Fransanın Sen-Jermen-an-Le şəhərində “Xəzər dənizi ətrafı – Son Tunc ilk Dəmir dövründə əlaqələr, məkanlar, ərazilər” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda Xəzərətrafı ölkələrdə son illər ərzində aparılmış arxeoloji tədqiqatların nəticələri müzakirə edilib.
Tədbirdə Xəzərətrafı ölkələrdən – Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran arxeoloqları, həmçinin ABŞ, Avstraliya, Avstriya, Almaniya, Fransadan olan və Xəzərətrafı regionda son illər tədqiqatlar aparan tədqiqatçı alimlər iştirak ediblər.
Beynəlxalq tədbirdə ölkəmizi Arxeologiya və Etnoqrafiya İnstitutunun tədqiqatçıları - AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov , institutun doktorantı Nuridə Qədirova Atəşi, həmçinin, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə təmsil ediblər.
Azərbaycanlı alimlər “Naxçıvanda Son Tunc və Erkən Dəmir Dövrü mədəniyyəti”, “Son Tunc və Erkən Dəmir Dövrləri ərzində Cənubi Qafqazda dəfn təcrübəsi və ayinləri”, “Son Tunc və Erkən Dəmir Dövrünün tarixşünaslığında problemlər” və “Azərbaycanın Son Tunc və Erkən Dəmir Dövrünün maddi mədəni irsinin öyrənilməsində Azərbaycan Milli Tarix Muzeyinin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Parisdə yerləşən “Azərbaycan Evi”ndə də olublar. Onlar, həmçinin Sen-Jermen-an-Le Milli Arxeologiya Muzeyində saxlanılan və vaxtilə Azərbaycanda aşkar edilərək Fransaya aparılmış arxeoloji materiallar (silahlar, bəzək, məişət əşyaları və s.) və qədim tədqiqatların hesabatları ilə yaxından tanış olublar.
Qeyd edək ki, Sen-Jermen-an-Le Milli Arxeologiya Muzeyində XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycandan aparılmış 1800-dək arxeoloji materialın yarısı üzərində işlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən davam etdirilir. Layihə tamamlandıqdan sonra Fransa muzeylərində saxlanılan və vaxtilə Azərbaycandan aparılmış maddi-mədəniyyət nümunələrini özündə əks etdirən kataloq dərc olunacaq. Layihə əsasən Fransa tərəfindən maliyyələşdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir