faşist" qəzetində dərc edilir, ayrıca məcmuə kimi də buraxılırmış. Bunlar o çağacan Cənubda görünməmiş hadisələr idi. Kim haçan şahid olmuşdu ki, Ərdəbildə, Təbrizdə ana dilində belə şeir topluları, kitablar işıq üzü görərmiş, o toplularda, o kitablarda istiqlaldan, ana dilimizin gözəlliyi və qüdrətindən, Azərbaycan xalqının müqəddəs ideallarından bəhs edilərmiş.
Əli Tudə gənc bir insandı. Nə yaşı vardı ki! 1945-ci ildə 21-ni bitirib 22-sinin içindəydi. Ancaq həm də tarixin içindəydi: "Kitabların çıxması mənə tapşırıldığına görə bəzən günüm mətbəələrdə keçirdi. Kitabların tez çıxması üçün əlimdən gələni əsirgəmirdim. Yeməyimi, içməyimi, dincliyimi unudub yalnız kitabların nəşriylə məşğul olurdum".
O cür təlatümlü dövrlərin qoynundakı bu cür insanları həmişə yaşından daha yaşlı gördüm. Həm əməlcə, həm də düşüncəsinin miqyasları, həyata baxışları ilə. O şeirləri ki Əli Tudə o illərdə yazıb, o işləri ki o çağlarda yerinə yetirib, bunlar 21-22 yaşlı cavanın yox, artıq 40-a, 50-yə çatmış, oturuşmuş, böyük həyat təcrübəsi olan bir kişinin çalışmaları təəssüratını oyadır. Əslində də belə idi. Elə istehsalat və xidmət sahələri var ki, oralarda adətən bir ili rəsmən bir neçə il hesablayırlar. Bu təhər inqilab ritmli zamanlarda da vaxt saatının əqrəbləri dünyanın adi vaxtlarındakından bir neçə dəfə yeyin irəliləyir, belə dövrlərin övladları da yaşlarından daha irəli getmiş, həyat sınaqlarında erkən püxtələşib bərkimiş olurlar.
Dünya hələ müharibə içində idi. İkinci Cahan savaşı çox ölkələri viran qoysa, milyonlarla insanın həyatını əlindən alsa da, İran bu dağıntı və sarsıntılardan aralıda idi. Ancaq İran da içəridən qaynayırdı. Ərdəbildə dörd yol ayrıcındakı meydanda həftə səkkiz, mən doqquz keçirilən mitinqlərdə dalğalanan insan dənizi getdikcə daha artıq coşurdu. Şahlıq hökuməti polisləri də, sərbazları da belə mitinqlər cərəyan edən meydanlara tökərdi, camaatın gözünün odunu almaq, vahimə yaratmaqçün damların üstünə müsəlsəllər - pulemyotlar qaldırardılar. Amma artıq ruhu oyanmış və önündə gedənləri olan xalqın sanki qorxu hissi də uçub getmişdi. İranda o çağacan da inqilablar olmuşdu, amma "Gələcək bizim olmalıdır!", "İnsan azad yaşamalıdır" kimi dikbaş şüarların yazılıb başlar üzərinə qaldırılması, hamılıqla səsləndirilməsi yeni günlərin bəhrəsi idi. O mitinqlərdə gənc Əli Tudə də tez-tez kürsüdə görünər, ehtirasla şeirlərini oxuyardı.
Bu boyasız, səmimi şeirlərin hər dəfə alqışlara bürünməsinin, ürəklərə yol tapmasının əsas səbəbi o idi ki, Əli öz ömrünü şeirə çevirərək söyləyirdi, oxuduqları şeirlərin hər biri yeni günün insanının səsi idi:
Anam uçub getdi bir durna kimi,
Mənə qucağını sən açdın, Vətən!
Beş yaşlı yetimdən bir ana kimi
Nə bir yol incidin, nə küsdün, Vətən!
Sənin göz yaşını qurutmaq üçün
Günəşdən bir dəsmal biçərəm, Vətən!
Yox! Səni əbədi ovutmaq üçün
Özüm göz yaşımı içərəm, Vətən!
...Əli Tudə əslən güneyli idi, amma İrana, Cənubi Azərbaycana birinci dəfə gələndə 14 yaşı olsa da, ərəb əlifbasını bilmirdi, farscanı da, əski əlifbanı da burada öyrəndi. 1945-ci ildə 21 yaşı vardı, artıq 7 ildi ki, Güneydə yaşasa da, hələ Təbrizi görməmişdi. Onu bu şəhərlər gözəli, uzaqdan-uzağa vurğunu olduğu Təbrizlə ilk dəfə görüşdürən də yenə şeir oldu.
Ərdəbildəki "Şairlər Məclisi"nin üzvlərini Təbrizdəki "Vətən yolunda" qəzetinin redaksiyasına qonaq dəvət etmişdilər. Ərdəbildən gedən şairləri orada redaksiyada Mirzə İbrahimov, Rza Quliyev, Cəfər Xəndan, İsrafil Nəzərov, Ənvər Məmmədxanlı, Əvəz Sadıq, Qulam Məmmədli, Qılman Musayev (hələ o vaxt "İlkin" təxəllüsünü götürməmişdi), Seyfəddin Abbasov (o da hələ "Dağlı" olmamışdı) qarşılamışdılar və Əli Tudə də, onunla gedənlər də bu Bakıdan gəlmiş, artıq təbrizliləşmiş ziyalılarla ilk dəfə görüşürdülərsə də, onlar bunları, bunlar onları yazılarından qaibanə tanıyırdılar. O gün Təbriz və Ərdəbil şairlər məclislərinin yığıncağı ilk dəfə müştərək keçirilmişdi, təzə şeirlər oxunmuşdu, yadigar şəkillər çəkdirmişdilər və sonra ərdəbilli qonaqları şəhərin seyrinə çıxarmışdılar.
Sonrakı aylarda Əli Tudə Təbriz "Şairlər Məclisi"nin toplantılarına dönə-dönə qatılacaq, hər dəfə eşitdiklərindən, burada gedən söhbətlərdən, ədəbi müzakirə və mübahisələrdən zövq alacaq, o soyumayan ləzzət şairi onillər sonra da riqqətə gətirəcək.
Ancaq sonrakı onillərdən hansındasa növbəti dəfə Təbriz "Şairlər Məclisi"nin toplularını götürüb vərəqləyəndə, şeirlərin yuxarı başında hansısa gənc çöhrələrin fotoəksini görəndə tutulacaq, yaddaşından da, ürəyindən də qara qanlar axacaq.
"Məclisin fəal iştirakçılarından biri fəhlə Məmmədbağır Niknam idi. Gənc şairin çəkic vurmaqdan qabar-qabar olmuş fəhlə əllərindən elə şeirlər çıxırdı ki, ağsaçlı alimləri belə heyrətə salırdı.
Təbriz boyda bir şəhərin kiçik, yoxsul, ucqar otaqlarından birində tək-tənha yaşayan bu fəhlə şair dostsuz dilinə bir tikə çörək də vurmurdu.
Sədi Yüzbəndi öz atəşli şeirləri ilə məclisdəkilərin könlünü isindirsə də, bir ayağı kənddə idi. O, xalq arasında qəhrəmanlıq, azadlıq, vətənpərvərlik ideyalarının yorulmaz carçısı idi. Hər dəfə məclisə gələndə özü ilə bərabər yeni soraq, yeni mövzu, yeni nəfəs gətirirdi.
Onlar milli azadlıq hərəkatının salnaməsində öz öhdələrinə düşən səhifələri yazıb tamamlamaq əzmində idilər. Lakin xalqın qəddar düşmənləri bu salnaməni yarımçıq qoydular.
Xalq qoşunları silahı yerə qoyduqdan sonra azğınlaşmış şah sərbazları əl-qol açdılar. Onlar Kaşifin evinə soxulub şairi həbs etdilər, qəzəbli nəğməkarın üsyankar səsindən lərzəyə düşən şahpərəstlər taxt-tac düşmənini zindana aparmadan, elə öz evinin qabağındaca vəhşicəsinə güllələdilər.
Niknamı qohum-əqrəbasından xəbərsiz, vaxtı ilə yanıqlı şeirlər oxuduğu "Şairlər Məclisi"nin yerləşdiyi binanın qarşısında qətlə yetirdilər. Hələ toy görməmiş bu gənc şairin cəsədi üstündə bütün Təbriz hönkürə-hönkürə ağladı.
Milli Hökumətin son günlərində Yüzbəndi Qaradağ kəndliləri arasında ictimai-siyasi iş aparırdı. Düşmənlər bu fədai şairi hiylə toruna salıb ələ keçirdilər, onlar bu həyat tərənnümçüsünün məğrur başını bədənindən ayırıb Təbrizə gətirdilər. Gecə-gündüz oğul intizarında qovrulan ağsaçlı ananın qapısını təpiklə açdılar, bəşər tarixində az təsadüf olunan ən qəddar bir cinayətə əl ataraq oğlunun kəsik başını ananın qarşısına tulladılar.
Mən "Şairlər Məclisi"ndə döyüş, sənət, məslək dostu olduğum bu qəhrəmanlar haqqında şeirlər yazıb çap etdirdim".
Elə Əli Tudə özü də həmin günlərdə o şəhidlərdən biri ola bilərdi, digər qətlə yetirilmiş qəhrəmanlar haqqında olan vida şeirlərindən biri də onun haqqında yazılardı. Ancaq tale onu qorudu, alovlu yollardan keçirtdi.
Yəqin, həm də ona görə ki, o günlərin yaddaşları itib-batmasın, o şəhidlər unudulmasın, onların sərgüzəştləri Əli Tudə qələmi ilə tarixləşsin.
Bu müsibətli günlər sonra gələcək. Hələliksə 1945-ci ilin sonları idi, Azərbaycan bayram içində idi və Əli Tudə həmin il ərzində ikinci dəfə idi ki, Təbrizə gəlirdi. Ancaq bu dəfə yazda olan kimi təzədən səfər yoldaşları ilə birgə Ərdəbilə qayıda bilməyəcək. Onu Təbrizdə saxlayacaq, Maarif Nazirliyinin sərəncamına götürəcək, nazirlikdəki tədris şöbəsinin müdiri təyin edəcəklər.
İlk gəncliyindən başlayaraq ömrün ixtiyar çağlarınadək Əli Tudənin günü-güzəranı kitablarla keçmişdi. Əvvəlinci kitablarını ilk dəfə əlində tutanda bunları həyatının ən xoş möcüzəsi hesab etdiyi də olmuşdu. Amma hər möcüzənin təkrarlana-təkrarlana adiləşməsi də var. 22 yaşında ikən Təbrizdə, Maarif Nazirliyində çalışdığı vaxtlarda nəşrində iştirak etdiyi kitabların yaratdığı fərəh, qürur isə onunla həmişəlik qaldı. İş otağı Təbrizin mərkəz hissəsindəki bir mətbəədə imiş. Burada artıq tədrisin ana dilində olduğu Azərbaycan məktəblərində istifadə üçün dərslik və proqramlar nəşr edilirmiş. Təkcə öz ömrünün deyil, milli tariximizin heç vəchlə və heç bir zaman unudulmamalı həmin şərəfli günlərinin mənzərələri daim Əli Tudənin göz yaddaşında canlı idi: "Mətbəənin gündüzlü-gecəli işləyən çarxları da sanki mübarizləşmişdi. Mən kiçik, sadə, narahat iş otağımda ətraf kəndlərdən, qəsəbələrdən gələn nümayəndələri qəbul edirdim. Özləri yorğun, lakin ürəkləri şən olan adamlar kitabları götürüb sevinclə öz doğma yerlərinə qayıdırdılar. Maşının ağzından çıxan, rəngi əməlli-başlı qurumayan, qatları tamam açılmayan anadilli kitablar isti təndirdən qoparılan sarı buğda çörəyi qədər şirin, əziz, müqəddəs idi. İş o qədər çox, qızğın, gərgin, lakin fərəhli idi ki, mən nahar fasilələrində də şəhərə çıxmayıb elə yeməyimi də yaxındakı restorandan iş otağıma gətirtdirirdim".
...O günlər içərisində onlar hamısı xoşbəxtdilər. Azərbaycan arzusunda olduğu azadlığına qovuşmuşdu. 1945-ci ilin 21 Azərində Milli Hökumət elan edilmişdi. Azərbaycan XX yüzillik içərisində ikinci dəfə istiqlalını qazanırdı. 1918-ci ilin 28 Mayında Şimali Azərbaycanda - Quzeydə müstəqillik elan edilmişdi. Eyni səadəti 1945-ci ilin 12 dekabrında Təbriz, Güney Azərbaycan yaşayırdı. Güney Azərbaycanda qurulmuş Milli Hökumət ilk addımlarını atdıqca hər yeni gün təzə fərəhlər gətirirdi.
1946-cı il aprelin 26-da siqlətcə elə 21 Azərə bərabər olan bir mühüm hadisə də baş verdi. Təbrizdə Azərbaycan radiosunun açılışı oldu. Bu, Güneyin azad səsi demək idi.
Və Əli Tudənin taleyini dəyişən, bundan sonra onun adının həmişə Güneyin yeni tarixindəki bir ilklə yanaşı çəkilməsinə səbəb olan hadisə baş verir.
Təbriz radiosu fəaliyyətə başlamışdı və 1946-cı ilin yaz günlərindən birində oradan Əli Tudənin də səsi gəlir. Yeni şeirini oxuyurdu:
Bu gün lalə-lalə qızarır səhər,
Şəfəqdə yuyunur hər kənd, hər şəhər.
Döyür qapıları səhərin yeli,
Bayram müjdəsilə oyadır eli.
Hər yerə baxırsan, əlvan görünür,
Sanki təbiət də cavan görünür,
Bəzən şirin-şirin danışır xəyal,
Deyir sən şairsən, yaxşı nəzər sal,
Bu qızartı nədir, bu şəfəq nədir?
Bu gün asiman da şairanədir!
Sanki hansısa qeyri-adiliyi olmayan, saya misralardır. Ancaq Təbriz radiosundan səslənən bu sətirlər Təbrizdə və radionun dalğalarının gedib çatdığı bütün uzaqlarda insanların içərisini vəcdlə doldururdu. Çünki bu şeirdə yeni günün ab-havası vardı, bu şeirin misraları arzusuna qovuşmuş güneyliləri daxilən səfərbər edirdi, onları daha xoşbəxt olacaqları daha gözəl günlərə səsləyirdi.
Təbriz radiosunun səsi Tehrana da gedib çıxırdı. İşin avandlığından gənc şair Əli Tudə mikrofon qarşısında dayanaraq Təbriz radiosundan bu şeiri oxuduğu əsnada Baş nazir Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran hökuməti ilə danışıqlar aparmaq məqsədilə Tehrandaymış. Arada fasilə elan ediləndə dincəlməkçün yerləşdikləri mehmanxanaya gəliblərmiş və Pişəvəri həmin saatda səslənən Təbriz radiosunu dinləyirmiş. Bu şeiri eşidir, çox da xoşuna gəlir, sonra bir neçə yığıncaqda şeir haqqında təqdirli sözlərini də söyləyir.
Ancaq şeiri dinləyib bəyənən tək o deyildi. Çoxları bu şeir haqqında şövqlə bəhs edir, illah da cavan şairin öz qoşqusunu necə hərarətlə, necə coşquyla çatdırması barədə xoş təəssüratlarını bölüşürdülər.
1946-cı ildə "Azərbaycan" məcmuəsi beşinci sayında həmin "May səhəri" şeirini dərc də edir.
Sovet nümayəndə heyətinin tərkibində Təbrizdə olan və mədəniyyət işlərinə rəhbərlik edən Əhəd Bağırzadə gənc şair Əli Tudəni kabinetinə çağırır. Bu bircə şeirlə, həmin şeiri necə ürəklə oxuması ilə bəsirətli dinləyici o cavandakı işığı görməyə bilməzdi və Əhəd Bağırzadə də axtardığını məhz Əli Tudədə tapdığı qənaətinə gəlmişdi. Deyir ki, bu yaxınlarda Təbrizdə filarmoniya qurmaq fikrimiz var. Belə bir rəy də yaranıb ki, həmin filarmoniyaya rəhbərlik etməyi sizə tapşıraq, Bakıdan gəlmiş bəstəkar Cahangir Cahangirov da buradadır, qısa müddətdə xeyli iş görüb, sizə də kömək edəcək, yaxşı bir orkestr yaratmaq lazımdır.
Əlavə də edir ki, doğrudur, təşkil olunacaq Təbriz Dövlət Filarmoniyasının büdcəsi hələ təsdiq edilməyib, ancaq siz Maarif Nazirliyinin tərkibində olacaqsınız, ona görə də nazir Məhəmməd Biriyaya tapşırıq veriləcək ki, sizə lazım olan vəsaitləri hələlik əmrlə ayırsın.
Əli Tudənin 22 yaşı vardı. Cənubi Azərbaycanda yaranan ilk dövlət filarmoniyasına onu ilk direktor təyin edirdilər. İstiqlal həyəcanı və sevincləri ilə dolu bu günlərin hər biri fövqəladə idi. Çünki hər yeni gündə Güneyin tarixində təzə bir bəxtiyar səhifə açılırdı. Musiqi sədaları ilə bəzənən Təbriz Filarmoniyasının yarandığı və birinci addımlarını atdığı o xoşbəxt günlərin əks-sədası Əli Tudənin sonrakı ömrünün bütün günlərindən gələcək...
27 iyul 2024
Rafael HÜSEYNOV, akademik