Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.09.2024 14:26
  • A-
  • A
  • A+

Beynəlxalq elmi-tədqiqat layihəsi çərçivəsində tanınmış alimlər elmi tədqiqatlarının təqdimatlarını keçiriblər

Beynəlxalq elmi-tədqiqat layihəsi çərçivəsində tanınmış alimlər elmi tədqiqatlarının təqdimatlarını keçiriblər

2024-2030-cu illər ərzində aparılması nəzərdə tutulmuş Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son Neandertallar” layihəsinin (Last Neanderthals) iştirakçıları, İtaliyanın, Kanadanın və İsrailin elmi mərkələrini təmsil edən tanınmış alimlər - professor Stefano Benazzi, professor Francesco Berna və professor Omry Barzilai AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda apardıqları elmi tədqiqatların nəticələri barədə təqdimatlar keçiriblər.

İtaliyanın Bolonya Universitetinin Mədəni İrs Departamentinin professoru və Osteoarxeologiya və Paleoantropologiya laboratoriyasını müdiri (BONES Laboratoriyası) Stefano Benazzi öz təqdimatında qədim insanların öyrənilməsində paleopromeotik, diş histomorfometrik, həmçinin rəqəmsal morfometrik və biomexanik üsulların istifadəsinin nəticələri barədə məlumat verib.

Kanadanın Simon Fraser Universitetinin Geoarxeologiya laboratoriyasının müdiri professor Francesco Berna`nın mühazirəsi arxeoloji ərazilərin formalaşma proseslərinin öyrənilməsi və onların stratiqrafiyasının mikroskopik miqyasda dəqiq səciyyələndirilməsində istifadə edilən üsullarına (məsələn, micro-FTIR) həsr olunub.

Hayfa (İsrail) Universitetinin Arxeologiya və Dəniz Mədəniyyətləri Məktəbinin Paleolaboratoriyasının rəhbəri professor Omry Barzilai çıxış edərək qədim insanların daş alətlərinin istehsal tenologiyalarının tədqiqat üsulları və bu sahədə (lithic technology) əldə edilmiş nailiyyətlərdən danışıb.

Tanınmış alimlərin səfərinin təşkilatçısı, beynəlxalq layihənin Azərbaycan üzrə koordinatoru, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Trasoloji və eksperimental arxeoloji laboratoriyasının müdiri Əjdər Babazadə beynəlxalq elmi layihənin mahiyyəti və respublikamızda aparılacaq tədqiqatların böyük elmi əhəmiyyəti barədə təqdimat iştirakçılarına məlumat verib.

Ə.Babazadə bildirib ki, Avropa Elmi Tədqiqat Şurasının dəstəklədiyi “Son Neandertallar” layihəsində İtaliya, Albaniya, Azərbaycan, Xorvatiya, Macarıstan, Çexiya, Rumıniya, Türkiyə, İsrail, İran və Özbəkistan olmaqla 11 ölkə iştirak edir. 2024-2030-cu illər ərzində davam edəcək layihənin əsas məqsədi, neandertalların yox olma səbəblərinin araşdırılmasıdır. Araşdırmalar 3 istiqamətdə aparılacaq: arxeoloji, mikro-arxeoloji və arxeometrik analizlər və nəhayət, paleo-ekosistem araşdırmaları. Layihə çərçivəsində Azərbaycanda qədim insan məskənlərinin müəyyənləşdirilməsi, toplanmış arxeoloji materialın analizi, respublikamızda arxeometrik laboratoriyaların təşkili və gənc mütəxəssislərin yetişdirilməsi də nəzərdə tutulub.  

Böyük maraqla qarşılanan mühazirələrindən sonra alimlər təqdimat iştirakçılarının suallarını cavablandırdılar.

Daha sonra qonaqlar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun müdiri tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevlə görüşüblər. Qonaqlarla görüşdə aparılmış fikir mübadiləsi zamanı yaxın gələcəkdə beynəlxalq elmi layihənin çərçivəsində Azərbaycanda beynəlxalq tərkibli ekspedisiyanın təşkili, azərbaycanlı gənc alimlərin xarici elmi mərkəzlərdə ixtisaslaşması üzrə institut ilə İtaliyanın, Kanadanın və İsrailin elmi-tədqiqat mərkəzləri arasında elmi əməkdaşlıq məramnamələrinin hazırlanması nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: