Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Arxeoloq alim Səfər Aşurovun 65 yaşı tamam olur
11.08.2024 14:52
  • A-
  • A
  • A+

Arxeoloq alim Səfər Aşurovun 65 yaşı tamam olur

Bu gün AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Hüseyn oğlu Aşurovun 65 yaşı tamam olur.

Məşhur alman pedaqoqu Fridrix Adolf Vilhelm Disterverq deyir ki, “ən yaxşı müəllim həqiqəti tapmağı öyrədəndir”. Elə çətin yoldur ki, izinə düşənlərin çırağı məhz odur. Necə ucsuz- bucaqsız əzəmətdir ki, insan “öyrətmək” istəsin. Bu hissin önünə keçən hiss varmı? Hardasa tanımadığın bir yerdə dünyaya gələn biri gəlib sənə dünya boyda “yaxşılıq” olur. Ailə qayğısından sonrakı dayanacağın olur. Tək səninmi? Neçə-neçə sənin kimi xoşbəxtlik ümmanını elmdə axtaranlara bələdçi olur. Bir də baxırsan ki, mayakın dayandığı yerdə minlərlə insan var aşdığı dənizlərdən sağ salamat qayıdıb.

Səfər Hüseyn oğlu Aşurov 1959-cu il avqustun 11-i Naxçıvan MR, Şərur rayonu, Axaməd kəndində anadan olub. Əvvəlcə Naxçıvan şəhəri  1 №li orta məktəbində, Şərur şəhəri Axaməd kənd 8 illik orta məktəbində, daha sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. 1984-cu ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş, elə həmin il Azərbaycan SSR EA Tarix İnstitutunda aspiranturaya qəbul olmuşdur. Səfər Aşurovun ilk iş təcrübəsi Naxçıvan MR Şərur rayon Tarix Diyarşünaslıq muzeyində 1985-1986-cı illərə təsadüf edib. Daha sonra üç il Şərur rayon Maxta kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda laborant kimi işə başlayıb. Hal-hazırda bu sektor  bazasında yaranmış AMEA Arxeologiya və Antropologiya İnstitutunda Tunc dövrü arxeologiyası şöbəsinin müdiri kimi çalışır. Əlavə edək ki, o, artıq 20 ildir ki, adı çəkilən institutda şöbə müdiri vəzifəsini icra edir. Bundan əlavə, 1992-ci ildə “Naxçıvanın İlk Tunc dövrü keramikası” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, 2018-ci  ildə dosent elmi adına layiq görülmüşdür.

Səfər Aşurovun ilk qazıntı təcrübəsi elmi rəhbəri olmuş prof., AMEA müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Naxçıvan MR Şərur rayonunda, I Maxta abidəsində başlamış və uzun müddət onun qazıntılarında təcrübə toplamışdır. O, müxtəlif abidələrdə Gəmiqaya, Ovçulartəpəsi, Oğlanqala, Qarabulaq nekropolu, Aşağı Daşarx, Borsunlu kurqanı, Tovuzçay, Nərimankənd nekropolu, Çaparlı, Seyidlər abidələrində yerli və beynəlxalq ekspedisiyalarda arxeoloji çöl tədqiqat işlərində iştirak edib. 2008-ci ildə isə ilk dəfə I Maxta yaşayış yerində aparılan arxeoloji qazıntılara rəhbərlik etmişdir. Bununla da Səfər Aşurovla birgə Naxçıvanın ilk tunc dövrü abidələrinin tədqiqinin yeni mərhələsi başlanmışdır. O,  Kür-Araz mədəniyyətinin tarixi xronologiyası haqqında yeni fikirlər, Naxçıvanda ilkin şəhərlərin və dövlət qurumlarının meydana gəlməsi  və Azərbaycanda inzibati idarəetmənin və dövlətçilik ənənələrinin e.ə. IV minilliyin sonlarından mövcud olmasına dair yeni elmi mülahizələrin müəllifidir.

Bundan əlavə, Səfər Aşurov 2015-ci  ildən başlayaraq Kür-Araz mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən Şabran rayon Çaqqalıtəpə abidəsində arxeoloji qazıntı işləri aparmaqda davam edir. O, 2017-ci ildə Almastəpə abidəsində arxeoloji kəşfiyyat işləri, bir il sonra Şabran şəhər yerində xilasetmə işləri aparmış, 2019-cu ildə isə son 10 illikdə Azərbaycan sərhədləri çərçivəsində öyrənilən ən möhtəşəm abidələrdən biri - Çovdar nekropolunda arxeolji qazıntı işlərinə rəhbərlik edən arxeoloqlardan biri olmuşdur. Bu nekropol e.ə II minilliyin sonu - I minilliyin əvvələrində mövcud olan son tunc- ilk dəmir dövrü tayfalarının dəfn adətini, metallurgiya, dulusçuluq, toxuculuq sənətini öyrənməyə imkan verir. 2021-ci ildə Səfər Aşurov “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu ərazisində yaşayış yeri, 2022-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunda kurqan qazıntısını reallaşdırır. Daha sonra, 2024-cü ildə Azərbaycan-Almaniya Beynəlxalq layihəsi çərçivəsində  II Kültəpə abidəsində arxeoloji qazıntılara rəhbərlik edir.

Səfər Aşurov  ABŞ, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya,Yaponiya, Şotlandiya kimi ölkələrdə beynəlxalq konfranslarda iştirak edərək, Azərbaycan arxeologiyasını təbliğ etmişdir. O, 200-ə yaxın elmi məqalənin, 8 kitabın müəllifi olmaqla yanaşı, onlarla daş qutu, kurqan, torpaq qəbir, yaşayış yerinin tədqiqatçısıdır. 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə layihəsi çərçivəsində Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilmiş “Milli irs mükafatı” birbaşa nazir tərəfindən Səfər Aşurova təqdim edilib. O, Azərbaycan arxeologiyasında Kür-Araz mədəniyyətinin ən qabaqcıl mütəxəssislərindən hesab olunur. Ümumiyyətlə, Səfər Aşurov göstərdiyi xidmətlərə görə, Azərbaycan arxeologiyasının böyük bir “fəslidir”.

Uzun müddət AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində fəaliyyət göstərən F/D 01.171 saylı Dissertasiya Şurasının elmi katibi olan Səfər Aşurov, hal-hazırda AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu nəzdində yaradılmış ED 1.30 Dissertasiya Şurasında Elmi Seminarın və Şabran Tarix Diyarşünaslıq muzeyinin Elmi Şurasının üzvüdür. Eyni zamanda AMEA “Arxeologiya və Etnoqrafiya Jurnalı”nın və Brepolis nəşriyyatına məxsus “ARAXES “ jurnalının redaksiya heyətinin üzvüdür.

Səfər Aşurov iş həyatının bir qismini pedaqoji fəaliyyətinə həsr edib. O, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs demiş, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Tarix İnstitutunda magistratura pilləsi fəaliyyət göstərdiyi müddətdə magistrantlara arxeologiyanın müxəlif sahələrini əhatə edən mühazirələr oxumuşdur. Bütün bunlardan ziyadə Səfər Aşurov özündən sonra “məktəb” yaratmış azsaylı arxeoloqlardandır. Onun arxeologiya ixtisası üzrə yetişdirdiyi  tələbələr sırasında bu gün müasir Azərbaycan arxeologiyasında alimlər, qazıntı rəhbərləri  və müdafiə etməkdə olan gənclər var.

Biz onun müəllimliyinin kölgəsində hilal işığından da aydınlanırıq.Yaxşı ki, sərhədsiz arzularımızın baş alıb getdiyi yolların ən çətin döngələrində, ətrafımızda baş verən ən ağır təbəddülatlarda həqiqəti tapa bilmək vərdişini aşılayıb bizdə. Yaxşı ki, o, bizim “elmi rəhbər”imiz, biz onun “məktəb”inin tələbələriyik. Biz gənclər aşiqi olduğumuz elmin yükünü çiyinlərində daşıyanları gözümüzün üstündə, qəlbimizin ən təmiz yerində bəsləyirik. Onlardan nümunə götürürük. Arxeologiyanı bu qədər sevdiyi üçün, ömrünü işinə, abidələrimizin taleyinə bu qədər həsr etdiyi üçün ona təşəkkür edir, Səfər müəllimə can sağlığı, uzun ömür, elmi fəaliyyətində daha böyük nailiyyətlər arzu edirik. Daima bir əlində “arxeoloq malası”, bir əlində “qələm “ görək onun !”

AMEA Arxeologiya və Antropologiya İnstitutu: e.i. Lola Hüseynova, b.e.i. Fidan Əliyeva, e.i. Arzu Abdullayeva, e.i. İlahə Nəhmətova, e.i. Nigar Mustafayeva, e.i. Pəri Ağayeva, mütəxəssis Aynur Aşurova, Aysel Əliyeva

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: