Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Türk dövlətləri ilə elmi əlaqələrə yeni töhfə
16.09.2024 15:10
  • A-
  • A
  • A+

Türk dövlətləri ilə elmi əlaqələrə yeni töhfə

XXI əsr türk dünyasının elmi-texniki inkişaf və tərəqqi dövrüdür. Mərkəzi Asiya dövlətlərinin dünya birliyi ilə qurduğu çoxtərəfli əməkdaşlıq münasibətləri Azərbaycan və Türkiyə daxil olmaqla böyük bir coğrafiyanı əhatə edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Mərkəzi Asiya regionu ilə yaratdığı əlaqələrin tarixi qədim köklərə söykənir. Əlaqələrin müasir mərhələsində Azərbaycan Respublikası Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan ilə diplomatik-siyasi, iqtisadi, mədəni və elmi münasibətlər quraraq əməkdaşlıq əlaqələrini inkişaf etdirmişdir. 2024-cü ilin ötən avqust ayında Azərbaycan və Özbəkistan arasında müttəfiqlik haqqında imzalanan sənəd hər iki dövlətin bir-biri ilə bütün sahələri əhatə edən faydalı əməkdaşlıq əlaqələrini daha da dərinləşdirəcək. Bu baxımdan, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərlinin “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə elmi əlaqələri (1920-1991)” mövzulu, 408 s. həcmində elmi ictimaiyyətə təqdim olunan monoqrafiyası Azərbaycanın Mərkəzi Asiya ilə əsasən sovet, qismən də ilk müstəqillik dövrü elmi əlaqələri tarixinin öyrənilməsində əhəmiyyət kəsb edir.

Son 71 illik bir dövrü əhatə edən monoqrafiyada Azərbaycanın keçmiş ittifaqa daxil olan türk respublikaları ilə elmi-texniki, ədəbi, mədəni və incəsənət əlaqələri ilk dəfə Ə.Ələkbərlinin qələmə aldığı monoqrafiyada kompleks şəkildə araşdırılmış və xeyli yeni məlumatlar elmi dövriyyəyə daxil edilmişdir. Kitabın elmi-nəzəri əhəmiyyətini artıran mühüm amillərdən biri, tədqiqat işində arxiv materiallarına geniş yer verilməsi ilə bağlıdır. Görünür müəllif uzun illərdir mövzu üzərində işləyərkən xeyli sayda mənbə və elmi ədəbiyyat əldə edərək, ümumilikdə 705 qaynağı monoqrafiya daxilində dəyərləndirmiş, akademik təhlillər apararaq bu gün qarşımızda duran kitabı ərsəyə gətirmişdir. 

Kitabın strukturuna baxdıqda, elmi-tədqiqat işinin ön söz, giriş, beş fəsil, iyirmi paraqraf, nəticə və ədəbiyyat bölmələrindən ibarət olduğunu görmək olar. İlk baxışda sadə görünən struktur, işə nüfuz etdikcə, yazıların dərinliyinə endikcə kitabın nə qədər yüksək peşəkarlıqla qələmə alındığını, məntiqi və xronoloji ardıcıllığa riayət olunduğunu deməyə əsas verir.

Müəllif monoqrafiyanın girişində qeyd edir ki,: “Sovetlər dövründə Azərbaycanın Qzaxıstan və Mərkəzi Asiya respublikaları ilə iqtisadi əməkdaşlığı dərinləşdikcə, bu əməkdaşlığın mühüm formalarından biri olan elmi-texniki əlaqələr də genişlənirdi. 1960-1980-ci illərdə elmi-texniki əlaqələrin genişlənməsi və daha çox intensivləşməsi, bütün sovet respublikalarında elmin və texnikanın yüksək səviyyəsi, elmin və texniki kəşflərin istehsalata müvəffəqiyyətli tətbiqindən irəli gəlirdi”. Burada qeyd olunan illər Azərbaycanın türk respublikaları ilə elmi-texniki və ədəbi yaxınlaşması baxımından bir başlanğıc kimi diqqəti cəlb edir. Təbii ki, dövrün hakim sovet ideologiyası Azərbaycanın türk dünyası ilə əlaqələrinin qurulmasına o qədər müsbət baxmasa da müəllifin təqdim etdiyi faktoloji materiallar ikitərəfli elmi əlaqələrin məhdud çərçivəsinə baxmayaraq müəyyən inkişafdan xəbər verirdi.

Mövzu ilə əlaqədar tarixşünaslığa diqqət yetirən müəllif, Azərbaycanın ittifaq respublikaları ilə dostluq və əməkdaşlıq əlaqələrini şərh edərkən türk dövlətləri ilə elmi əlaqələrə toxunaraq, azərbaycanlı və digər alimlərin adlarını, əsərlərini sadalayır. D.H.Qüdrətovun, F.A.Əhmədşinanın, Ə.Saləddinin, Ə.X.Əhmədovun, M.İ.Əmrahovun, S.Qarayevin, N.Məmmədzadənin, S.Əliyevin, H.Məmmədovun kitablarında Azərbaycanla bağlı məqamların bir başa mövzu ilə əlaqəli olduğunu qeyd edən müəllif alimlərin əsərlərinə istinad edir və təhlillər aparır. Bununla yanaşı, müəllif S.Z.Zimanovun, M.A.Binderin, B.İlyasovun, R.A.Bazarovanın, S.K.Kerimbayevin əsərlərində birbaşa Azərbaycanla bağlı olmasa da ittifaq respublikaları ilə ümumi əməkdaşlıq əlaqələrini mövzu ilə əlaqələndirməyə çalışır və vacib məqamları qeyd edir. 

Tədqiqat işinə daxil olan fəsillərin hər birində dörd müstəqil yarımbaşlıq açan müəllif, paraqrafları xronoloji çərçivəyə, illərə bölmüş və beləliklə uzun, ikitərəfli sovet və müstəqillik dövrü elmi əlaqələrini işıqlandırmışdır. Birinci fəsilə “Azərbaycan-Qazaxıstan elmi əlaqələri”ndən başlayan Ə.Ələkbərli iki xalqın elmi əlaqələrini şərh edərkən qədim tarixə əsaslandığını qeyd etmişdir. Ümumilikdə isə müəllif Azərbaycanın türk dövlətləri ilə elmi əlaqələrinin tarixi köklərə əsaslandığını digər fəsillərdə də haqlı olaraq vurğulamağı unutmur. Həmçinin, Ə.Ələkbərli Azərbaycanla Qazaxıstan arasında elmi əlaqələrin XX əsrin 30-cu illərinin ikinci yarısından iqtisadi əlaqələrin güclənməsi nəticəsində daha çox üzə çıxmağa başladığına diqqət çəkir. Daha sonra 40-60-cı və sonrakı illərdə ikitərəfli elmi-mədəni, ədəbi əlaqələr haqqında məlumat verir.    

Monoqrafiyanın ikinci fəsli “Azərbaycan-Qırğızıstan elmi əlaqələri”nə həsr olunmuşdur. Burada müəllif tanınmış azərbaycanlı geoloq alim, SSRİ EA-nın müxbir üzvü Ə.A.Əmiraslanovun elmi-tədqiqat işlərində ikitərəfli elmi-texniki əlaqələrə yer verdiyini qeyd edir. Eləcə də Azərbaycan-Qırğızıstan elmi əlaqələrinin XX əsrin 60-cı illərindən keyfiyyətcə yeni mərhələyə keçid aldığını bildirir. Elmi-tədqiqat işinin üçüncü fəsli “Azərbaycan-Özbəkistan elmi əlaqələri” adlanır. Fəsildə müəllif  XX əsrin 20-30-cu illərində Bakıda ali və orta ixtisas məktəblərində çox sayda özbək tələbələrin təhsil aldığı xüsusilə qeyd olunmuşdur. 

Kitabın dördüncü fəslini “Azərbaycan-Tacikistan elmi əlaqələri” ilə davam etdirən müəllif, Azərbaycan-Tacikistan elmi-mədəni əlaqələrinin inkişafında görkəmli Azərbaycan jurnalisti, pedaqoq, ədəbiyyatşünas və ictimai xadim Seyid Rza Əlizadənin (1887-1945) mühüm rol oyandığını, 20-30-cu illərdə Mərkəzi Asiyada böyük nüfuz sahibi olduğunu xüsusilə vurğulayır. Fəslin digər paraqraflarında ikitərəfli sovet dövrü və müstəqilliyin ilk illəri ilə bağlı maraqlı faktlar öz əksini tapır.

İşin sonuncu, beşinci fəsli “Azərbaycan-Türkmənistan elmi əlaqələri”nə həsr olunmuşdur. Burada müəllif Türkmənistanın zəngin neft yataqlarının işlənməsində azərbaycanlı geoloqların roluna diqqət çəkir, onların bununla bağlı elmi əsərlər yazdıqlarını və respublikanın neft sənayesinin inkişafına töhfə verdiklərini təhlil edir. Neftçi-geoloq Süleyman Vəzirovun (1910-1973) “Türkmənneft” birliyinin rəisi vəzifəsində çalışdığı qeyd olunur. Ümumilikdə kitabın fəsillərində zəngin faktların şərh olunması onu deməyə əsas verir ki, monoqrafiya ciddi elmi axtarışların nəticəsi olaraq, uzun illərin zəhməti hesabına tədqiq olunmuşdur.     

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın müasir dövrdə ikitərəfli elmi əlaqələrin öyrənilməsi baxımından, elmi-nəzəri əhəmiyyətini yüksək dəyərləndirən kitabın elmi redaktoru: tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Mustafazadə, həmçinin tədqiqat işinin rəyçiləri: tarix elmləri doktoru Ədalət Qasımov, siyasi elmlər doktoru Adil Mirabduallayev, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim, Turan Elmlər Akademiyasının akademiki İntiqam Cəbrayılov və tarix üzrə fəlsəfə doktoru Ərrəhman Əhmədov öz müsbət rəylərində Ə.Ələkbərlinin ilk dəfə, geniş aspektə qələmə aldığı əsəri Azərbaycan-Mərkəzi Asiya elmi əlaqələrinə yeni töhfə kimi qiymətləndirmişlər.

Əzizağa müəllim hazırda elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, ədəbi, elmi-publisistik yazıları ilə mətbuatda tanınan və əsərləri, hekayələri gənc nəsil tərəfindən böyük maraqla oxunan dəyərli ziyalıdır. Monoqrafiyanın ön sözünün müəllifi, təəssüf ki, artıq bir aya yaxındır aramızda olmayan görkəmli tarixçi, professor Şahin Fazil kitab haqqında fikirlərini yazaraq, mövzuya müəllif yanaşmasını belə şərh edir: “Monoqrafiyanı oxuyarkən elə ilk cümlələrdən hiss olunur ki, müəllif elmi təfəkkür baxımından tarixçi olmaqla yanaşı, həm də ədəbiyyatla müntəzəm məşğul olan qələm sahibidir. “Mən hamısını ifadə etmək fikrində deyiləm” yazır Əzizağa Elsevər. Əlbəttə, hamısını ifadə etmək olmaz da! Ey istedadlı nasir və dəyərli tədqiqatçı, sən əsas məqamları bu əsərində mövzuya uyğun ətraflı əhatə etmisən !!!”. Həqiqətən də müəllifin elmi yaradıcılığı ilə tanış olan hər kəs onun bir tarixçi kimi ixtisasından irəli gələn akademik təfəkkürü ilə yanaşı bədii düşüncəsinin də geniş olduğunu sezə bilər.

Ömrünün müdrik çağını yaşayan müəllif Azərbaycan Respublikasının türk dövlətləri ilə elmi və əmədəni əlaqələri ilə bağlı təkcə monoqrafiya yox, onlarla yerli və xarici jurnallarda məqalələr nəşr etmiş, beynəlxalq elmi konfranslarda mövzuya dair tezis və məruzələrlə çıxış etmiş, belə demək mümkündürsə bu işə bir ömür həsr etmişdir. İnanırıq ki, yaxın vaxtlarda monoqrafiya türk dillərinə çevrilərək Mərkəzi Asiya dövlətlərinin elmi təşkilatlarında yaxından tanınacaq.

Bununla yanaşı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəal üzvlərindən biri olan Ə.Ələkbərlinin “Elsevər” təxəllüsü ilə yazdığı hekayələr həm düşündürücü həm də maarifçilik missiyası kimi faydalı məsələlərə həsr olunub. Mövcud əsərdə isə müəllif problemə Azərbaycan-Mərkəzi Asiya elmi-nəzəri prizmasından yanaşaraq samballı əsər meydana çıxarmışdır. Yəni, uzun illərin axtarışları, damla-damla toplanan elmi ədəbiyyat və mənbələr monoqrafiyanın tədqiq olunmasında mühüm rol oynamışdır. Ə.Ələkbərli həmçinin, bir pedaqoq kimi yaxından tanınır. Azərbaycan Qızlar Universitetinin Tarix kafedrasına rəhbərlik edən Ə.Ələkbərli tələbələrinə türk dünyası tarixinə dair mühüm məqamları mühazirə oxuyur. Yetişdirdiyi tələbələr hazırda respublikanın nüfuzlu ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında öz fəaliyyətlərini davam etdirirlər.  

Əzizağa müəllimə şərəfli fəaliyyətində ilahinin ən böyük neməti olan can sağlığı, uzun və maarifçi elmi-ədəbi yaradıcılıq uğurları arzu edirik !     

Aqil ƏHMƏDOV, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: