Macarıstanın Buğac şəhərində Hun-Türk Qurultayının rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Macarıstan parlamentinin vitse-spikeri Şandor Lezsak, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un baş katibi Sultan Raev, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biro və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Qurultayda vaxtilə tarixi Turanda məskunlaşan geniş Avrasiya çölünün xalqlarının zəngin mədəni və tarixi irsi nümayiş etdirilib.
Mərasimdə akademik Şahin Mustafayev qurultayın hun-türk sivilizasiyasının ayrılmaz tərkib hissəsi və çöl dövlətçiliyinin həlledici institutu kimi əhəmiyyətini vurğulayıb. Bildirib ki, keçmişdə xalqların taleyinə təsir edən əsas qərarların, o cümlədən xaqanın seçilməsi ilə bağlı qərarların qəbul edildiyi qurultaylar olub. Şahin Mustafayev Avropanın mərkəzində bu ənənəni qoruyub saxladıqlarına və davam etdirdiklərinə görə macar həmkarlarına minnətdarlığını bildirib.
Qurultayın açılışı çərçivəsində Macarıstan və türk ölkələri arasında əməkdaşlığa həsr olunmuş elmi forum da keçirilib. Forumda hun-türk xalqlarının tarixinə dair ortaq anlayışın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, bu mövzunun davamlı öyrənilməsi və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Elmi forumda çıxış edən akademik Şahin Mustafayev türk ölkələrinin tarixinin vahid konsepsiyasının yaradılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Beynəlxalq Türk Akademiyası bu sahədə əməkdaşlığı inkişaf etdirmək və tarixi biliklərin mübadiləsini asanlaşdırmaq üçün hər il türk dövlətçilik tarixi ilə bağlı qurultaylar keçirir. Şahin Mustafayev tədbir iştirakçılarına xatırladıb ki, ötən il qurultay Bişkekdə olub, bu il isə tədbirin Almatıda keçirilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.