Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

AMEA elmi fəaliyyətin yeni mərhələsində
17.09.2024 15:14
  • A-
  • A
  • A+

AMEA elmi fəaliyyətin yeni mərhələsində

II məqalə

Ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqla­rını daha böyük dərəcədə müdafiə edə bilirlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

 

AMEA-nın yeniləşməsinin 7 üstün istiqaməti

Dövlətçiliyə sədaqət, ölkənin strateji inkişaf kursuna xidmət və dövlət tərəfin­dən müəyyən olunmuş prioritetlər əsasın­da AMEA-nı yeniləşdirmək kursu təşkilat rəhbərliyinin müəyyən etdiyi 7 prioritet istiqamət üzrə aparılır.

Birnci prioritet istiqamət Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində ifa­də olunmuş azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ilə bağlıdır. Bu yöndə əsas məqsəd AMEA-nı ölkənin əsas azərbaycanşünaslıq mərkəzinə çevirmək­dən ibarətdir. 

İkinci prioritet akademiyada türk dün­yası üzrə tədqiqatların miqyasının geniş­ləndirilməsini, bu sahədə konkret proq­ramların hazırlanıb həyata keçirilməsini əhatə edir. 

Üçüncü prioritet istiqamət rəqəmsal­laşma, süni intellekt və ağıllı texnologiya­larla bağlı məsələlərin AMEA-nın Huma­nitar və İctimai elmlər bölmələrinin əhatə etdiyi elmi tədqiqat institutlarının elmi dövriyyəsinə daxil edilməsi ilə bağlıdır.

Dördüncü istiqamət geniş mənada dünya elminə inteqrasiyanı məqsədyönlü şəkildə təşkil etmək məqsədilə beynəlxalq elmi təşkilatların üzvü olmaqla onların işində yaxından iştirak etmək, ölkəmizi yüksək səviyyədə təmsil etmək, dünya el­minin ən yeni təcrübələrini akademiyaya tətbiq etməklə yeniləşməni daha da sürət­ləndirməyi nəzərdə tutur.

Beçinci prioritet “Gənc Akademiya” layihəsinin həyata keçirilməsinə aiddir.

Altıncı istiqamət Azərbaycan elmində, o cümlədən də akademiyada doktorantura təhsilinin Qərb modelinə uyğunlaşdırıl­masını ifadə edir. Burada məqsəd dokto­ranturanı özünəməxsus tədris planı, fənn proqramları, kredit vahidləri, dərs sistemi olan bir təhsil səviyyəsinə çevirməkdən ibarətdir.

Yeddinci istiqamət AMEA-da struktur islahatlarının davam etdirilməsi yolu ilə mövcud idarəetmə strukturlarının yeniləş­dirilməsinə nail olmağı əks etdirir.

Aydın görünür ki, bu prioritet is­tiqamətlər məzmun və məqsədcə bir-birini tamamlayırlar və kompleks halında Azər­baycanda elmin dövlətçilik kontekstində transformasiyasına xidmət edir. AMEA həmin istiamətlər üzrə son iki ildə davamlı və ardıcıl addımlar atır. Onların üzərində dayanaq. 

Yeni struktur vahidləri

AMEA Rəyasət Heyəti Aparatında 18 yanvar 2023-cü il tarixində “Elektron Akademiya” şöbəsi yaradılmışdır. Bu, həm müasir tələblərə uyğun elmi fəaliyyəti idarə etmək, həm də Azərbaycan alimlə­rinin araşdırmalarını çevik surətdə dünya miqyasına çıxarmaq istiqamətlərində mü­hüm addımdır. 

Qısa müddətdə “Elektron Akademiya” şöbəsi xeyli işlər görmüşdür. Məhz bu şö­bənin səmərəli fəaliyyəti nəticəsində fak­tiki olaraq akademiyada elektron hərəkat başlanmışdır. “Bir il ərzində Akademiya­nın elmi-tədqiqat institutları əməkdaşla­rının əsərlərinə elmi istinadları, reytinq göstəricilərini müəyyən etmək üçün, təx­minən, 1700 elmi işçinin şəxsi profili ya­radılmışdır. Elmi istinadları vahid mərkəz­dən müşahidə etmək və əlaqələndirmək məqsədilə Milli Elmlər Akademiyasının ölkədə ilk dəfə olaraq Rəqəmsal İnforma­siya Resursları Mərkəzi təsis edilmişdir” (AMEA hesabatı, 2023-cü il). 

Bundan başqa, AMEA-nın elmi böl­mələrinin və akademiyanın tabeliyində olan elmi müəssisələrin 8 elmi jurnalı elektron bazada yerləşdirilmişdir. Akade­miyada nəşr edilən jurnallarda çap olunan məqalələrin hamısı DOİ ilə təmin olun­muşdur. AMEA-nın elmi jurnallarını vahid şəbəkədə birləşdirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Dərgi Parkı yaradılmışdır. Onu vurğulayaq ki, həmin istiqamətdə Türkiyənin beynəlxalq miqyas­da nüfuzlu elm və texnologiya mərkəzlə­rindən biri kimi qəbul edilən TUBİTAK-la əlaqələrin inkişafı xüsusi yer tutur. 

Məsələn, IV Sənaye inqilabı, süni in­tellekt, rəqəmsallaşma, seysmologiya, arxeologiya və sair istiqamətlərdə əmək­daşlıq üçün geniş imkanlar yaradılmışdır. İlk dəfə olaraq AMEA-nın 3 elmi jurnalı TUBİTAK-ın ULAKBİM-Dərgi Parkı elektron baza reyestrinə daxil edilmişdir. 

Bütövlükdə, Türk dünyası üzrə “Elektron Akademiya” şöbəsinin əhatəli fəaliy­yəti ölkənin ali elmi təşkilatında ciddi ye­nilikləri həyata keçirməyə imkan vermiş­dir. Onların hər birinin üzərində dayanmaq imkanı burada yoxdur. 

Eyni zamanda, AMEA əməkdaşlarının Google Scholar, Web of Science, Scopus bazalarında profillərindəki məlumatlarının toplanılaraq təhlil edilməsi imkanı yaran­mışdır. 

“Elektron Akademiya” şöbəsi ilə ya­naşı, “Elektron Kitabxana” yaradılması is­tiqamətində AMEA ciddi fəaliyyət göstərir. “Elektron Kitabxana” müasir elmi inkişaf­da xüsusi rol oynayır. Onun həm biliklərin saxlanması, qorunması, həm də elmi təc­rübələrin çevik ötürülməsi aspektlərində əhəmiyyəti danılmazdır. AMEA Mərkəzi Elmi Kitabxanasının yeni gənc rəhbərliyi bu istiqamətdə aktiv fəaliyyət göstərir və konkret nəticələr alınır.

Yeni struktur vahidlərinin yaradılma­sı AMEA-nın hər bir müəssisəsini əhatə etmişdir. Burada başlıca prinsip həm idarəetməni yeni səviyyəyə yüksəltmək, həm tədqiqatları müəyyən edilmiş priori­tet istiqamətlər müstəvisinə gətirməkdən ibarətdir. Bu bağlılıqda “Elmi tədqiqat iş­lərini müasir dövrün tələblərinə uyğunlaş­dırmaq, paralellikləri və təkrarçılığı aradan qaldırmaq məqsədilə AMEA-nın Rəyasət Heyəti Aparatında və elmi tədqiqat institut­larında aparılan ixtisarlar və birləşdirmələr vasitəsilə yaradılmış Qarabağ müharibəsi və Böyük Qayıdış hərəkatı, Qərbi Azər­baycan tarixi, Qərbi Azərbaycan folkloru, Toponimika, İdrak nəzəriyyəsi və məntiq, Xəzərin arxeologiyası, Çöl tədqiqatlarının təşkili və monitorinqi, Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbələri” fəaliyyətdədirlər (AMEA hesaabtı, 2023). 

Bundan başqa, türkologiya ilə bağlı yeni şöbələr yaradılmışdır. O cümlədən, Fəlsəfə və Sosiologiya İnstitutu nəzdin­də AMEA tarixində ilk dəfə olaraq Türk xalqlarının fəlsəfəsini müasirlik konteks­tində araşdıran şöbə formalaşdırılmışdır. Bu kimi yeniliklərin elmi fayda verəcəyinə qətiyyən şübhə yoxdur. 

Elmi fəaliyyətin təşkili

AMEA-da son iki ildə elmi fəaliyyətin təşkilində ciddi keyfiyyət dəyişiklikləri müşahidə edilir. Hər şeydən öncə, ölkənin strateji inkişaf kursuna uyğun yeni möv­zuların araşdırılması sistemli və davamlı xarakter almışdır. Burada ilk sırada milli dövlətçilik faktoru yer almaqdadır. Həmin kontekstdə də AMEA ulu öndər Heydər Əliyevlə bağlı tədqiqatlara xüsusi diqqət yetirməkdədir. Yəni burada əsas olaraq AMEA-nın yeniləşməsi prosesi konteks­tində, ilk növbədə, təşkilat müstəqil Azər­baycan dövlətçiliyinin keçdiyi siyasi-tarixi mərhələləri elmi cəhətdən əsaslandırılmış şəkildə araşdırmaqla iki istiqamətdə qarşı­sına məqsəd qoymuşdur. 

Birincisi, müstəqil Azərbaycan dövlət­çiliyini, onun mahiyyətini yenidən ciddi elmi dərk etməklə əsl məzmununu aydın­laşdırmaqla bağlıdır. 

İkincisi, alınan elmi qənaətləri cəmiy­yətə, xüsusilə gənclərə təşviq etməklə müstəqil dövlətçiliyimizə bağlılığı yeni səviyyəyə yüksəltməklə əlaqəlidir. 

Bütün bunlara görə, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması kon­tekstində AMEA-da ciddi elmi tədbirlərin həyata keçirilməsi bir zərurət idi. Bütöv­lükdə, Heydər Əliyevin yubiley ili çərçi­vəsində Ulu öndərə həsr edilmiş 56 fun­damental nəşr ərsəyə gətirilmişdir. 60-dan çox yerli və beynəlxalq konfrans keçiril­mişdir ki, 15 konfrans materialı çap edil­mişdir. Və bütün bunlar elmi fəaliyyətin AMEA-nın yeniləşmə kursunda müstəqil dövlətçilik ideallarına doğru istiqamət­lənən prinsip üzrə reallaşdırılmışdır.

Bundan başqa, Ümummilli liderin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əli­yev: dahilik, zaman və müasirlik” mövzu­sunda AMEA ümumi yığıncağının xüsusi iclası keçirilmişdir. “Azərbaycanlı məruzə­çilərlə yanaşı, Türkiyə Elmlər Akademiya­sının başqanı, professor Müzəffər Şəkər “Azərbaycan–Türkiyə birlik və həmrəylik: tarix və müasirlik”, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, profes­sor Yeksəl Özgen “Bir millət-iki dövlət” strategiyası: Mustafa Kamal Atatürkdən Heydər Əliyevə”, Özbəkistan Elmlər Aka­demiyasının vitse-prezidenti, akademik Sirojiddin Mirzoyev “Özbəkistan və Azər­baycan əlaqələri: Heydər Əliyevdən İlham Əliyevə”, Gürcüstan Milli Elmlər Akade­miyasının prezidenti, akademik Roin Met­reveli “Görkəmli dövlət xadimi Heydər Əliyev və Gürcüstan” mövzularında mə­ruzələrlə çıxış etmişlər” (AMEA hesabatı, 2023). 

AMEA-nın Ulu öndərlə bağlı aarşdır­maları və keçirdiyi elmi tədbirlər çox zən­gindir və burada onların hər biri üzərində dayanmaq imkanı yoxdur. Lakin AMEA rəhbərliyi üçün Heydər Əliyev mövzusu müstəqil Azərbaycan dövləti, azərbaycan­çılıq ideologiyası, ölkəmizin inkişaf stra­tegiyası, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların və qazanılmış tarixi Zəfərin elmi şəkildə araşdırılıb, fun­damental tədqiqatlara çevrilməsinin aça­rıdır. Əsasən humanitar və ictimai elmləri əhatə edən Milli Elmlər Akademiyası üçün dövlətçiliyin elmi əsaslandırılmasının iş­lənib hazırlanması şərəfli və məsuliyyətli vəzifədir.

Eyni zamanda, AMEA rəhbərliyi elmi tədqiqat institutları arasında yaradıcılıq əməkdaşlığını yeni səviyyəyə yüksəltmiş­dir. Nümunə üçün Fəlsəfə və Sosiologiya, Tarix və Arxeologiya, Ədəbiyyat və Şərq­şünaslıq institutları ortaq elmi tədbirlər ke­çirmişlər. Bu institutlarda aparılan araşdır­maların birgə müzakirəsi təşkil edilmişdir. 

Nümunə kimi Azərbaycanda milli fəl­səfənin təhlili ilə bağlı Fəlsəfə və Sosio­logiya, Ədəbiyyat, Folklor, Şərqşünaslıq və Tarix institutlarının birgə Azərbaycan tarixinin dövrləşdirilməsi, ədəbi-tarixi şəx­siyyətlərin öyrənilməsinə yenidən qayıdış, yeni tarixi dövrün milli ideologiyası kimi məsələlər AMEA Rəyasət Heyətinin iclas­larında kollegial qaydada müzakirə olun­muş, icra mexanizmləri müəyyən edilmiş, konkret addımlar atılmışdır. 

Bu günlərdə, 4 sentyabr 2024-cü il ta­rixində AMEA A.Bakıxanov adına Tarix və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə bir neçə xarici ölkə alimlərinin və aka­demiyanın əlaqədar institutlarının iştirakı əsasında keçirilmiş I Şah İsmayıl Xətai Simpoziumunun təşkili azərbaycançılıq və ədəbi-tarixi şəxsiyyətlərə qayıdış konsep­siyasının həyata keçirilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu istiqamətdə apa­rılan davamlı yeniləşmə AMEA-nın elmi tədqiqat institutları arasında elmi fəaliy­yətin təşkilində koordinasiyanın güclən­məsinə və konkret nəticələrin alınmasına imkan yaratmışdır. 

(ardı var)

Füzuli QURBANOV,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: