Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.09.2024 14:38
  • A-
  • A
  • A+

I Beynəlxalq Şah İsmayıl Xətai konfransının iştirakçıları Nizami Muzeyinin qonağı olublar

I Beynəlxalq Şah İsmayıl Xətai konfransının iştirakçıları Nizami Muzeyinin qonağı olublar

Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan, Səfəvi dövlətinin qurucusu, qızılbaş sufi təliminin yaradıcısı, anadilli xalq şeirini yazılı poeziyamıza gətirmiş Şah İsmayıl Xətainin vəfatının 500 illiyi ölkəmizdə və Türk dünyasında geniş qeyd edilir. Bu məqsədlə sentyabrın 4-5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnsitutu və Türkiyə Cümhuriyyəti Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunmuş I Beynəlxalq Şah İsmayıl Xətai  konfransı keçirilib. Konfransda Azərbaycan səfəvişünasları, tarixçiləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İran İslam Respublikasından 50-dən artıq tədqiqatçı iştirak edib.

Konfransdan sonra alimlər – Ankara Hacı Bayram Vəli Universitetinin Lisansüstü Təhsil İnstitutunun “Ədəb-ərkan” elmi jurnalının rəhbəri professor Əhməd Taşğın, həmin jurnalın əməkdaşı Hakkı Taşğın, Kastamonu Universitetinin əməkdaşı professor Namiq Musalı, Türkiyənin Munzur Universitetinin professoru Əziz Ərdoğan, Vyana Universitetinin Pedaqoji Təhsil Kollecindən doktor Erdal Kalaycı və Nurten Kalaycı, Atatürk Universitetinin professoru Ali Sinan Bilgili və digərləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.

Muzeyin direktoru akademik Rafael Hüseynov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Görüş zamanı akademik Rafael Hüseynov alim və tədqiqatçılarla beynəlxalq konfransla bağlı elmi diskussiyalar və fikir mübadiləsi aparıb.   

Sonra akademik Rafael Hüseynov qonaqlara “İstiqlal zalı”nın tarixindən söz açıb, 2017-ci ildə bu tarixi məkanda görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illik yubileyi ilə bağlı “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçirildiyini qeyd edib.

Konfrans iştirakçılarını muzeyin ekspozisiyası ilə filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva tanış edib. O, ekspozisiyanı ziyarətçilərə təqdim edərək Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş guşədən ətraflı bəhs edib.

Muzeydən məmnunluqla ayrılan alimlər təəssüratlarını “Rəy kitabı”nda bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: