Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Lənkəranın çayı məlhəm...
15.08.2024 10:58
  • A-
  • A
  • A+

Lənkəranın çayı məlhəm...

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin yanvar–iyun ayları ərzində ölkədə 5,88 min tondan çox çay istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 6,8 faiz və ya 373,7 ton üstələyir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 6 ayında ölkədən 3,12 milyon ABŞ dolları dəyərində 344,61 ton çay ixrac olunub. Bu, 2023-cü ilin yanvar-iyun aylarının göstəricilərindən müvafiq olaraq 3,5 faiz və 2,9 faiz çoxdur. Bu göstəricilərin əldə edilməsində çayın təd­qiqi və yetişdirilməsi sahəsində əhəmiyyətli uğurlara imza atan AMEA Lənkəran Regional Elmi Mərkəzi  (REM) səmərəli fəaliyyət göstərib. REM son illər region üçün yeni olan çay bitkisinin yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sortlarının yaradılması ilə bağlı mühüm layihələr həyata keçirib. 

Lənkəran-Astara subtropik bölgəsinin iqlim şəraiti respublikamızda müxtəlif növ və sort tərkibli subtropik bitkilərin, o cümlədən çayın geniş sənaye miqyasında inkişaf etdirilməsi üçün böyük aqroiqlim potensialına malikdir. Ölkəmizdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, həmçinin cənub bölgəsi üçün vacib olan çayçılığın inkişafına dair dövlət proqramları Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına böyük töhfələr verir.

Vaxtilə Azərbaycan keçmiş sovetlər məkanında çay və subtropik-dietik əhəmiyyətli bitki məhsulları istehsalı baxımından ön yerlərdə olub. Uzunmüddətli durğunluqdan sonra dövlət başçısı İlham ­Əliyevin  çayçılığın inkişafına dair imzaladığı Dövlət Proqramı ölkəmizdə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərməklə yanaşı, cənub bölgəsinin ənənəvi sahələri olan çayçılıq və sitrusçuluğun inkişafı üçün əsaslı zəmin yaradıb.   

REM-in qarşısında duran başlıca məqsədlərdən biri də Azərbaycan üçün bu unikal sahənin inkişafına dəstək vermək, qeyd olunan dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını təmin etməkdir. Bu məqsədlə bölgədə və respublikada elmi-tədqiqat institutları ilə, elmlə məşğul olan müəssisələrlə əməkdaşlıq müqavilələri imzalanıb və çay, sitrus və digər subtropik meyvə və bitkilər üzrə elmi-tədqiqat işlərini müştərək aparmaq, eləcə də  bu bitkilərin yeni sort və formalarını Lənkəran bölgəsi şəraitində introduksiya edib öyrənmək, yeni sortların yaradılması, habelə onların genetik banklarını yaratmaq məqsədilə istiqamətlər müəyyənləşdirilib. 

Mərdan ŞİRƏLİYEV,

AMEA Lənkəran Regional  Elmi Mərkəzinin əməkdaşı

“Xalq qəzeti”

  • Paylaş: