Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

26.08.2024 16:54
  • A-
  • A
  • A+

Dünyaya nümunə Şərq qadını

Dünyaya nümunə Şərq qadını

Milli-mənəvi-əxlaqi çalarlarla bəşəri dəyərlərin harmoniyasını nəsli-genetik kodunda, ruhunun hər zərrəsində, şəxsiyyətində, bir sözlə, bütün varlığında tam şəkildə birləşdirən nadir insanlarımıza nümunələrdən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Xalqımızın mənəvi dəyərlərinə bağlılığı, yüksək insani keyfiyyətləri və vətəndaş mövqeyi, intellekti və vətənpərvərliyi ilə tək Azərbaycan üçün deyil, türk və müsəlman dünyası üçün örnək şəxsiyyət olan Mehriban xanım Əliyevanın şərəfli həyat yolu hər kəs tərəfindən məmnunluqla qarşılanır.

Ümumiyyətlə, insanın formalaşması, həyatını faydalı, xeyirli yaşaması, həqiqi xoşbəxtliyini tapmasında ailənin böyük rolunu dərk edən Mehriban xanımın milli-mənəvi dəyərlər, ailədə qadının rolu barədə fikirləri onun obrazını parlaq çalarlarla tamamlayır: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur".

Mehriban Əliyevanın ictimai fəaliyyəti geniş və çoxşaxəlidir. 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan xalqının mədəni dəyərlərinin tanıdılması və dünya mədəniyyətinə inteqrasiya olunmasında müstəsna xidmətləri olan Azərbaycan Mədəniyyət Fondu təsis edilmişdir. Milli mədəniyyətimizin dünyada geniş təbliğ olunması məqsədilə 1996-cı ildə Mehriban xanım tərəfindən üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan və vətənimizə musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində layiq olduğu şöhrəti gətirən "Azərbaycan - İrs" jurnalı təsis edilmişdir.

Mehriban xanım Əliyevanın Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılması ilə bağlı şəxsi mülahizələri qarşıya qoyulan məqsədlər, strategiya və taktikanın müəyyənləşdirilməsi baxımından xüsusi maraq doğurur: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

Bu fikirlərin davamı olaraq demək olar ki, ümumən Azərbaycan xalq musiqisinin, muğamlarımızın, poeziyamızın inkişafında yüksək yaradıcılıq və təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun təşəbbüsü, rəhbərliyi və hərtərəfli dəstəyi ilə keçirilmiş çoxsaylı festival və müsabiqələr, konsert və sərgilər mədəniyyətimizin təbliğində mühüm rol oynamışdır və bu gün də oynamaqda davam edir. Azərbaycan mədəniyyətinin dəyərli incisi olan muğamlarımızın yaşadılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən dəfələrlə təşkil edilmiş muğam müsabiqələrini xatırlatmaq kifayətdir.

Mehriban xanım Əliyeva 2004-cü ildə Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ulu Öndərin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin təbliği və milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə yaradılmış və ötən dövrdə bir sıra milli və qlobal tarixyüklü layihələrə imza atmış Heydər Əliyev Fondunun prezidentidir.

Bu illər ərzində fond Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə yerli əhəmiyyətli sosial problemlərin həllində, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərilməsində, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətənpərvər ruhda yetişdirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində, milli elmin və kadr hazırlığının inkişafına, dini tolerantlığın bərqərar olmasına, hüquqi vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına real dəstək göstərilməsində, ekologiya və "yaşıl dünya"mızın xilası sahəsində addımlar atılmasında bir sıra mühüm nailiyyətlər əldə etmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda həyatından keçmiş şəhidlərin ailələri, sağlamlığını itirmiş qazilərimiz, keçmiş qaçqın və məcburi köçkünlər, ehtiyacı olan insanlar, uşaq və internat evləri, səhiyyə və təhsil ocaqları daim fondun və şəxsən Mehriban xanımın diqqət və qayğısı altında olmuşdur.

Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai fəaliyyətində ölkədə idmanın inkişafına da daim xüsusi önəm verilmişir. O, ölkəmizdə Olimpiya hərəkatının, müxtəlif idman növlərinin populyarlaşdırılmasına, ölkə idmançılarının beynəlxalq arenalarda uğurlar qazanmasına şəxsi nüfuzu və himayədar dəstəyi ilə dəyərli töhfələr vermişdir. Mehriban xanım Əliyeva 28 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir. O, ölkəmizin böyük uğurla evsahibliyi etdiyi "Bakı-2015" I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə 2013-cü il yanvarın 17-də yaradılmış təşkilat komitəsinin, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinin sədri kimi bu işlərin öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Müasir müstəqil Azərbaycan Respublikası əsaslı siyasi və iqtisadi islahatların daimi xarakter daşıdığı, demokratik dəyərlərə sadiq olan dünyəvi sosial dövlətdir. Siyasi sahədə inqilabi xarakter daşıyan islahatlardan biri də 2016-cı il sentyabrın 26-da respublikamızda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referenduma əsasən, dövlət idarəçiliyində xalqın iradəsi ilə yeni təsisatın - Birinci vitse-prezidentlik institutunun yaradılması olmuşdur ki, bu da Azərbaycanın müasir simasının yeni və mütərəqqi əlaməti hesab edilə bilər. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmuşdur. Bu sərəncam həmçinin Azərbaycan xalqının öz böyük övladına etimadının, inamının daha bir göstəricisidir. Mehriban xanım bu gün təkcə birinci xanım deyil, həm də genişmiqyaslı islahatların aparılmasında, Azərbaycanın müstəqilliyinin qorunmasında, xalqın xoşbəxt gələcəyinin təmin olunması üzrə fəaliyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Bu və ya digər problemlərlə bağlı Mehriban xanımın xalqa müraciətləri həmişə eşidilmiş və cəmiyyət həyatına öz əhəmiyyətli təsirini göstərmişdir.

2004-2022-ci illərdə UNESCO-nun, 2006-cı ildən bu günə kimi ICESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında gördüyü və Azərbaycanın imicinə yüksək dividendlər gətirmış xeyirxah əməlləri, yerli və xarici xeyriyyə təşkilatları, dini və vətəndaş qurumları ilə qurduğu səmimi münasibətlər və əməkdaşlıq əlaqələri Mehriban xanım Əliyevanın adını nəinki Azərbaycanın, hətta dünyanın tarixinə qızıl hərflərlə yazmışdır.

2005-ci ildə "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni, 2006-cı ildə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, 2009-cu ildə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə Fransa Respublikasının "Şərəf Legionu" ordeni və UNESCO-nun "Qızıl Motsart" medalı, 2012-ci ildə MDB dövlətlərinin Humanitar Əməkdaşlıq Şurasının və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun "Birlik Ulduzları" dövlətlərarası mükafatı, 2013-cü ildə qardaş Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı", 2014-cü ildə Rusiya Federasiyasının Həştərxan vilayətinin "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni, 2016-cı ildə "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı" ordeni, 2016-cı ildə Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu, 2017-ci ildə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, 2018-ci ildə İtaliya Respublikasının "Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni, 2020-ci ildə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Papa Cəngavər ordeninin ən ali dərəcəsi - IX Piy ordeninin Böyük Xaçı, eləcə də Küveyt Krallığının, Almaniyanın, Rusiyanın, Gürcüstanın və s. bir sıra beynəlxalq təşkilatların digər ən yüksək mükafatları ilə təltif olunması, dəfələrlə ölkədə və xaricdə "İlin adamı", "İlin birinci xanımı" titullarına layiq görülməsi Mehriban xanım Əliyevanın xeyriyyəçilik, eləcə də dövlətlər və xalqlar, dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın gücləndirilməsinə, dini və milli tolerantlığın, multikulturalizmin təbliğinə və təsbitinə istiqamətlənmiş səmərəli fəaliyyətlərinin dünya miqyasında möhtəşəm, tarixiləşmiş təsdiqidir.

Mehriban xanım Əliyevanın Azərbaycan səhiyyəsinə, xalqın sağlamlığına verdiyi töhfələr də ölçüyəgəlməzdir. Bir neçə il ərzində dünyanı gərgin vəziyyətdə saxlamış COVID-19 pandemiyasına qarşı Azərbaycanda ölkə Prezidenti tərəfindən aparılan və virusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində uğurlu fəaliyyətlərdə Birinci vitse-prezident, ixtisasca həkim olan Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri olmuşdır.

Məlumdur ki, hər bir dövlətin pandemiyaya qarşı özünəməxsus mübarizə taktikası, fərdi yanaşması olmuşdur. Yalnız az sayda ölkələr, o cümlədən Azərbaycan bu mübarizədə düzgün addımlar atmış, vaxtında lazımi qərarlar qəbul etmişdir ki, bunlar da öz uğurlu nəticələrini, bəhrələrini vermişdir.

Ölkəmizdə Prezident İlham Əliyevin hakimiyyəti dövründə elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya ən güclü dəstək verən ictimai və dövlət xadimi məhz Mehriban xanım Əliyeva olmuşdur. Onların bilavasitə təşəbbüsü və səyləri ilə ölkə üzrə təhsil və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilmiş, təkcə 2003-2023-cü illərdə paytaxtda və regionlarda 3630 məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Sevindirici haldır ki, Azərbaycan təhsilini, elmini və alimlərini himayə edən Mehriban xanımın özü də alimdir və bu fakt bütün elmi ictimaiyyətimiz üçün fəxr mənbəyidir.

Məlumdur ki, 2024-cü il ölkə Prezidenti tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlər keçiriləcəkdir. Bu barədə dünya birliyi tərəfindən qəbul edilmiş yekdil qərar qlobal siyasi arenada Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin, BMT-də, Qoşulmama Hərəkatında, UNESCO və ICESCO kimi müxtəlif beynəlxalq təşkilatlarda oynadığı fəal rolun, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək şəxsi nüfuzunun nəticəsidir.

Ulu Öndərin "yaşıl dünya" ilə bağlı siyasi kursunu uğurla davam və daha da inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində inanılmaz dərəcədə böyük işlər görülmüşdür. Mütəmadi həyata keçirilən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya"lar və fəaliyyət planları, 2010-cu ilin "Ekologiya ili" elan olunması, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinin yaradılması, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli tədbirlər, o cümlədən ceyran, bəbir, bizon, bezoar keçisi, muflon və maralların tarixi yaşayış məskənlərində bərpa edilməsi, fondun "Hərəmiz bir ağac əkək" kimi layihələri, şəxsən Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü, Ulu Öndərin 100 illik yubileyi münasibətilə xüsusilə böyük vüsət almış və bütün ölkəni (həmçinin işğaldan azad edilmiş əraziləri) əhatə edən, dövlət başçısının və birinci xanımın, eləcə də onların ailə üzvlərinin fəal şəkildə iştirak etdikləri ağacəkmə kampaniyaları ekologiyanın sağlamlaşdırılması istiqamətində atılan addımlara, görülən işlərə gözəl nümunələrdir.

Mehriban xanım Əliyevanın ölkədə gənclər siyasətinin həyata keçirilməsində rolu və xidmətləri danılmazdır. Onun Azərbaycan gəncliyinə dəstəyi, gənclərin milli-mənəvi dəyərlərə sadiq, savadlı və vətənpərvər insanlar kimi yetişdirilməsi istiqamətində fəaliyyətləri misilsizdir.

Azərbaycanın yeni tarixinin ən möhtəşəm səhifələrinin yazılmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri özünü 44 günlük Vətən müharibəsi dövründə də bariz şəkildə göstərmişdir. Azərbaycanın Birinci xanımı Müzəffər ordumuzun Ali Baş Komandanı ilə çiyin-çiyinə verərək Böyük Zəfər naminə əlindən gələn hər şeyi etmişdir. Mehriban xanım hər zamankı kimi Vətən oğullarının yanındaydı, onlara övladım, qardaşım deyə müraciət edirdi və döyüşçülər bu doğma münasibəti hiss edirdilər.

Mehriban xanım Əliyeva Böyük Zəfərdən sonra işğaldan azad edilmiş əraziləri Ali Baş Komandanla birgə qarış-qarış gəzmiş, Qarabağın bərpası və Böyük qayıdış üçün bir sıra önəmli layihələrin əsasının qoyulmasında iştirak etmişdir. Mehriban xanımın cənab Prezidentlə birgə Şuşadan və digər bölgələrdən dünyaya verdiyi mesajlar, şəxsən özünün təşəbbüsü ilə həyata keçirilmiş və düşmənə gözdağı olan uğurlu tədbirlər, məsələn, Şuşada və son zamanlar həmçinin Xankəndidə mütəmadi təşkil edilən forumlar, festivallar, konsertlər, sərgilər, tarixi abidələrin, məscid və digər müqəddəs inanc və ibadət yerlərinin, ziyarətgahların yüksək şəkildə bərpasına, konservasiyasına və yenidən qurulmasına sərf etdiyi zəhmət, onun təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən layihələr, şəhidlərimizin xatirəsi və qazilərimizin şəfası üçün gördüyü işlər onu xalqımızın gözündə ucaltdıqca ucaltmışdır.

Mehriban xanım Əliyevanın Azərbaycan xalqı və dünya birliyi qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Onun bu günə qədər beynəlxalq səviyyədə aldığı orden və medalların, fəxri adların bir qismi yuxarıda sadalanmışdır. Ölkənin Birinci vitse-prezidenti və birinci xanımı həmçinin Azərbaycanın "Heydər Əliyev mükafatı", Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninə, Rusiya Federasiyasının "Dostluq" ordeninə, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru diplomuna və onlarca digər təltif və mükafatlara, fəxri adlara layiq görülmüşdür.

Şəxsiyyətində, amallarında və əməllərində mübarizliyi və əxlaqı, diplomatiyası və müdrikliyi, səmimiyyəti və mərhəməti ilə sevilən Mehriban xanım Əliyeva haqlı olaraq, bütün müsəlman və Şərq dünyasının fenomenal qadın-lider simvoluna çevrilmişdir.

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik

“Azərbaycan” qəzeti

  • Paylaş: