Bu gün fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Cəlal Allahverdiyevin anadan olmasının 95 ili tamam olur.
Allahverdiyev Cəlal Eyvaz oğlu 17 sentyabr 1929-cu ildə Şuşa şəhərində anadan olmuş, 1951-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur.
O, 1957-ci ildə “Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında” mövzusunda fizika-riyaziyyat elmləri ixtisası üzrə namizədlik, 1968-ci ildə “Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında” mövzusunda fizika-riyaziyyat elmləri ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir.
Akademik Cəlal Allahverdiyev 1956-1960-cı illərdə ADU-da baş müəllim, dosent, 1960-cı ildən Azərbaycan SSR EA Hesablama Mərkəzində şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 1969-cu ildə Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) direktor müavini, 1970-1988-ci illərdə direktor olmuşdur. Alim 1988-1994-cü illərdə BDU-nun elmi işlər üzrə prorektoru, 1994-cü ildən ömrünün sonunadək Tətbiqi riyaziyyat fakültəsində kafedra müdiri olmuşdur.
Akademik Cəlal Allahverdiyev 1975-ci ildə ABŞ-nin, 1976-cı ildə isə Böyük Britaniyanın bir sıra universitetlərində mühazirələr oxumuş, 1988-2000-ci illərdə İstanbul Universitetində çalışmışdır.
Funksional analiz sahəsində görkəmli mütəxəssis olan akademik Cəlal Allahverdiyev ilk dəfə bir sinif öz-özünə qoşma olmayan və spektral parametrdən polinomial və ya rasional asılı olan operatorlar üçün məxsusi elementlər sisteminin və onun bir hissəsinin tamlığını araşdırmış, xətti operatorların sonlu ölçülü operatorlarla ən yaxşı yaxınlaşması anlayışını vermiş, onun dəqiq ifadəsini tapmış, xətti fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışını vermiş, Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı, bazisliyi haqqında yeni tip teoremlər isbat etmiş, operatorların qapana bilməsi, məhdudluğu, tamam kəsilməz olması üçün (multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmış, operatorların məxsusi ədədlərinin təqribi hesablanmasına aid mühüm nəticələr almışdır.
Cəlal Allahverdiyev banax fəzasında optimal biortoqonal sistemlər anlayışını vermiş və Banax fəzalarında kəsilməz operatorlar sinfi ilə tamam kəsilməz operatorlar sinfi arasında yeni abstrakt xətti operatorlar sinfi olduğunu müəyyən etmiş, bu sinfə daxil olan operatorlar üçün operatorların baş ədədləri və baş elementləri anlayışlarını vermiş, baş ədədlər sisteminin “mini-maks” xassəsinə malik olduğunu isbat etmiş, determinik sistemlərdə optimal idarəetmə, idarəolunabilmə və müşahidə olunabilmə məsələlərini araşdırmışdır. Aldığı elmi nəticələr “Allahverdiyev teoremi”, “Allahverdiyevin variasiya prinsipi”, “Allahverdiyev lemması” kimi funkisional analiz və cəbr üzrə xarici ədəbiyyatda yeni nəticələrin alınması üçün istifadə olunmuşdur.
Akademik Cəlal Allahverdiyev Azərbaycanda ilk dəfə stoxastik sistemlərdə idarəetmə, optimal idarəetmə sahəsində işlərə başlamışdır. Həmmüəlliflə səsvermə qurğusunun ideyasının nəzəri əsasını vermiş və müəlliflik şəhadətnaməsi (Moskva) almışdır. Kompüterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində mühüm elmi nəticələr almış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmini vermişdir (tələbələri ilə birlikdə). Alim Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü olmuşdur.
Akademik Cəlal Allahverdiyevin elmi rəhbərliyi ilə 6 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru hazırlanmışdır. Öz elmi məktəbini yaratmış alimin, ümumilikdə 130-dan çox elmi əsəri nəşr olunmuşdur.
Akademik Cəlal Allahverdiyev 1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına və 1981-ci ilə Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Akademik Cəlal Allahverdiyev 19 yanvar 2017-ci ildə vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.