Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Alim ocağının layiqli davamçısı
05.08.2024 10:15
  • A-
  • A
  • A+

Alim ocağının layiqli davamçısı

Müsahibim AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətnşünas alimi, Azərbaycan Memuar Ədəbiyyatının yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, dosent 14 kitabın 100 dən artıq məqalənin müəllifi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdində fəaliyyət göstərən ED 1.31 Dissertasiya Şurasının, eləcə də “Əlyazmalar yanmır” jurnalının redaksiya heyətinin üzvü Nailə Səmədovadır. 

İyul ayının iyirmisində alim ömrünün məhsuldar zaman kəsiyində 65 yaşını qeyd edərkən  keçdiyi  şərəfli alim ömrünə nəzər salmağı ondan xahiş etdim. Nailə xanım  həyatının böyük bir hissəsini ədəbiyyat sahəsində şam kimi qətrə-qətrə əridib. Onun elm yolunu seçməsində atası uşaq ədəbiyyatının tədqiqatçısı filologiya elmləri namizədi Əbdül Əzizov və anası filologiya elmlər doktoru Cənnət Nağıyevanın ailəsində doğulub boya-başa çatması mühüm rol oynayıb. Balaca Nailə hələ dünyanı dərk etməzdən əvvəl kitablar aləminin sehrinə düşüb kiçik yaşlarından həmyaşıdları oyuncaqlar ilə oynarkən   kitablar onun uşaqlıq əyləncəsinə çevrilib. Elə onda alim ocağının övladı olmağın məsuliyyətini dərk edib. Məktəbli vaxtlarından anasının işlədiyi Əlyazmalar Fonduna   qonaq kimi gələrkən bütün ömrünü həmin elm məbədi ilə bağlayacağını hələ bilmirdi. Köhnəlmiş cildlərdən hərfbəhərf əski əlifba ilə yazılmış mətnləri oxuyan və müasir oxuculara çatdıran peşə adamlarının əməyinə şahid olmaq hələ o zaman yeniyetmə bir məktəblinin marağına səbəb olmuşdu. Bu elm məbədi  onu maqnit kimi özünə cəzb edirdi. Nəhayət, ali məktəbi çox sevdiyi filologiya ixtisası üzrə bitirib 1983 cü ildən indiki Əlyazmalar İnstitutunda (o zaman Əlyazmalar Fondunda) əmək fəaliyyətinə başlayır. Elm pilləkənin ilk pilləsi olan baş laborantlıqdan ta baş elmi işçiyə qədər bir şərəfli eyni zamanda çətin və məsuliyyətli bir yol qət edir. Nə az, nə  də çox düz 40 il babalarımız demiş bir igidin ömrü.  

Mən də yubiley ərəfəsində  Nailə xanımdan kiçik bir müsahibə almaq fürsətini tapdım və ilk sualım belə mövzuda oldu.

- Nailə xanım, Sizin ömrünüzün 40 ili Azərbaycan ədəbiyyatının, mətnşünaslıq elminin tədqiqi ilə bağlıdır. Bu sahəyə gəlişinizi tale adlandırmaq olar yoxsa seçim?

- Mən gözümü ziyalı ailəsində açmışam. Atam və anam ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdilər. Atam Əbdül Əzizov filologiya elmləri namizədi idi. Uşaq ədəbiyyatının tədqiqi ilə məşğul olurdu. 1953-cü ildən Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyində, ömrünün son illərində isə Abdulla Şaiqin ev muzeyində çalışmışdı. Çoxlu sayda məqalələr, kitablar nəşr etdirmişdi. Anam Cənnət Nağıyeva isə 1950-ci ildən indiki Əlyazmalar İnstitutunda işləyirdi. O, “Heyran xanımın həyat və yaradıcılığı” mövzusunda namizədlik, “Nəvai və Azərbaycan ədəbiyyatı (XV-XIX əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bütün elmi yaradıcılığı ərzində Əlişir Nəvai, Əbdürrəhman Cami və başqalarının ədəbi irsini araşdırmışdır. Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafında onun xüsusi xidmətləri olmuşdur.

Mən hələ məktəb illərində onların işlə, çalışdıqları insanlarla, eləcə də elmlə bağlı söhbətlərinə qulaq asardım. Bizim evdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, tədqiqatçı alimlərin bədii və elmi əsərləri var idi. Artıq ikinci sinifdə mən bədii kitablar oxumağa başladım. İlk oxuduğum kitab Süleyman Sani Axundovun əsərləri idi. (Onu da deyim ki, Süleyman Sani Axundov bir yazıçı və bir şəxsiyyət kimi mənim üçün çox əzizdir. Çünki ilk dəfə onun əsərlərini oxumaqla bərabər S.S.Axundov adına 172 saylı orta məktəbi bitirmişəm və anamın ilk kitabı “Süleyman Sani Axundov arxivinin təsviri” olub). Mütaliəni çox sevirdim. Evdə olan bədii kitabları oxuyub bitirdikdən sonra kitabxanalara üz tutdum. Yadımdadır, bizim yaşadığımız binanın birinci mərtəbəsində kiçik kitabxana var idi. Oradakı kitabları da oxumuşdum. Sözüm ondadır ki, mənim ədəbiyyata həvəsim hələ uşaq yaşlarımdan başlamışdı. Sonralar Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Görkəmli pedaqoqlardan, alimlərdən dərs aldım. Mir Cəlal Paşayev, Pənah Xəlilov, Abbas Zamanov, Firidun Hüseynov, Təhsin Mütəllibov, Ağamusa Axundov, Fərhad Zeynalov, Fəridə Vəzirova və başqalarının mühazirələri mənim elmə olan marağımı daha da artırdı. Anam Azərbaycan-özbək ədəbi əlaqələri ilə məşğul olduğundan özbək alimləri ölkəmizə gələndə bizə də qonaq olurdular. Mən özüm gənclik illərində anamla birlikdə Daşkənd şəhərinə gedərkən tanınmış ədəbiyyatşünas alimlər akademik Həmid Süleyman və həyat yoldaşı Fazilə xanım, Səidə Narzullayeva, Əbdülqadir Haytmetov və başqalarının evində ədəbiyyatla bağlı söhbətləri maraqla dinlərdim. Universiteti bitirdikdən sonra, daha dəqiq, 1983-cü ildən indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışıram. Yəni ədəbiyyat sahəsində çalışmağım ilk növbədə ailə ortamı olubsa da, bu sahəyə olan marağım, əsasən, özümün istəyi ilə əlaqədardır.

- Elmi fəaliyyətiniz memuar janrı ilə bağlıdır. Bu sahədə gördüyünüz işlər barədə nə deyə bilərsiniz? Sizcə, memuar ədəbiyyatı tədqiqatçıları öz fəaliyyətlərində nəyi əsas tutmalıdırlar?

- Ən əvvəl, onu qeyd edim ki, hələ gənclik illərindən sənədli əsərlər, xatirələrlə maraqlanırdım. Görkəmli adamların həyatı, onların ünsiyyətdə olduqları insanlar, yaşadıqları mühit, eləcə də yazıçıların həyat hekayələrinə əsaslanan bədii əsərləri məni daha çox cəlb edirdi. Bəlkə də bu səbəbdən universitetdə diplom işi kimi mənə Cəlil Məmmədquluzadənin “Xatiratım” əsəri veriləndə bu iş üzərində xüsusi həvəslə və maraqla işləməyə başladım. Elmi rəhbərim professor Abbas Zamanov idi. İlk dəfə olaraq əlyazma üzərində çalışaraq diplom işimi bitirdim və müvəffəqiyyətlə müdafiə etdim. Universiteti bitirdikdən sonra indiki Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başladım. Onu da qeyd edim ki, mövzu götürmək işi anamın məsləhəti ilə olmuşdu. O təklif etdi ki, Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” memuarını namizədlik işi kimi götürüm. Elmi rəhbərim akademik Məmməd Cəfər təyin edildi. O vaxt Məmməd Cəfər müəllim Əlyazmalar İnstitutunda işləyirdi. Doktorluq işimin mövzusu isə “Azərbaycan memuar ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələləri” adlanırdı. Elmi məsləhətçim professor Teymur Əhmədov idi. Mənim ilk kitabım da memuarlarla bağlıdır. İlk dəfə olaraq 1996-cı ildə Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” memuarını əlyazması əsasında nəşr etdirdim.

Sualınızın ikinci qisminə gəldikdə, bildirim ki, bütün sahələrdə çalışan tədqiqatçılar kimi memuar ədəbiyyatı tədqiqatçıları da öz fəaliyyətlərində mövzuya dərindən və hərtərəfli vaqif olmalıdırlar. Lakin bir nüans vardır. Bəzi memuarlarda həqiqətdən kənar, mübaliğəli faktlar, əsassız məlumatlar yer alır. Tədqiqatçı bunları elmi süzgəcdən keçirməli, faktların gerçəkliyini yoxlamalı, dəqiq olmayan məlumatları üzə çıxarmalıdır. Bütün bunlar nəzərə alınarsa, iş daha mükəmməl olar və elmiliyə əsaslanar.

- Azərbaycan memuar ədəbiyyatını ilk dəfə sistemli şəkildə araşdıran tədqiqatçı alim kimi çağdaş memuar ədəbiyyatımız Sizi qane edirmi?

- Hamıya məlumdur ki, Avropa və rus ədəbiyyatında memuarlara maraq güclüdür. Görkəmli adamlar, yazıçılar, siyasətçilər müəyyən yaş dövrünə çatdıqdan sonra memuarlar yazırlar. Sözsüz ki, qələmə alınan çoxlu sayda memuarlar daha çox tədqiqatçı auditoriyası tələb edir.

Azərbaycan ədəbiyyatında memuar janrının mükəmməl nümunələri XX əsrin əvvəllərində yaranmağa başlamışdı. Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadinin, Ömər Faiq Nemanzadənin, Əli Nəzminin, Abdulla Şaiqin memuarları həm dövrün ictimai-siyasi olaylarını, həm də müəlliflərin həyat və fəaliyyətlərinin daha səhih mənbədən öyrənilməsi baxımından əhəmiyyətli nümunələrdir.

Ölkəmizin müstəqilliyinin bərpasından sonra bir çox mövzularla yanaşı, memuar əsərlərinə də maraq artmağa başladı. Bu mövzuda Xəlil Rza Ulutürk, Vidadi Babanlı, Sabir Azəri, Anar, Mustafa Çəmənli və başqalarının əsərləri nəşr edildi. Nəşr olunan əsərlər gənc tədqiqatçılar tərəfindən araşdırılaraq elmi işlərin araya-ərsəyə gəlməsinə zəmin yaratdı.  Bütün bunlar onu göstərir ki, artıq insanları real, həyati hadisələr maraqlandırır. Doğrudur, roman, povest, hekayə və başqa bu kimi bədii əsərlərin də müəyyən qismində gerçək həyata söykənən epizodlar olur. Lakin bu nümunələrdə həyat həqiqəti yazıçının bədii təxəyyülünün süzgəcindən keçir. Məsələyə digər tərəfdən yanaşsaq görərik ki, memuarlar da bədiilikdən xali deyildir. Lakin burada memuarist həyatı, insanları olduğu, gördüyü kimi və öz yaradıcılıq manerasına uyğun olaraq təsvir edir. Bir cəhəti də qeyd etmək lazımdır ki, hadisələrin, insanların təsvirində müəllifin subyektiv fikirlərini nəzərə almaq lazımdır və memuar əsərlərini araşdıran tədqiqatçı, yuxarıda da qeyd etdiyimiz kimi, bunları diqqətlə gözdən keçirməli, mənbələri tutuşdurmalı, doğru faktları üzə çıxarmalıdır. 

- Sonda gənc tədqiqatçılara məsləhətiniz nə olardı? Azərbaycan elminin gələcəyini necə görürsünüz?

- Gənc tədqiqatçılara məsləhətim odur ki, öz işlərini sevsinlər. Əgər sevgi yoxdursa, ortaya çıxan işin keyfiyyəti lazımi səviyyədə olmur. Müdafiə etmək xatirinə mövzu götürməsinlər. Hamı müdafiə edib, elmi dərəcə almaq məcburiyyətində deyil. Bəlkə onlar başqa sahələrdə daha çox uğur qazanarlar. Bəzi savadlı gənclərimiz isə hal-hazırda qarşıya çıxan süni əngəllər ucbatından özlərini təsdiq edə bilmirlər. Azərbaycan elmi bu baxımdan bir çox savadlı gənclərimizi itirmək məcburiyyətindədir. Savadlı gənclərə dəstək olmaq Azərbaycan elminin gələcək uğurudur.

Nailə xanım müsahibə üçün sizə təşəkkür edirəm. Xüsusilə, sonuncu sualın cavabı məncə elm yolunu seçən gənclər üçün  bir alim tövsiyyəsi kimi çox dəyərlidir.

Onu da qeyd etməliyəm, müasir dövrdə humanitar elm sahəsində alim qadınlarımız faiz üzrə çoxluq təşkil edir. Əslində bu Azərbaycan qadının hər bir sahədə uğurlu karyerası milli-mənəvi dəyərlər baxımından olduqca yüksək bir göstəricidir. Nailə Səmədova elmi fəaliyyətində ən böyük uğuru nəşrə hazırladığı kitab və monaqrafiyalarda görsə də onun əməyi elm ictimayyəti tərəfindən dəfələrlə  qiymətləndirilmişdir. 2021-ci ilin 5 mart tarixində AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətə görə, həmin ilin 15 dekabrında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə əlaqədar görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində fəaliyyətə görə AMEA Humanitar Elmlər bölməsinin fəxri fərmanları ilə təltif edilmişdir.

2017 ci ildən Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri kimi fəaliyyətə başladığı müddətdə rəhbərlik etdiyi şöbə Əlyazmalar İnstitutunun məhsuldar şöbəsinə çevrilmişdir.  Əlyazmalar İnstitutuna yolu düşən hər kəs həftənin istənilən günü, yaxud  saatından asılı olmayaraq Nailə xanımı iş otağında  böyük bir şövqlə çalışdığının şahidi ola bilər. Mən fürsətdən istifadə edib yubley münasibətilə Əlyazmalar İnstitutunun rəhbərliyi və əməkdaşları adından yorulmaz əməkdaş, görkəmli mətnşünas alim, ən əsası olduqca təvazökar Azərbaycan xanımı Nailə Səmədovanı səmimi qəlbdən təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar və cansağlığı arzulayıram.

Nailə xanım, siz alim ocağının layiqli davamçısısınız. İnsanın yaşı rəqəmlərlə deyil, etdiyi əməllərlə ölçülür. 65 yaşın zaman kəsində geriyə boylananda bu vaxta qədər əldə etdikəriniz uğurlar bundan sonrakı on illiklərdə əlavə olmaqla Azərbaycan Ədəbiyyat elminə verdiyiniz töhfələrlə daimi iz qoymağı bacara bilmisiniz. Yaşamaq, mübarizə aparmaq insan övladının əsas qayəsi olmalıdır. Xalq şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə desək:

Yaşamaq, yanmaqdır, yanasan gərək!

Həyatın mənası yalnız ondadır.

Şam  əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı  yanmağındadır!

Müsahibəni hazırladı: Yazıçı, publisist Xanım MEHDİXANLI

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: