Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.09.2024 17:02
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır, maksimal sinifli alışma 3825 oblastında baş vermiş X4.5 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr, 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 68 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələrək 15 sentyabrda 1692 pfu, 10 MeV-dən çox enerji yüklü proton seli isə 09-10 sentyabrda S1 (34 pfu) səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 623 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 29 nT, radial istiqamətdə isə  -26 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 446 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8.8 nT, radial istiqamətdə isə  -7.1 nT təşkil edir.

Hesabat dövründə  gözlənildiyi kimi geomaqnit sahəsinin intensivliyi TKA-nın və Tac dəliyinin təsiri ilə yüksələrək 12-13 sentyabrda G1-G3 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3.7-ə bərabərdir və kosmik hava qeyri-stabildir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Ardıcıl baş vermiş TKA və X4.5 sinifli alışmanın təsiri nəticəsində enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksələcəyi gözlənilir. 

Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsi - 13-14 sentyabrda baş vermiş TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və növbəti günlərdə G1(zəif) - G3 (güclü) səviyyəli  geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: