Məlumdur ki, AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyada magistratura təhsilinin təşkili istiqamətində kompleks tədbirlər görülmüş, müvafiq işlər həyata keçirilmişdir. 2015-ci ilin fevral ayında isə AMEA-da ilk dəfə olaraq magistratura pilləsinə qəbul elan olunmuş, 7 ixtisas üzrə ümumilikdə 19 nəfər magistraturaya daxil olmuşdur. Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi həyata keçirilmişdir.
AMEA-da təhsil alacaq 19 gəncdən 4-ü Biologiya və Tibb Elmləri Bölməsini təmsil edərək “Molekulyar biologiya” ixtisası üzrə hazırlığa başlayıb. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda 2015-2016-cı tədris ilinin payız semestri uğurla başa çatıb və qış imtahan sessiyası başlayıb.
Yanvarın 7-də institutda “Fotosintezin molekulyar biologiyası” ixtisas fənni üzrə ilk imtahan keçirilib. İmtahanda 4 magistr iştirak edib. Magistrlər 2 saat imtahan müddəti ərzində 5 sualı cavablandırıblar.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi Təhsil şöbəsinin rəisi, k.ü.f.d. Ömər Gülalov imtahanın gedişatı ilə tanış olub, imtahan prosesində şəffaflığın təmin edilməsinə şərait yaradıldığını və imtahanın yüksək səviyyədə təşkil edildiyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir