Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Bir əsri tamamladıq: tədqiqatlar, uğurlar,hədəflər
25.04.2025 12:32
  • A-
  • A
  • A+

Bir əsri tamamladıq: tədqiqatlar, uğurlar,hədəflər

Kitab müxtəlif insanların düşüncələrini birləşdirən və onlar arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Kitab bəşəriyyətin yaratmış olduğu fikir və ideyaları, nəzəriyyələri, elmi kəşfləri uzun müddət ərzində insanlara catdıran əsas vasitədir. Cəmiyyətdə insan amilinin formalaşmasında, fərdin hərtərəfli şəxsiyyətə çevrilməsində mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxanaların rolu böyükdür. Çünki kitabxanalar milli mədəni sərvətlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, gənc nəslin inkişafında mühüm rol oynayır.

Hər bir xalq üçün kitabxanalar tarixi dəyərləri, mənəvi sərvətləri qoruyub saxlayan, nəsildən-nəslə ötürən elm məbədləridir. Belə bir deyim var: bütün hikmətlər kitablarda, kitablar isə kitabxanalardadır. Hər bir kitabxananın da insan kimi öz tərcümeyi-halı, öz tarixi, öz məqsədləri var. Kitabxanaların da həyatında insan həyatında olduğu kimi kiçik və böyük hadisələr, tarixlər olur. Bu baxımdan yubiley – illər ərzində nələrin dəyişdiyini və kitabxananın bundan sonra hansı istiqamətdə hərəkət etməli olduğunu düşünmək üçün əlamətdar tarixdir.

Bu il ölkəmizdə əsas aparıcı elmi kitabxana hesab edilən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyi qeyd edilir. Yubiley ili Kitabxana kollektivi üçün həm hesabat dövrü, həm də kitabxananın uğurlarını və gələcək hədəflərini müəyyən etmək üçün bir şansdır. Bir əsri geridə qoyan kitabxana yarandığı gündən Azərbaycanda elmi tədqiqatların inkişafına xidmət etməklə yanaşı, ölkəmizdə kitabxana-biblioqrafiya fəaliyyətinin inkişafında da uğurları ilə fərqlənmişdir.  Kitabxananın əsas fəaliyyət istiqamətləri Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan xalqının tarixi, mədəni, ədəbi, iqtisadi, sosial və siyasi nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilində informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların inkişafı üçün informasiya təminatının yaxşılaşdırılması, Azərbaycanın milli-tarixi irsinə dair informasiya vahidlərinin toplanılıb saxlanması və gələcək nəsillərə çatdırılmasıdır.

Mərkəzi Elmi Kitabxananın əsası 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü və köməyi ilə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” nəzdində  Biblioqrafiya Bürosunun yaranması ilə qoyulmuşdur. 1925-ci ildə isə bu cəmiyyətin nəzdində vahid kitabxananın yaradılması haqqında qərar qəbul edilmişdir.

İlk dəfə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəzdində yaranmış Biblioqrafiya Bürosunda A.V.Baqrinin rəhbərliyi ilə aparılmış biblioqrafik araşdırmalar ilə Azərbaycanda  biblioqrafik nəşrlər meydana gəlməyə başlayır. “Azərbaycan biblioqrafiyası üçün materiallar”, “Qafqaz xalq ədəbiyyatı. Biblioqrafik göstərici”, “Azərbaycan ədəbiyyatı üçün materiallar. Biblioqrafiya” və s. kimi nəşrlər Azərbaycanda biblioqrafik fəaliyyətin tarixi inkişafına təkan verməklə yanaşı, ölkəmizdə elmi axtarışların da inkişafında xüsusi rol oynamışdır.

AMEA-nın təsis edildiyi dövrə - 1945-ci ilədək Kitabxana zəngin inkişaf yolu keçmiş, fondları zənginləşdirilmiş, SSRİ-nin və dünyanın böyük kitabxanaları, xüsusilə elmi-tədqiqat müəssisələri ilə geniş əlaqələr qurulmuşdur. Məhz bu dövrdən müstəqil Azərbaycan Elmlər Akademiyasının yaranması ilə Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlamışdır.

1964-cü ildən kitabxanada EA Rəyasət Heyətinin qərarına əsasən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə şəxsi biblioqrafik göstəricilər tərtib edilməyə başlanmışdır. Bioqrafik və biblioqrafik məlumatların sistemləşdirildiyi  bu göstəricilər bu gün də hər bir alimin həyat və fəaliyyətinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

MEK tərəfindən bu illərdə həyata keçirilmiş fundamental işlərdən biri də “Azərbaycan SSR Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası. İllik” adlı vəsaitin tərtib olunması idi. Vəsaitin nəşri kitabxana tərəfindən bu gün də uğurla davam etdirilir. Kitabxana “Azərbaycan Elmlər Akademiyasında hazırlanmış və müdafiə olunmuş dissertasiyaların biblioqrafiyası”, “Sovet Azərbaycanında dövri mətbuat (1920–1970-ci illər)”, “Azərbaycanda dilçilik (1880–1970)”, “Azərbaycan tarixi (1962–1970)”, “Sovet Azərbaycanında elmin inkişafı (1920–1970)”, “Azərbaycanda neft”, “Azərbaycanın palçıq vulkanları”, “Azərbaycan jurnalının biblioqrafiyası (1923–1972)”, “44 günün salnaməsi”, “Şuşa 270”, “Qərbi Azərbaycan”, “Azərbaycan ekologiyası” və s. biblioqrafik vəsaitlərin də tərtibi və nəşrini müvəffəqiyyətlə başa çatdırmışdır.

AMEA-nın mühüm elmi-informasiya bazası hesab edilən Mərkəzi Elmi Kitabxana nəinki respublikanın, həmçinin SSRİ-nin ən böyük elmi kitabxanalarından biri idi. Kitabxana 1970-ci ildə SSRİ Kitabxanalarının Ümumittifaq Müsabiqəsinin iştirakçısı və qalibi olmuşdur. Bu dövrdə Elmlər Akademiyasının Əsaslı Kitabxanası adlanan kitabxana o zaman Azərbaycana rəhbərlik edən Ulu öndər Heydər Əliyevin qayğısı və dəstəyi sayəsində əldə etdiyi nailiyyətlərə görə SSRİ EA Rəyasət Heyəti və Maarif İşçiləri, Ali Məktəb və Elmi Müəssisələrin Həmkarlar İttifaqının Mərkəzi Komitəsi Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1972-ci ildə Mərkəzləşmiş Kitabxana Sisteminə çevrilmiş, 1978-ci ildən isə respublika miqyasında təbiət və dəqiq elmlər üzrə əsas depozitar kitabsaxlayıcı kimi fəaliyyət göstərmişdir. Məhz bu illərdə kitabxana yeni binaya köçürülmüş, qiymətli və müasir avadanlıqlarla təchiz olunmuşdur. Elmi-texniki informasiyanın operativliyi, ölkədə və xaricdə yeni elmi-texniki nailiyyətlərin təbliği məqsədilə Azərb.SSRİ EA Rəyasət Heyətinin qərarı ilə kitabxanada Elmi-texniki informasiya şöbəsi yaradılmışdır. Bu isə o dövr üçün kitabxana sahəsində mühüm əhəmiyyətli hadisə idi.

1973–1976-cı illərdə kitabxana həm respublikamızda, həm də SSRİ miqyasında ilk dəfə olaraq Azərbaycan Elmlər Akademiyasının kitabxana şəbəkəsini mərkəzləşdirməyə nail olmuşdur. Bu illər kitabxana kollektivinin elmi və elmi-metodiki fəaliyyətində də böyük uğurlarla yadda qalmış, çoxsaylı elmi-metodiki və tövsiyə vəsaitləri nəşr edilmişdir. Bəhs etdiyimiz dövrdə kitabxananın bütün elmi və metodiki işlərini Elmi-metodiki şura idarə edirdi. Burada kitabxanada həyata keçirilən yeni layihələr, plan və hesabatlar, elmi məsələlər və digər tədbirlər müzakirə edilirdi.

1984-cü ildən etibarən Mərkəzi Elmi Kitabxana respublikadaxili məcburi nüsxə alır. Ölkəmizdə ən böyük elmi-sahəvi kitabxananın bu hüququ 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Kitabxana İşi Haqqında Qanun” ilə yenilənmişdir və bu gün də davam etməkdədir. Məhz buna görə Kitabxana Azərbaycan dilində olan ədəbiyyatın vahid kitab saxlayıcısı kimi əhəmiyyətli rola malikdir. Kitabxana yeni ədəbiyyatla ardıcıl və mütəşəkkil təmin olunmaqla, müasir avadanlıqlar vasitəsilə kitab fondlarını yenidən qurmuş, oxucuların istifadəsinə vermişdir.

4 yanvar 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nə əsasən, Kitabxana elmi müəssisə statusu qazanmış, bu da müəssisənin fəaliyyətində əsaslı islahatlara səbəb olmuşdur. Elə həmin ildə Kitabxanada Kitabxanaşünaslıq, biblioqarfiyaşünaslıq və kitabşünaslıq üzrə aspirantura açılmış, “Elmi əsərlər” jurnalının nəşrinə başlanılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Elmi Kitabxana üçün yeni binasının inşa olunmasına dair 29 aprel 2011-ci il tarixli Sərəncamı ölkə başçısının Kitabxana kollektivinin zəhmətinə verdiyi yüksək qiymət idi. Məhz 2014-cü ildə yeni binaya köçürüldükdən sonra Kitabxana növbəti inkişaf mərhələsinə qədəm qoymuş, müasir standartlara uyğun kitabxana-informasiya mərkəzi kimi formalaşmağa başlamışdır. Kitabxananın Nizamnaməsi yenilənmiş, strukturunda və fondların təşkilində əsaslı dəyişikliklər həyata keçirilmişdir.

Sürətlə dəyişən informasiya məkanında qlobal dəyişikliklərə ayaq uydurmağa çalışan 100 yaşlı Mərkəzi Elmi Kitabxana bu gün tarixi ənənələrini qoruyub saxlamaqla yanaşı, dünya təcrübəsində müasir yanaşmalar, texniki innovasiyaların tətbiqi istiqamətində sürətli islahatlar həyata keçirməkdədir. Burada elektron informasiya mənbələri, rəqəmsal resursların yaradılması, müasir kitabxana xidmətlərinin təşkili, qlobal axtarış bazalarına çıxış imkanları, kitabxana xidmətləri və kadr potensialının daima yenilənməsi prioritet istiqamətlərdəndir.

Bakının yeni kitab evlərindən heç də geri qalmayan, müasir xidmətləri ilə seçilən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası həm də kitabla canlı ünsiyyət qurmaq üçün olduqca rahat məkandır. Respublikamızda elmi-sahəvi kitabxanalar arasında özünəməxsus yer tutan kitabxana elm sahəsinə və oxucu qruplarına görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisəsidir. Oxucuların zövqünə və tələblərinə uyğun dizayn edilmiş kitabxana təbiətşünaslıq, sosial-iqtisadi, humanitar, texniki və siyasi sahələr üzrə universal tərkibli nəşrlərlə zəngin fondlara malikdir. Kitabxanada yüksək texniki avadanlıqlarla təchiz olunmuş oxu zalları ilə yanaşı, bölmələr üzrə fəaliyyət göstərən köməkçi fondlar da müxtəlif kateqoriyalardan olan oxucuların ixtiyarındadır. Bunlar “Dövri mətbuat” “Qarabağ müharibəsi qəhrəmanları fondu”, “Nadir kitablar fondu”, “Dissertasiya və avtoreferatlar”, “Qərbi Avropa”, “Şərq ədəbiyyatı”, “Humanitar və ictimai elmlər”, “Akademiklərin şəxsi kolleksiyaları” kimi köməkçi fondlardır.

Eyni zamanda MEK-də müxtəlif sahələrdə və mövzularda elmi tədqiqatla məşğul olan oxucular üçün digər kitabxanalarda olmayan yerli və xarici nəşrlər, dövrü mətbuat nümunələri qorunub saxlanılmaqdadır. Kitabxanada “Poçt nişanları kolleksiyası (P-N)”, “Xaricdə yaşamış azərbaycanlıların məzarları kolleksiyası (Məzar)”, “Dünyanın qədim xəritələri kolleksiyası (ER-xəritə)”, “Miniatür nəşrlər kolleksiyası (M)”, Azərbaycan Xalq Cümhuriyyəti kolleksiyası (K-AXC), “Tarix Muzeyi kolleksiyası (K-TM)”, eləcə də H.Əliyev, Ə.Bayramov, Ə.Şıxlınski, A.Paxomov, B.N.Zaxoder, G.Xəzai, Y.E.Bertels və b.-nın şəxsi kolleksiyaları qorunur. Bu kolleksiyalardakı bütün ədəbiyyat kitabxananın kataloqlarında tam şəkildə əks etdirilmiş və biblioqrafik nəşrləri hazırlanmışdır. Həmin kolleksiyalar tarixçi alimlər, arxeoloqlar, şərqşünaslar, türkoloqlar və digər elmi tədqiqatçılar üçün əhəmiyyətli mənbələr hesab olunur.

Mərkəzi Elmi Kitabxana həm də respublikada beynəlxalq kitab mübadiləsi mərkəzidir. MEK ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, MDB dövlətləri və digər ölkələrin müxtəlif təşkilatları (akademiyalar, ali təhsil müəssisələri, kitabxanalar, xüsusi təşkilatlar, muzeylər, ayrı-ayrı alimlər, yazıçılar, ictimai xadimlər) ilə əlaqə yaradaraq ədəbiyyat və informasiya mübadiləsi aparır, konfrans və simpoziumlarda iştirak edir, müxtəlif elmi əsərləri, dövri və ardı davam edən nəşrləri mütəmadi olaraq əldə edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutan “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində keçirilən İslam Ölkələrinin Gənc Alimlərinin Forumunda AMEA Mərkəzi Elmi Kitabxanası da təmsil olunmuş və kitab sərgisi təşkil etmişdir.

2024-cü il ərzində Mərkəzi Elmi Kitabxananın əməkdaşları 23 beynəlxalq və yerli elmi konfransda ənənəvi və onlayn məruzələr etmiş, müxtəlif təşkilatlarla birgə 10-a yaxın dəyirmi masa və lektoriyada, 50-yə yaxın onlayn kurs və tədbirdə iştirak etmiş, müxtəlif mövzularda 55-dən artıq kitab sərgiləri təşkil etmişlər. Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 2-6 aprel 2025-ci il tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində işgüzar səfərdə olmuşdur. Səfər zamanı Hüseyn Hüseynov Beynəlxalq Kitabxana və Texnologiya Festivalına qatılmış, bir sıra görüşlər keçirmiş, tədbirlərdə iştirak etmişdir. Festival çərçivəsində kitabxanalarda süni imtellekt və müasir informasiya texnologiyalarına əsaslanan rəqəmsal innovasiyaların tətbiqi praktikası və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Rami Kitabxanasında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə ölkənin aparıcı kitabxanaları ilə Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda Mərkəzi Elmi Kitabxana ilə Rami Kitabxanası arasında "Qardaş Kitabxanalar Anlaşma Memorandumu" imzalanmışdır.

Hər il Azərbaycanda səfərdə olan onlarla xarici ölkələrin siyasi və diplomatik nümayəndələri, elm və mədəniyyət xadimləri Kitabxananı ziyarət edir, öz ölkələrinin tarixini və mədəniyyətini əks etdirən qiymətli nəşrləri burada yaradılmış diplomatik fonda hədiyyə edirlər.

Məsələn, 31 may 2024-cü il tarixində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəvəti ilə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Səncər Mərkəzi Elmi kitabxanada olmuş, kollektivlə görüşmüş, həyatı və elmi fəaliyyətini özündə əks etdirən sərgi ilə tanış olmuşdur.

Keçən illər ərzində Kitabxanada yüksək səviyyəli bir dəyər kimi mütaliənin canlandırılması və akademiya əməkdaşlarının tədqiqatlarının sistemli şəkildə təşkili mühüm əhəmiyyətə malik olmuşdur. Burada hər kəsə yüksək səviyyəli kitabxana xidməti təklif olunur. Oxucu istənilən elmi ədəbiyyatı istər çap, istərsə də elektron formada əldə etmək imkanına malikdir. Kitabxanada çalışan hər bir kitabxanaçı cəmiyyət üzvlərinin rifahı üçün ömür boyu, fasiləsiz öyrənmək prinsipini dəstəkləyir. Bu baxımdan kitabxana xidmətlərini təkmilləşdirmək üçün davamlı inkişafa can atır.

Bu gün yaradıcılıq planlarını və layihələrini uğurla həyata keçirən müasir kitabxana-informasiya və mədəniyyət mərkəzi kimi Mərkəzi Elmi Kitabxananın qapıları sosial statusundan, gəlir səviyyəsindən, təhsilindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, bütün oxucular üçün açıqdır.

Azərbaycan Respublikası Prezidentinin əmr və sərəncamlarını kitabxana sahəsində uğurla təbliğ edən, ölkənin ictimai və mədəni həyatında özünəməxsus rolu ilə seçilən Kitabxana bu gün yeni hədəflərə doğru sürətlə inkişaf edir. Azərbaycan dövlətçiliyinə, elminə və mədəniyyətinə xidmət edən kitabxana bir əsrdir ki, elmin keşiyindədir.

Səyyarə MƏMMƏDOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: