Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Kəlbəcər: Tarix və müasirlik
16.08.2024 09:48
  • A-
  • A
  • A+

Kəlbəcər: Tarix və müasirlik

Çoxəsrlik tarixi, qədim dövlətçilik ənənələri, zəngin mədəniyyət nümunələri, multikultural cəmiyyəti ilə dünya sivilizasiyasına töhfələr bəxş edən Azərbaycan dövləti həm ulu keçmişi, həm də təbii sərvətləri, zənginlikləri  ilə şöhrət tapmış məmləkətdir. Tarixi və müasirliyi bir arada yaşadan Azərbaycanın Avropa və Asiyanın qovuşduğu, böyük ipək yolunun yerləşdiyi məkandan dünyaya açılması, bütün dövrlərdə – orta əsr səyyahlarının, fikir və düşüncə insanlarının diqqətini çəkmiş və müasir dünyada respublikanın qüdrətli dövlət kimi tanınmasında mühüm rol oynamışdır. Bu baxımdan, Azərbaycanın hər qarış torpağında qərinələrin sınağından çıxmış tarix, qədim mədəniyyətlər yatır. Qədim diyarın tarixi keçmişini, səfalı təbiətini, ziyalı və ədiblərini – bir sözlə Azərbaycan boyda məmləkəti yaşadan, adını şöhrətləndirən Kəlbəcər sözün əsl mənasında respublikanın ən böyük bölgəsi və yer üzünün cənnəti olub, Vətəni tərənnüm edən, gözəllikləri ilə yenidən kəşf edilən, şəhidlərinin qanı hopmuş torpağında xalqı yaşadan yaşıl nəfəslikdir.

Dünyada tanınan yeddi möcüzə var, onlardan biri və birincisi mən deyərdim ki, Azərbaycanın Kəlbəcər bölgəsidir. Bu diyar həqiqətən də həm təbiəti, həm də qədim tarixi baxımından unikal məkan, bir ilahi möcüzədir. Analarımızın laylasına, sözə, sənətə dəyər verən şair və yazıçılarımızın ruhuna xitab edən, rəssamların göyqurşağı tək al-əlvan dünyasına, mahnılara qol-qanad verən Kəlbəcəri nə qədər vəsf etsək də ulu diyarın əsrarəngiz gözəlliklərini sayıb bitirmək mümkün deyil. Çünki, uca yaradanın Azərbaycan torpağına endirdiyi bu gizli cənnət – Kəlbəcər hələ yetərincə kəşf olunmayıb.

Göz oxşayan meşələri, dağları, şəfalı otları və çiçəkləri oranı ziyarət edən hər kəs üçün bir məlhəmdir. Sanki insanın yarasını sağaldan, gümrah edən, düşüncələrini mavi səması tək aydınlaşdıran, bərraq edən Kəlbəcər bu gün yenidən doğulan, boy atan, addımlayan körpə nəfəsi tək saflaşır, durulur və əsl sakinlərini – Azərbaycan xalqının oğul və qızlarını, ağsaqqallarını, ağbirçəklərini, müdriklərini, bir sözlə hər kəsi qoynunda dincəlməyə və ilahi nemətlərdən zövq almağa səsləyir. Kəlbəcər tarixin dərinliklərindən gələn meh kimi, bir şirin avaz kimi neçə əsrlərdir ki, qoynunda bəslədiyi yazılı abidələri, məzarlıqları, məbədləri, qədim yaşayış məskənləri, mədəni nümunələri, folkloru, mətbəxi, çobanlarının tütəyindən səslənən xoş səda kimi Azərbaycan xalqına yeni ruh, yeni nəfəs bəxş edir.

Nahaq yerə Kəlbəcəri “çay üstündə qala” adlandırmayıb ulularımız. Sıldırım qayalar üzərində bərqərar olan Vətənin bu əsrarəngiz bölgəsi ilahi dinləri bir araya gətirən qədim monastırları ilə məşhurlaşmışdır. Kəlbəcərin təkcə Gəncəsər və Xudavəng (Dədəvəng) məbədləri, yaxud Lev qalası dünya mədəni irsinə böyük bir töhfə kimi qorunub bu günlərə çatdırılmışdır. Bu isə Azərbaycanda multikultural mühitin yeni və yad olmadığını, qədim tarixi köklərə söykəndiyini əyani şəkildə sübut edir. Azərbaycanın antik Albaniya ərazisində inşa edilən Xudavəng “Alban bazilikası” kimi bütün dünyaya Azərbaycanı, onun Kəlbəcər bölgəsini tanıtmışdır. Günbəzsiz uzun tikililəri xatırladan bu məbədlər Azərbaycan ərazisində qədim sivilizasiyaların inkişaf edərək regiona, oradan da dünyanın hər tərəfinə yayıldığını göstərir. Quruluşuna görə asimmetrik olan Xudavəng monastırı digər xalqlar, xüsusilə də qonşu xalqlarda tikilən dini memarlıqdan plan və kompozisiyasına görə də fərqlənir. Bu fərqlilik Azərbaycanın təkcə Kəlbəcər kimi mühüm və hər cəhətdən strateji bölgəsinin tarixi baxımdan tədqiqatçılar üçün dərin qatlarına enməyə əlverişli şərait yaradır. Sonralar XII-XIII əsrlərdə Kəlbəcər ərazisində tikilmiş gümbəzli məbədlər, ibadət ocaqları həmin kompleksə aid edilmişdir. Adları və varlıqları müasir dövrə qədər uzanan Arzu xatun və İgid Həsən məbədləri dövr haqqında tarixçilərdə fikir formalaşdıran və yeni əsərlər meydana gətirən abidələr olub hazırda Azərbaycan dövləti tərəfindən mühafizə altına alınmışdır. Alban Apostol Kilsəsinin mənəvi varisləri sayılan Alban-udi dini icmasının nümayəndələri Xudavəng kilsəsini rahat şəkildə ziyarət edir, Azərbaycanın bütövlüyü və suverenliyinin hər daim qorunması naminə dualar oxuyurlar.

Azərbaycan torpağında bütün hüquqlardan yararlanan və sosial baxımdan fərq qoyulmadan, yaşayışlarından məmnun qalan udinlər Qəbələ və Oğuzda, həmçinin Azərbaycanın qeyd olunan Kəlbəcər və digər rayonlarında qorunan Alban məbədlərində rahat dini ayinlərini icra edə bilirlər. Bu isə müasir Azərbaycanda multikulturalizm dövlət siyasətinin bariz nümunəsidir. Həmin dini-tarixi abidələrin əksəriyyətində erməni faşizminin izlərinə rast gəlmək mümkündür. Artıq belə vandal əməllərə Azərbaycan ordusu son qoymuş və tarixi abidələrimiz, həmçinin Kəlbəcərin zəngin təbii resursları düşməndən azad edilmiş, həqiqi sahiblərinə qovuşmuşdur.

Kiçik Qafqazın mərkəzi hissəsində yerləşən – qədim tarixi, abidələri, füsünkar təbiəti Kəlbəcərin turizm potensialının geniş, eləcə də əlverişli olduğunu əks etdirir. Sularının şəfa verici xüsusiyyətlərinin yüksək olduğu Kəlbəcərdə İstisu qəsəbəsi hələ sovetlər dövründən hər kəsə yaxşı məlumdur. Səfalı diyarın Yuxarı İstitsu, Aşağı İstisu, Qarasu, Qotursu, Keşdək, Mozçay, Bağırsaq kimi tərkibi faydalı minerallarla zəngin bulaq və çayları, yerin dərin qatlarından qaynayaraq fışqıran termal suları Azərbaycana dünya şöhrəti qazandırmışdır. Xüsusilə “balneoloji”, yəni yüksək müalicəvi xüsusiyyətləri ilə seçilən su ehtiyatlarına malik Kəlbəcərin bir təbiət incisi kimi hələ kəşf olunmayan bir çox yönləri var ki, onların tədqiq olunub üzə çıxarılmasında alimlərimiz öz sözlərini deyəcəklər.

 3050 km2 ərazisi ilə Azərbaycanda ən böyük rayon statusuna, həmçinin dağ rayonuna malik olan Kəlbəcər respublikanın ən sıx yaşıllığı, meşələri olan bölgədir. Yaşıllıqlar məskəni Kəlbəcərdə yüksək keçən soyuq və dağ tundra iqlimi üstünlük təşkil edir. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Bu faktın özü rayonda turizmin, həmçinin dağ idmanı sektorunun inkişafına böyük stimul verir. Kəlbəcər təkcə elm və incəsənət xadimlərinə, ədib və yazarlara ilham vermir. Azərbaycanın İsveçrəsi sayılan Kəlbəcər həm də turistlərin diqqətini çəkən, ekoliji baxımdan təmiz, yaşıllıqlar adası kimi inkişaf etmiş dövlətlərlə mövcud sahədə əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətini öz üzərinə çəkir. 1 yanvar 2021-ci ilin statistikasına əsasən Kəlbəcərin əhalisi 95.3 min nəfərdir. Paytaxt Bakıdan təxminən 450 km uzaqlıqda olan Kəlbəcər, kəndlərinin sayına, xüsusilə də kəmiyyətinə görə turizm üçün əlverişli məkandır. İstisu qəsəbəsi daxil olmaqla 145 kəndi əhatə edən Vətənin cənnət guşəsi Kəlbəcərdə II Qarabağ müharibəsindən sonra aparılan abadlıq, tikinti və quruculuq işləri ötən dörd il ərzində rayon ərazisində xeyli iş görüldüyündən xəbər verir. Burada yeni yaşayış kompleksləri, binalar və digər ictimai əhəmiyyətli tikintilərlə yanaşı rayonun turizm potensialının gücləndirilməsi istiqamətində də işlər görülür. Bu isə öz növbəsində respublikada əmək miqrasiyasının inkişafına müsbət təsir göstərir. Turizm komplekslərinin inşasında yüksək ixtisaslı mühəndis miqrant əməyindən istifadə olunması Azərbaycanda miqrasiya siyasətinin yüksək səviyyədə inkişaf etdiyindən xəbər verir.

Kəlbəcərin yaylaqları Azərbaycanın milli folklor səhnələrinin və festivalların keçirilməsi üçün geniş və əlverişli şərait yaradır. Yüksək dəyərlərimizi adlarında yaşadan yaylaqlar – Uzunyal yurdu, Çınqıllı yurd, Şiştəpə yurdu, Çökək yurd, Ağdaş yurdu, Əbildüşən yurd, Qumarxac yurdu, Kürddamı yurdu adları yurdumuzun Kəlbəcər bölgəsində turizmin inkişafına müsbət təsir göstərən amillərdən biri ola bilər. Kəlbəcərin yayda buz kimi axan bulaqları sərin və kristal kimi saf və aydın görünüşü ilə insana rahatlıq verir. Uzun iyirmi yeddi il düşmən tərəfinin öz adı ilə satışa çıxarmağa cürət etdiyi həmin şəfalı sular hazırda Azərbaycan xalqının öz ixtiyarına qaytarılmışdır. Soyuq bulaq, Sarının suyu, Portport bulaq, Şırşır bulaq, Əhməd təpəsinin bulağı və s. bulaqlar uzun illərdir ki, axır, axdıqca bir qədər də saflaşır və durulur. Kəlbəcərin məşhur məkanlarından – Yekədaş, Kamranbiçən, Qamışın düzü, Çəpərli, Gölünaltı, Ağıl binəsi, Zəli gölü, Şişqaya, Təpənin boynu, Div biçənəyi, Çökəyin düzü, Dalının düzü, Təkdam binəsi, Lev çayı kimi məşhur yerləri istirahət baxımından əvəzolunmaz yaşıl məkanlardır.  

Bir zamanlar Daşkəsəndən Kəlbəcərin Lev kəndinə həsrətlə baxardım. Xatirələr düz 14 il bundan əvvələ, hərbi xidmətdə olduğum həmin dövrə, yaxın tarixə aparır məni. 2010-cu ilin yanvar ayında Daşkəsən rayon Xoşbulaq kənd “N” saylı hərbi hissəsində xidmətə başlamış, növbəti aylarda rayonun Alaxançalı kəndi və bir qədər də yuxarı zirvələrinə doğru, düşmənlə üz-üzə, Kəlbəcər istiqamətində yüksək postların birində gözəl yurdumun Lev (Levkənd) kəndini uzaqdan seyr etmək imkanım olmuşdu. Kəndin maraqlı adı hələ o zaman diqqətimi çəkərdi. Bu məkan Kəlbəcərdəki Lev və ya Leh adlı qədim qalanın adından götürülmüşdür. Kəndin ərazisində qədim albanların “Lök” adlı bir qalası var. “Lök” sözü el arasında “Löy” kimi səslənir. Lök və Löy sözləri tədricən assimliyasiya olunaraq Lev şəklinə düşmüşdür. Qala Tərtər çayının sahilində, sıldırım qaya üzərində qərar tutur. Xalq arasında Lev (Ləkərqışlaq) Loktim də adlanır. Qalanın adı XII əsrdən məlum olmuş, müasir dövrdə toponim tədqiq olunmuşdur.  

Qeyd etdiyim hərbi xidməti mənim üçün dəyərli edən ilk səbəb Vətənimin cənnət məkanları Daşkəsən və Kəlbəcərin uzaqdan müşahidə etdiyim möhtəşəm təbiəti idisə, ikinci səbəb o zaman polkovnik rütbəsində olan, qəhrəman Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissədə qulluq etməyim idi. Hər gün səhər düzülüşlərində igid Azərbaycan oğlu Poladı görür, onun komandanlığı altında əsgər və zabit heyətinin necə yüksək nizam və intizamla yürüdüyünü, hərəkət etdiyini görürdüm. Hələ o dövrdə hərbi hissədə hər kəs Poladın düşmənlə amansız mübarizəyə hazır olduğunu, qəhrəmanlıqlar göstərdiyindən danışardı. Amma Poladın 2016-cı ilin aprel döyüşlərində, general ali rütbəsində, ən yüksək dərəcəyə yüksələcəyindən xəbərsiz idim. İllər ötdü və həqiqət öz yerini tapdı, Polad Həşimov Vətən torpağına qanından və canından can verdi və onu yaşatdı ! 

Yaddaşımı təzələdikcə o günlər kino lenti kimi gözlərimin önündə canlanır. Xatirələr sanki dil açıb mənimlə danışmaq istəyir. Həmin günlər həm xoş, həm də kədərli xatirələrlə zəngin olmuşdur mənim üçün. Əlimdə avtomat üzü Lev kəndinə doğru gözlərim elə hey Kəlbəcərə sarı baxardı. Dərin düşüncələr Vətənin gözəlliklərini duymağa sanki imkan vermirdi. Çünki, mən işğal altında inləyən yurdumun bir parçasını görürdüm, həmin gözəllikləri seyr etməklə yanaşı qəlbim hüzn ilə dolar və ilahiyə dua edirdim ki, tezliklə elim-obam düşmən tapdağından azad olunsun. Həmin dövrdə bu, mənim ən ümdə arzum və istəyim idi.

Kəlbəcər tərəfdən postlar tikmiş, sanki bizim bir addımlığımızdakı kimi, düşmənləri gözlərim ilə müşahidə edirdim. Hər gün onların Kəlbəcər torpağında, postlarda tikinti apardıqlarını, hördükləri daşların üzərinə çıxdıqlarını, eləcə də yaşlı muzdlular olduğu da diqqətimi çəkərdi. Mənfur düşmən sanki bizə məhəl qoymadan kamazlar və digər böyük avtomobillər ilə elə hey nəsə daşıyır və tikirdilər. Xidmət apardığım postdan Lev kəndinin yaşıl meşələrini, yollarda şütüyərək dərin və aydın görülən izlər qoymuş maşın yollarını, dağıdılmış, yandırılmış evləri sezmək mümkün idi. Bu xoş olmayan mənzərə mənim ovqatımı bir tərəfdən pozmağa çalışarkən, mən özümə toxtaqlıq verir, bütün gördüyüm dəyişikliklərin müvəqqəti olduğuna, vaxt yetişib Azərbaycan silahlı qüvvələrinin digər işğal altında qalan rayonlarımız kimi Kəlbəcərin də bir gün azad olunacağına səmimi qəlbdən inanır və düşmənə istehza dolu baxışlarla baxır – bir ovuc bədbəxt yığını düşmənə gülürdüm. Daşkəsəndə xidmət etdiyim “N” saylı postu düşmən tərəf ilə böyük bir dərə və ya yarğan ayırırdı. Hər anım təhlükədə idi. Arada sərhəd yox, sadəcə atəş zolağı və ya neytral zona var idi. Hər tərəf açıq və düşmənin nə edəcəyi də naməlum idi. Bir sözlə mən və silahdaşlarım hər an ayıq və sayıq olmaq məcburiyyətində idik. Atəşkəs dövrü olsa da erməni xislətinə güvənmirdik, əldə silah hər an baş verə biləcəklərə həm fiziki, həm də psixoloji hazır idik.  

Azərbaycan silahlı qüvvələri tərəfindən tarixin dərinliklərinə gömülən Kəlbəcərin 2 aprel 1993-cü il işğalı, 27 ildən sonra, 15 noyabr 2020-ci ildə həqiqi sahiblərinə qaytarılan digər yurdlarımız kimi, cənnət məkan Vətən torpağı hazırda dövlət tərəfindən dirçəldilir. 1 may 2024-cü il tarixli “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən tikintik-quruculuq işləri sürətli şəkildə davam etdirilir. Mövcud qanun Kəlbəcərdə yeni infrastruktur layihələrin gerçəkləşməsinə və investisiya mühitinin formalaşmasına geniş imkan açır. Şəhərsalma və tikinti sahəsində – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə mövcud istiqamətdə İsveçrənin ixtisaslaşmış “Sa Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutunun birgə səyləri Kəlbəcəri müasir olduğu qədər də yaşıl statusunun, fauna və florasının qorunmasına diqqət yetirməklə möhtəşəm bir şəhərə çevirəcək. Azərbaycan ərazisində aparılan quruculuq işlərinin məntiqi davamı kimi gözəl Kəlbəcərlə paralel Şərqi Zəngəzur iqtisadi rayonu dirçəlib canlanacaq. Vətən torpağı inkişaf etmiş dövlətlərin sıralarını genişləndirəcək. Bunun adı tarix və müasirlikdir. Hər iki dəyər bir arada Kəlbəcəri qoruyub gələcək nəsillərə çatdırmaq əzmini gücləndirəcək! 

Aqil ƏHMƏDOV, AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent         

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: